Ermənistan ordusunda generalların savaşı: Sarkisyan devrilə bilər

0
558

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılan qondarma “DQR”-in keçmiş “müdafiə naziri” Samvel Babayanın xaricdən ölkəsinə dönməsi düşmən ölkəndə daxili siyasi intriqanı gücləndirib.

Publika.az xəbər verir ki, S.Babayanın qondarma “DQR”-in yenidən “müdafiə naziri” təyin olunması təklifləri səsləndirilir. Bir neçə gün öncə Xankəndində minlərlə insan Babayanın bu vəzifəyə gətirilməsi tələbi ilə çıxış edib.
Bu tələblə çıxış edən deputat Ayk Xanumyan “DQR” “rəhbəri” Boko Sakyanın bandası tərəfindən döyülüb.
Ermənistan mediasına yayılan xəbərlərə görə, İrəvan hakimiyyəti S.Babayanın ordunu öz tərəfinə keçirəcəyindən qorxur. Məlumata görə, onun iyunun 5-də Xankəndinə gələrək, “dördgünlük müharibədə” məğlubiyyətə görə hakimiyyəti sərt tənqid etməsi, ardınca insanların ona dəstək aksiyası keçirməsi Sarkisyan hakimiyyəti tərəfindən narazılıqla qarşılanıb.
Hazırda hakimiyyət Babayanı neytrallaşdırmaq üçün ona qarşı müxtəlif üsullara əl atmağı planlaşdırır. İddialara görə, Babayana qarşı cinayət işi açıla bilər.
“Epress” saytı Ermənistan ordusu içində dəri çatların yarandığını yazıb.
“Xüsusilə aşağı rütbəli zabitlər Babayanı dəstəkləyir. Çünki onlar da yuxarı rütbəli zabitlərin özbaşınalığından bezib. Bu vəziyyət ordu içində mənfi tendensiyalara yol aça bilər”, – deyə sayt bildirib.
“Veteranlar ittifaqı”nın üzvü Samvel Ovsepyan da Babayanın müdafiəsinə qalxıb və bildirib ki, Müdafiə Nazirliyi suallara cavab verməlidir: “Çünki heç kəs deyə bilməz ki, müharibə başa çatdı. Əksinə müharibə yenidən davam edəcək. Buna görə də hər kəs səhvinin cavabını verməlidir”.
Ovsepyan dolayısı ilə veteranların da Babayanı dəstəklədiklərinə diqqət çəkib.

BIR CAVAB BURAXIN