Parlament yeni Ombudsmanı seçdi

0
557

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev çıxış edərkən əvvəlcə əvvəlki Ombudsman Elmira Süleymanovanın fəaliyyətinə tənqidi yanaşdı.

Deputat dedi ki, xüsusilə də xalq arasında arasında “Tərtər işi” adlanan cinayət işinin istintaqı zamanı bizim bəzi hərbçilərin ermənilərə işlədiyi, sonradan bəzi şəxslərin işgəncələrə məruz qalması barədə məlumatlar yayıldı: “Bu zaman Ombudsman xüsusi diqqət göstərməli idi. İşgəncələr nəticəsində həyatını itirən insanlar olub. Çox təəssüf ki, bu barədə cəmiyyətə məlumat verilmədi”.

Q.Həsənquliyev dedi ki, Ombudsman olan şəxs ictimai-siyasi proseslərdən məlumatlı olmalıdır. Bundan sonra deputat namizədlər barədə müsbət fikirlər söylədi. “Mən özüm Səbinə xanıma üstünlük verirəm, hesab edirəm ki, Siyavuş müəllim (Siyavuş Novruzov-E.P. ) də ona dəstək ola bilər”, Q.Həsənquliyev bildirdi. Q.Həsənquliyev onu da dedi ki, Ombudsman haqqında qanuna dəyişiklik etməliyik: “Ombudsmanın səlahiyyət müddəti iki ildir başa çatıb, ancaq biz hələ də yenisini seçməmişik. Ona görə də elə etməliyik ki, yeni Ombudsman əvvəlki Ombudsmanın 7 illik səlahiyyət müddəti başa çatmazdan öncə seçilsin. Ona görə də qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır”.

Deputat Azər Badamov da yeni Ombudsman vəzifəsinə Səbinə Əliyevanın ən layiqli namizəd olduğunu bildirdi.

 Komitə sədri Əli Hüseynli də S.Əliyevanın daha şanslı namizəd olduğunu dedi.

Səsvermə nəticəsində S.Əliyeva 104 səs topladı və yekdilliklə yeni Ombudsman seçildi. Digər namizəd Kəmalə Əliyevaya 10 səs lehinə, 28 əleyhinə səs verdi. Spiker səs verməyənlərə irad tutdu: “Təkrar səs verin”. Bu dəfə 14 lehinə, 69 əleyhinə oldu. Kəmalə Abıyevanın lehinə 13, əleyhinə 66 deputat səs verdi.

Spiker yeni Ombudsmanı təbrik etdi. Bundan sonra Səbinə Əliyeva Ombudsman kimi and içdi.

Qeyd edək ki, Hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və millət vəkili Yaşar Əliyevin qızıdır.

E.Paşasoy,
Musavat.com