2017.02.04. 09:00
Qarabağ məsələsində Rusiya prezidentinin aydın bir mövqeyi formalaşıb. Rəsmi Moskvanın siyasi elitasında və hərbi rəhbərliyində Azərbaycanla münasibətləri strateji planda yüksək səviyyədə saxlamaq istəyənlərin sayı çoxdur. Bununla belə, Lavrovun planı bütövlükdə meydanı Ermənistana vermək, işğalı tanımaq, Azərbaycan əleyhinə regionda separatizmi 1990-cı illərdəki kimi gücləndirmək, yaxud da yeni dövlətlər qurmaqdan ibarətdir. Təhlükəli ssenaridir və ikibaşlı dəyənəkdir, bu planın müxtəlif yanları mütləq bizdən ötərək o dövlətlərin özünə dəyəcək.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, qarşıda danışıqların predmetiv keçəcəyinə əminlik yoxdur:
“Qarabağ danışıqları faktiki olaraq 7 aydır vasitəçilər arasında dayandırılıb. Epizodik cəhdlər olsa da, Aprel döyüşlərindən sonra ölkə rəhbərinin qəti iradəsi və yeni formalaşan hərbi siyasi vəziyyəti danışıqlara gətirmək mövqeyi Ermənistan tərəfindən müxtəlif müqavimətlərlə qarşılaşır. Bir tərəfdən Obama dövrünün son ayları Rusiya ilə savaşın kuliminasiya nöqtəsinə çatdı. Rusiya və ABŞ arasında da konflikt Qarabağ məsələsinə təsir etdi. Onsuz da bizə bəlli idi ki, 1990-cı illərdən bu yana regional münaqişələr beynəlmiləlləşib və nəticədə bir neçə maraqlar elə şəkildə çulğalaşıb ki, hazırkı dövrdə hətta danışıqları hərbi qüvvələr aparır, münasibətləri silahlar aydınlaşdırır. Əslində, Minsk Qrupu formatı heç zaman indiki qədər etimadsızlığa uğramamışdı. Yəni bu şəraitdə nə Sankt-Peterburq görüşləri, nə də ondan əvvəlki proseslər bir nəticə verməyibsə, hansı yeni prinsiplər məsələni irəliyə apara bilər? Görünür, Məmmədyarovun Lavrovla danışıqları çox da nizamlı keçməyib”.
Z.Orucun fikrincə, Putinin hazırkı dövr qlobal Rusiya maraqlarına ən böyük zərbəni vuran qüvvələrdən biri də məhz Sergey Lavrovdur:
“Rusiya maksimum cəhd etdi ki, 2016-cı ilin ortalarına doğru bölgədə müəyyən qədər dəyişikliklər aparsın, xüsusilə də Şimal layihəsi həyata keçirilsin və Azərbaycanın işğaldakı bir neçə rayonu İrana kommunikasiyaların açılması üçün işğaldan azad edilsin. Ancaq sonrakı dövr erməni tərəfi müxtəlif təxribatlarla buna mane olmağa çalışdı. Rusiyada onlara dəstək verən qüvvələr də mövcud oldu. Xüsusən də Lavrovun idarəsi 30-dan çox erməninin işlədiyi bir struktura çevrilib. Əslində, Putinin hazırkı dövr qlobal Rusiya maraqlarına ən böyük zərbəni vuran qüvvələrdən biri də məhz Sergey Lavrovdur. Qarabağ məsələsində Rusiya prezidentinin aydın bir mövqeyi formalaşıb. Rəsmi Moskvanın siyasi elitasında və hərbi rəhbərliyində Azərbaycanla münasibətləri strateji planda yüksək səviyyədə saxlamaq istəyənlərin sayı çoxdur. Bununla belə, Lavrovun planı bütövlükdə meydanı Ermənistana vermək, işğalı tanımaq, Azərbaycan əleyhinə regionda separatizmi 1990-cı illərdəki kimi gücləndirmək, yaxud da yeni dövlətlər qurmaqdan ibarətdir. Təhlükəli ssenaridir və ikibaşlı dəyənəkdir, bu planın müxtəlif yanları mütləq bizdən ötərək o dövlətlərin özünə dəyəcək”.
Millət vəkili bildirib ki, Qarabağ məsələsi faktiki olaraq Rusiyanın təhlükəsizliyinin ayrılmaz bir hissəsinə çevrilib:
“Belə olan təqdirdə yeni müharibə olmasa da, hər hansı bufer zona adlandırılan ərazidə dəyişiklik Azərbaycanın güclənməsinə səbəb ola bilər kimi nəticələr doğurdu. Onlar düşündülər ki, hərbi qüvvələrimizin nəzarət etdiyi yüz hektarlarla böyük bir məkan yenidən Azərbaycan ərazisinə qaytarılıbsa, bu, 5-6 rayon olarsa, onda proses necə cərəyan edəcək. Yeri gəlmişkən, Qarabağın dağlıq hissəsi ilə müqayisədə ermənilərin ələ keçirib özlərinə təhlükəsizlik qovşağı yaratdıqları ərazilər hərbi taktiki baxımdan daha önəmlidir. O baxımdan ki, Azərbaycan o bölgədə nəzarəti ələ alsa, Qarabağda savaş olmadan da o torpaqları qaytarmaq mümkün olacaq”.
Z.Oruc hesab edir ki, Rusiyanın hazırkı dövrdə bölgəyə təklif edə biləcəyi sənəd Vaşinqton-Moskva münasibətlərindən asılıdır:
“Düşünürəm ki, danışıqlar prosesi bərpa olunarsa, bu, prezidentlərin görüşlərə razılıq verməsi demək olacaq. Əgər Donald Tramp inqilabi prosesləri dayandırmaq və Amerika hökmranlığı ilə bağlı fərqli bir xarici siyasət doktrinası mövqeyini davam etdirə bilsə, ölkədaxili üsyanlardan qorunsa, bu halda çox mümkündür ki, Rusiya öz maraqlarını ifadə edən bir həll variantı irəli sürsün. Çünki Moskvada da yaxşı bilirlər ki, prosesi 1990-ci illərdən sonrakı dövrdəki kimi yalnız əmrlə durdurmaq mümkün deyil. Bölgə silahlanıb və mütləq toqquşmaya səbəb olacaq. Yəni artıq güc öz tətbiqini istəyəcək və yalnız təlim meydanlarında məşq etməklə məsələ bitməyəcək. Ona görə də Rusiya yəqin ki, qarşıdakı beynəlxalq vəziyyəti bir az da dərindən təhlil edib, Suriyadakı proseslərdə dil tapacaqlarını yəqinləşdirəndən sonra Qarabağla bağlı formul təklif edəcək”.