Yoxsulluq artır

0
1133

arxiv

Yoxsulluq səviyyəsi, azı, 2 faiz artıb

Ekspertin fikrincə, bu il hökumətin öncəlikli qayğısı aztəminatlılar deyil, yoxsul İslam ölkələridir

Azərbaycanda ünvanlı sosial yardım alan şəxslərin sayı ölkə əhalisinin 6,98 faizinə çatıb. Bir il əvvəl ölkədə rəsmi yoxsulluq səviyyəsi 4,9 faiz idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, son bir ildə yardım təyin olunan ailələrin sayı 55,5 faiz artıb.

YARDIMA MÖHTAC AİLƏLƏR ÇOXALIB

Yanvar 1-nə 163 min 300 ailənin 684,3 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. Əvvəlki illə müqayisədə yardım alanların sırasına daha 58 min 300 ailə və ya 225,4 min nəfər qoşulub.

Ötən ilin əvvəlinə ünvanlı sosial yardım alan şəxslərin sayca ölkə əhalisinin 4,7 faizi olduğu və yardıma ehtiyac duyanların heç də hamısının buna nail olmadığı nəzərə alınsa, hazırda ölkədə yoxsulluq səviyyəsinin 6,98 faiz deyil, daha yüksək olduğunu düşünmək mümkündür.

BİR ADDIM GERİ

Ünvanlı dövlət sosial yardımı o ailələrə təyin olunur ki, onların adambaşına düşən aylıq gəliri hər il yenidən baxılan ehtiyac meyarına uyğun gəlsin. Ötən il onun məbləği 105 manat, bu ilsə 116 manatdır. Hökumətin ehtiyac meyarının mərhələlərlə yaşayış minimumuna çatdırmaq öhdəliyi var. Bunu «Yaşayış minimumu haqqında» və «Ünvanlı dövlət sosial yardımı haqqında» qanunlar tələb edir. Bundan başqa, hökumət sahibkarlar və həmkərlar təşkilatları ilə bağladığı Baş Kollektiv Sazişə əsasən, bu prosesi qısa zamanda tamamlamağa boyun olub.

Ancaq son bir ildə vəziyyət yaxşılaşmaq əvəzinə, daha da pisləşib. Ötən il ehtiyac meyarı yaşayış minimumunun 80,2 faizi səviyyəsində idisə, bu il həmin göstərici 74,8 faizə düşüb. İqtisadiyyat Nazirliyinin məlumatında belə deyilir.

EKSPERT: “YOXSULLAR YOX, OYUNLAR”

Rəsmi hədəfin yoxsulluğun azaldılması olduğunu deyən iqtisadçı Qubad İbadoğlu ona da diqqət çəkir ki, əslində, bu problem hakimiyyəti heç də qayğılandırmır. O, misal kimi, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə qatılmaq üçün Azərbaycanın maddi imkansız bəzi dövlətlərin xərclərini öz üzərinə götürmək planlarını göstərir:

«İqtisadi böhran zamanı əhalinin sosial müdafiəsini gücləndirmək zərurəti önə çıxdığı bir şəraitdə nəinki sosial təminat və sosial müdafiə sahələrində əlavə tədbirlər həyata keçirilir, hətta böhranın maliyyə yükü vətəndaşların üzərinə qoyulur».

AHİK TƏLƏB ETSƏ

Ekspert dövlət büdcəsinin mövcud parametrləri daxilində də ehtiyac meyarının (116 manat) yaşayış minumumuna (ölkə üzrə 155 manat) çatdırmaq üçün mənbələr tapmağın mümkünlüyü qənaətindədir: «Düşünmürəm ki, bu məsələ maliyyə imkansızlığından qaynaqlanır. Hökumətin marağı olsa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) də ondan tələb etsə, bunu qısa zamanda etmək mümkündür». Qubad İbadoğlu əlavə edir ki, baş verənlərin kökündə vəzifələrinin öhdəsindən gəlməyən AHİK-in «dişsizliyi» də dayanır.

“RƏSMİ YOXSULLAR”

Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə 8 illik dövlət proqramının icrası 2015-ci ildə tamamlanıb. Hökumət 2008-ci ildən 2015-ci ilədək yoxsulluğun 13,2 faizdən 4,9 düşdüyünü deyir. Müstəqil təhqiqatlar aparılmasa da, qeyri-hökumət təşkilatları və müxalif siyasətçilər ölkədə yoxsulların daha çox olduğunu iddia edirlər.

Hələlik, Dövlər Statistika Komitəsi ötən il üzrə yoxsulluq səviyyəsini açıqlamayıb. Qurumda AzadlıqRadiosuna deyiblər ki, müayinələr mart ayında tamamlanınca, bu göstərici bilinəcək.

BIR CAVAB BURAXIN