Bakıda avtobus sərnişini cibgiri “iş başında” tutdu

0
294

Bu, onun ilk “əl işi” deyildi. Əslində, avtobuslarda cibgirlik etməyi çoxdan özünə peşə seçmişdi. Buna görə dəfələrlə həbsxanaya da düşmüşdü. Amma əli ilə “bacara” bilmirdi. Türmədən yenicə azadlığa buraxılan keçmiş məhkum əllərinə sahib çıxa bilmədiyindən, yenidən kameraya dönməli oldu. Bu dəfə uzun müddətə…

Bakı Ağır Cinayətlər Məhkəməsində 39 yaşlı Yevlax rayon sakini Namiq Bəkirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Uzun illər məhkumluq həyatı yaşayan Namiq Bəkirov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Namiq Bəkirov əvvəllər iki dəfə talama cinayəti törətdiyinə görə həbs olunub. Sonuncu dəfə ötən ilin iyul ayında cəzasını çəkərək azadlığa buraxılıb. Amma cəmi 3 ay sonra eyni əməli törədən, daha doğrusu, buna cəhd edən N.Bəkirov təkrar həbsxanaya qayıtmalı olub. Belə ki, 4 oktyabr 2015-ci ildə 96 saylı avtobusda Əşrəf Hacağayevin cibindən 161 manat pulu çıxarmaq istəyərkən sonuncu onun əlindən yapışıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Bəkirov ifadə verməkdən imtina edib, ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib, cinayət törətmədiyini deyib.

Zərərçəkmiş Əşrəf Hacağayev ifadəsində hadisə baş verən gün 96 saylı marşrutla “20 Yanvar” metrosundan “Şamaxinka” istiqamətinə getdiyini göstərib: “Avtobusda çoxlu sərnişin olduğundan, ayaq üstə dayanmışdım, sol əlimlə tutacaqdan tutmuşdum. Avtobus yerindən tərpənməmiş bir nəfər qarayanız şəxs avtobusa mindi, mənim yanımda, sağ tərəfdə dayandı. Hiss etdim ki, həmin şəxs əlimi şalvarımın yan cibinə salıb pul axtarır. Əlimlə onun əlini tutub möhkəm sıxdım. O isə qışqırıb ətrafdakılardan kömək istəməyə başladı”.

Zərərçəkmişin ifadəsinə görə, ətrafdakılardan kimsə “102” xidmətinə zəng vurub. Bu zaman həmin şəxs pulları yerə atıb. Təxminən 10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlib, onları Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparıblar. Polis bölməsində Ə.Hacağayev hadisəni danışıb, ərizə ilə müraciət edib, cibindən çıxarılan 161 manat pulu polisə təqdim edib.

Qeyd edək ki, Namiq Bəkirovun üzərinə baxış keçirilərkən şalvarın yan cibindən 0,98 qram çəkidə həşiş qatranı aşkar edilərək götürülüb. Törətdiyi cinayət əməlinə görə N.Bəkirova qarşı Cinayət Məcəlləsinin 29, 177.3.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülüb. Barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen + 19 =