Seksual razılıq yaşı konkret şəxsin qarşı tərəflə heç bir məhdudiyyət olmadan intim əlaqədə olmaq üçün müəyyən edilən yaş həddidir. Avropa ölkələrində bu yaş həddi 14 -18 il arasında dəyişir.
Bütün Avropa ölkələrinin qanunvericiliyi həm oğlan, həm də qızlara, o cümlədən heteroseksual və homoseksuallara eyni seksual razılıq yaşı müəyyən edib.
Arazinfo.com Modern.az-a istinadən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdəki seksual razılıq yaşını təqdim edir.
Azərbaycanda seksual razılıq yaşı 16 yaşdır. 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə daxil olmaq isə cinayət işinin açılmasına səbəb olur. Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Keçmiş Sovet respublikalarından olan Belarusda da seksual razılıq yaşı 16 müəyyən olunub. 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq Cinayət Məcəlləsinin 167-ci maddəsinə əsasən, 4 il müddətində həbslə cəzalandırılır.
Qonşu Gürcüstanda seksual razılıq yaşı 16-dır. Bu yaşa çatmayan şəxslə əlaqədə olmaq Cinayət Məcəlləsinin 140 və 141-ci maddələrinə əsasən, 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırlır.
Ermənistanda da seksual razılıq yaşı 16 müəyyən edilib. Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq 4 ilə qədər həbslə cəzalandırılır.
Macarıstanda seksual razılıq yaşı 14-dür. Amma bu yaşa çatmayan şəxslə 18 yaşı tamam olmuş şəxs arasında cinsi əlaqə olarsa, yetkinlik yaşına çatmış şəxs 1 ildən 5 ilə qədər azadlıqdan məhrum ediləcək.
Qazaxıstanda seksual razılıq yaşı 16 yaşdır. Bu yaşdan aşağı şəxslə cinsi əlaqəyə daxil olmaq 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Almaniyada seksual razılıq yaşı 14-dür. 14 yaşa çatmayanla cinsi əlaqəyə girən şəxs ağırlıq dərəcəsindən asılı olaraq 6 aydan 10 ilə kimi azadlıqdan məhrum ediləcək. Bununla bağlı Cinayət Məcəlləsində 176 və 182-ci maddələrin tələblərindən istifadə olunur.
Rusiyada seksual razılıq yaşı 16 təşkil edir. Amma 14-16 yaş arasında şəxslərlə cinsi əlaqəyə girmək yalnız həmin şəxslərin cinsi yetişkənlik dövrünə çatmadığı halda cinayət məsuliyyəti doğura bilər. Cinsi yetişkənliyi yoxlamaq isə Səhiyyə Nazirliyinin ekspertlərinə həvalə olunur.
Türkiyədə cinsi razılıq yaşı 18 təşkil edir. Cinayət Məcəlləsinə əsasən, 15, 16 yaxud 17 yaşı olan şəxs özündən 5 yaşdan az fərqdə böyük vətəndaşla cinsi əlaqədə olarsa, yalnız şikayət əsasında məsuliyyətə cəlb oluna bilər. Bu zaman 6 aydan 2 ilə qədər həbs cəzası tətbiq olunur. Əgər həmin şəxsin yaşı yetkinlik yaşına çatmayan şəxsin yaşından 5 ildən çoxdursa, ondan cəzanın müddəti 2 qat artırılır. Türkiyə Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən, 15 yaşı çatmayan şəxslə cinsi əlaqədə olmaq 3 ildən 8 ilə qədər həbslə cəzalandırılır.
ABŞ-da seksual razılıq yaşı ştatlardan asılı olaraq dəyişir. Belə ki, 29 ştatda və Kolumbiya dairəsində seksual razılıq yaşı 16, doqquz ştatda 17 və 12 ştatda isə 18-dir. Ölkədə yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqəyə daxil olmağa görə 7 ildən ömürlük azadlıqdan məhrumetməyə kimi sərt cəzalar tətbiq edilir. Sərt hökmlər, adətən, yetkinlik yaşına çatmayan şəxsin partnyorundan azı 5 il kiçik olduğu hallarda tətbiq edilir.
Dünyada ən aşağı seksual razılıq yaşı rəsmi olaraq Anqolada mövcuddur. Bu ölkədə 12 yaşı tamam olan şəxs cinsi əlaqəyə girməyə razılıq verə bilər. Eyni qanun Meksikanın 5 ştatında da qüvvədədir.
İran, Liviya, Səudiyyə Ərəbistanı, Pakistan, Əfqanıstan, Oman, Yəmən, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə isə seksual razılıq yaşı mövcud deyil. Bu ölkədə yalnız evli şəxslər cinsi əlaqəyə girə bilər.