MÜƏLLİM UCALIĞI

0
643

  “Mən müəllim adından yüksək ad tanımıram!” Ümummilli lider Heydər Əliyev.

 “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır!” Mustafa Kamal Atatürk.

   Müqayisəni sevirəm. Ən çox da dünyanın aparıcı xalqları ilə öz xalqım arasında  bir müqayisə aparıram. Bu müqayisələr zamanı vaxt olub aylarla araşdırmalar edib, qeydlər götürmüşəm. Sevindirici haldır ki, bütün bu müqayisələrin nəticəsində öz xalqımızı, adət-ənənələrimizi zirvədə görmüşəm hər zaman. Müxtəlif peşələrə, müxtəlif sahələrə diqqət yetirəndə görmüşəm ki, digər xalqlardan bizi fərqləndirən bir üstün cəhət var. Bu üstün cəhət isə təkcə bizim millətə aiddir. Astronomiya elmində ixtiraları ilə bu gün də dünyada öyrənilən Nəsrəddin Tusi mənim xalqımın oğludur, dünya poeziyasının günəşi Nizami Gəncəvi mənim xalqımın oğludur. 14 yaşında hakimiyyətə gələn, böyük dövlət qurucusu olan Şah İsmayıl Xətai mənim xalqımın oğludur. Dünyanın qibtə etdiyi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu xalqın oğludur. İkinci dünya müharibəsində ilk sovet qəhrəmanı İsrafil Məmmədov bu xalqın oğludur, Mübariz İbrahimov, Polad Həşimov və adlarını saymaqla bitməyən qəhrəman oğullar bu xalqın övladlarıdır. Nəhayət, bütün xalqların həsəd apardığı dahi siyasətçi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının oğludur. Necə fəxr etməyəsən bu xalqla? Necə qürur duymayasan bu ölkə ilə? Bəli, həqiqətən də qürurverici bir xalqın nümayəndəsiyik!

Hz. Əli demişdir: “Mənə bir hərf öyrədənin köləsi olaram”. Bu aspektdən yanaşaraq müqayisə etdiyim mövzulardan biri də Azərbaycan müəllimidir. Əgər bir xalqın bu qədər ziyalısı, dahi şəxsiyyəti varsa, demək onların həyat yoluna öz elm çırağından nur bəxş edən  müəllimi var.

   “Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir”. (Viktor Hüqo). Bəli, bu xalqın müəllimi də qürurverici və fərqlidir. Nədir bu fərqlilik? Var savadlı şagird yetişdirmək, var savadlı övlad yetişdirmək. Bax, bizim müəllimi fərqləndirən cəhət də məhz budur. Şagirdə valideyn nəvazişi göstərmək bizim müəllimə məxsus olan bir xüsusiyyətdir. Bunun nəticəsidir ki,  Azərbaycan xalqında hər zaman müəllimə qarşı böyük ehtiram hissi oyaq olub.

   Haqqında bəhs edəcəyim, müəllim adını uca tutan ziyalılarımızdan biri də dil-ədəbiyyat ixtisasını tədris edən Mərziyyə Baxşəliyevadır. Ölkəmizdə təqdir olunası müəllimlər şükürlər olsun ki, çoxdur. Haqqında danışdığım  Mərziyyə müəllimi digər müəllimlərdən fərqləndirən cəhət isə maraqlıdır. Mərziyyə Baxşəliyeva Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 14 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini, dil-ədəbiyyat müəllimidir. Peşəsinin vurğunu olmaqla yanaşı həm də bütün insani keyfiyyətləri özündə birləşdirən bir ziyalıdır. Ancaq bu fərqlilik deyil. Fərqli cəhətinə gəlincə isə Mərziyyə müəllim  ömrünü demək olar ki, ədəbiyyata, xüsusilə poeziya həsr edib. Bunun nəticəsidir ki, bu gün tanınmış bədii qiraət ustasıdır. Onun səsləndirdiyi şeirlər ürəyindən süzülüb gələn saflığın bariz nümunəsidir. İnanmıram ki, onun ifasında şeir dinləyən dinləyici həmən şeiri təkrar-təkrar dinləməsin.

    Pedaqoji fəaliyyətilə əlaqədar şagirdlərə müəllim olmaqla yanaşı həm də əsl ana qayğısını sərgiləyib və bu gün də öz sevimli peşəsinin müsəlləh əsgəridir. Mərziyyə müəllim deyir: “Hər bir şagird mənə öz balam qədər əzizdir. Mən şagirdi öz övladım kimi görməsəm, ona dərsləri izah edə bilmərəm. Şagird müəllimi sevdiyi üçün hörmət qoyarsa o, mütləq əlaçılar sırasında addımlayar”.

   Mərziyyə müəllimin yetişdirdiyi şagirdlər arasında müxtəlif sahələrdə çalışan gəncləri görmək olar. Təkcə çalışdığı məktəbdə üç şagirdi: Ə. Aysel-dil-ədəbiyyat müəllimi, M. Fuad-hərbi rəhbər və M. Mərziyyə-ibtidai sinif müəllimi kimi  bu gün də Mərziyyə Baxşəliyevanın özü ilə çiyin-çiyinə addımlayırlar. Belə ziyalıları yetişdirən də müəllimdir. Və əminliklə deyə bilərəm ki, bu gündən sonra da Mərziyyə müəllimin yetişdirdiyi  şagirdlər sabahın Mərziyyə Baxşəliyevasıdır.

   Mərziyyə Baxşəliyeva eyni zamanda  bir neçə elmi və bədii kitabların redaktorluğunu öz üzərinə götürüb və qüsursuz şəkildə icra edib. Bunlara misal “Abituriyentlər üçün vəsait” adlı elmi kitab, “Tənhaların duası” adlı bədii kitab və s.

  Sonda isə demək istərdim ki, nə qədər Mərziyyə müəllim kimi müəllim adının şərəfini ucaldan müəllimlər var, bu xalqın alimi, ixtiraçısı, ziyalısı yetişəcək. Müəllim adını ucaldan müəllim, uca ol hər zaman!

Şair-publisist:  Eltun Türkel        

BIR CAVAB BURAXIN