HRW bu dəfə Azərbaycan haqqında nə deyib?

0
597

Azərbaycanda ictimai fəalların həbsi artıb. Bunu ABŞ mənzilli beynəlxalq insan haqları təşkilatı HRW – human rayts voç son hesabatında deyir.

Human Rayts Voç deyir ki, Azərbaycanda narazılıq güclənib. Devalvasiya, inflyasiya, referendum. Bunlar camaatı narazı salıb. Hesabata görə, il girəndən 20 siyasi fəal həbs olunub. Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazan gəncləri həbs eləyiblər, soyundurub döyüblər, hədələyiblər ki, sizi zorlayacağıq.

Human Rayts Voç daha sonra deyir ki, mühafizəkar şüaların yaşadığı Nardaranda, hökuməti tənqid edən 68 nəfəri həbs eləyiblər. Müsəlman Birliyinin sədri Taleh Bağırovu, başqa 17 nəfəri dövlət çevrilişinə cəhddə, qanunsuz silah saxlamaqda, çevrilişə cəhddə günahlandırırlar. Azərbaycan hökuməti bu tutulanların hamısının hansısa qanunu pozduğunu deyir.

 

YAP-çı deputat: “HRW-u ciddiyə almırıq”

Hakim partiyadan deputat Məlahət İbrahimqızı Azadlıq A-live-a müsahibəsində deyir ki, Human Rayts Voçu Azərbaycana qarşı qərəzli hesab edirlər, hesabatı da ciddiyə almırlar: “Bu təşkilat neçə illərdir ki, qərəzli mövqe tutur. Dünyada hər bir təhlil müqayisə ilə verilir. O təşkilatlar Orta Doğuda onlarla terror qrupları, Ukrayna baş verənlər, Aralıq dənizində suda batan yüz minlərlə qaçqın, uşaqlar, körpələr, qadınlara batanlar var onlara münasibət bildirsinlər. Ya Amerikanın özündə qaradərililərə münasibətdən danışsınlar”.

Human Rayts Voç bütün dünyada insan haqlarını araşdırır

Təşkilatın proqram direktoru Philippe Dam miqrantlarla bağlı yazır: “Miqrantların yerləşdirilməsi Avropaya utanc gətirir. Avropa Birliyi ilkin mərhələdə Yunanıstan və İtaliyadan 160 min qaçqını yerləşdirməyə söz vermişdi amma bu sonra üç dəfə azaltdı”.

Human Rayts Voç-un Azərbaycanla bağlı hesabatında sonra deyilir ki, Qoy Amerika Azərbaycan məmurlarına viza verməsin, qoymasın onları ölkəsinə gəlməyə. Cəzalandırsın. Təşkilat bildirir ki, onda Azərbaycan hökuməti fəallara daha az hücum edəcək. Həm də təklif edir ki, neft ucuzlaşıb, Qərb bundan istifadə eləsin – Azərbaycan yardım istəyəndə ona təzyiq eləsin.

 

Human Rayts Voçun əməkdaşı Giorgi Gogia:Neft ucuzlaşanda, iqtisadiyyat pisləşəndə, manat ucuzlaşanda gözlənti var idi ki, Azərbaycan vətəndaş cəmiyyətinə təzyiqləri azaldacaq. Çünki bu halda onun beynəlxalq dəstəyə heç zaman olmadığı qədər ehtiyacı olacaq. Amma təəssüf ki, bu baş vermədi. Hökumətin həbsləri, amansız hücumları davam etdi”.

O ki qaldı hökumətin bu hesabatı ciddiyə almamasına, Gogia deyir ki, hökumət əslində imicindən narahatdır – belə olmasaydı, onda meqalayihələrə milyonlar tökməzdi. “Hökuməti bu hesabatlar dərindən narahat edir, odur ki, beynəlxalq təşkilatlar səylərini birləşdirməlidirlər”Gogia bildirir.

BIR CAVAB BURAXIN