Məşhur aktrisa SİRLƏRİNİ AÇDI: “İntim səhnələr, pis-pis təkliflər…” – MÜSAHİBƏ

0
1094

Kinolara çəkilsə də, özünü teatr aktrisası sayır və özünü səhnədə daha rahat hiss edir. Adətən komik rollarda yer alsa da, daha çox dramatik obrazlarda tamaşaçı qarşısına çıxmaq arzusundadır.

 

Arzuları bitirib-tükənməyən Bakı Bələdiyyə Teatrı və Parni iz Baku KVN Teatrının aktrisası Nigar Babayevanın Publika.az-a müsahibəsini təqdim edirik.

– Həm filmlərə çəkilirsən, həm də teatr səhnəsində çıxış edirsən. Harada özünü daha rahat hiss edirsən, səhnədə, yoxsa çəkiliş meydançasında?

– Hələ Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində təhsil alanda elə bilirdim ki, kino mənə daha yaxındır. Amma teatrda işə başlayandan sonra fikrim dəyişdi. Yeri gəlmişkən, onu da deyim ki, müəllimim xalq artisti Firəngiz Mütəllimova olub. Film belədir ki, rejissor istədiyini ala bilməsə, 5-6 dubl da çəkə bilər. Amma teatr canlı ünsiyyətdir, səhnəyə çıxıb oynayırsan. Kinoda səhvi başqa dublla düzəltmək olar, amma gərək teatrda səhv buraxmayasan.

 

– Eşitdik Parni iz Baku KVN Teatrının ekranlaşdırdığı “Ölülər 21-ci əsrdə” filmində rol almısan. Rolun ürəyincədir?

– Poçtalyon Rəna rolunda çəkilmişəm. Rolumu görüb dəyərləndirərsiniz.

 

– Özünü hansı janrda daha gözəl ifadə edə bilirsən, komediyada, yoxsa dramda?

– Həmişə komik rollara çəkilirəm, amma dram mənə daha yaxındır. Bələdiyyə Teatrının səhnələşdirdiyi “Məkr və məhəbbət” tamaşasında baş rolda oynadım, hər kəs şok oldu ki, komik bir aktrisa dramatik obrazı necə məharətlə yarada bildi. İstərdim ki, rejissorlar mənə dramatik rollar təklif eləsin.

 

– Bu günlərdə bir həmkarın narazılıq etdi ki, peşəkar aktrisalar qalıb qıraqda, küçədən kimisə gətirib seriala çəkirlər. Sən də bunun əleyhinəsən?

– Bəli. Qeyri-peşəkar dərhal özünü büruzə verir. Hətta epizodik rolda oynasa da belə. Bu da tamaşaçını qıcıqlandırır.

– Nigar, bir aktrisa olaraq özünə qadağaların varmı?

– Əlbəttə var..

 

– Məsələn?

– Heç vaxt açıq-saçıq səhnədə çəkilməyə razılıq vermərəm.

 

– Niyə?

– Azərbaycanda intim səhnələrə çəkilmək mümkün deyil. Çəkilən çəkilir e, amma mən istəmirəm. Buna hazır deyiləm.

 

– Şəxsi həyatına mane ola biləcəyindən ehtiyatlanırsan?

– Yox, sadəcə olaraq xasiyyətimə yaddır.

 

– Gənc, subay, tanınmış aktrisasan, yəqin ki, sevgi elan edənlər çoxdur? Reaksiyan necə olur?

– Yazırlar, amma heç birini cavablandırmıram. Bilirəm ki, salamlarına cavab verdimsə, keçəcəklər başqa suallara. Söhbəti uzatmıram.

 

– Bəlkə elə bu söhbət xoşbəxt sonluqla bitdi?

– Sosial şəbəkə vasitəsi ilə tanışlığın xoşbəxt sonluğuna inanmıram. Belə münasibətlərə qeyri-ciddi baxıram.

 

– Ailə quracağın oğlan səni sənətdən ayırsa, bəs, razılaşarsan?

– Bu, mümkün deyil, məni seçən sənətimlə bərabər seçməlidir.

 

– Birdən elə olmadı, onda ömürlük subay qalacaqsan?

– Yəqin ki…

– Sevdiyin oğlan var?

– İstəmirəm şəxsi həyatım barədə danışım. Çünki bir dəfə nəsə demişdim, onu da başlığa çıxarmışdılar. Çox pis nəticəsi oldu. Düzgün anlaşılmadı, hərə bir tərəfdən düşdü üstümə.

 

– Sosial şəbəkələrdə elə şərhlər olubmu ki, səni son dərəcə özündən çıxarsın?

– O qədər olur. Mənə pis-pis təkliflər edirlər, hətta söyüş yazırlar.

 

– Reaksiyan necə olur, yəqin, gözünün yaşına güc verirsən?

– Onlar qara siyahıdadır. Həm də artıq öyrəşmişəm belə şeylərə.

 

– Hollivud aktrisalarına baxırsan, hamısı lüks həyat yaşayır. Onları görəndə nə düşünürsən?

– Hollivud o tərəfdə qalsın qardaş, Türkiyənin aktrisaları lüks həyat yaşayır. Bizdə vəziyyət çox acınacaqlıdır. Sağ əlləri bizim başımıza. Teatrda aldığımız məvacib çox azdır, buna görə də aktyorlar məcbur olub seriallara, reklam roliklərinə çəkilir.

 

– Maraqlıdır, daha çox nəyə pul xərcləyirsən?

– Geyimə. Ən çox da çanta və ayaqqabılara.

– Ən bahalısının qiymətini açıqlayardın?

– Yox, amma çantalarım brend olur. Paltarlarda brend o qədər də önəmli deyil.

 

– Yeni mövsümdə hansı yeniliklər gözlənilir?

– “Üç badam bir qoz” filminə çəkilməliyəm. Çəkiliş başlasın, sonra bu barədə danışaram. Seraillardan hələ ki, təklif almamışam. Teatrda da yeni mövsümdə yəqin ki, işimiz çox olacaq.

 

– Elə bir aktyor varmı ki, onunla tərəf-müqabili olmaq arzusu ilə yaşayırsan?

– Azərbaycanda o aktyor Rasim Balayevdir. Əcnəbilərdən isə Leonarda De Kaprio sevdiyim aktyorlardandır.

 

Cəvahir

 

Fotolar: Elçin Murad

 

* Fotoları təqdim edirik

BIR CAVAB BURAXIN