Almas İldırımın iki yeni şeiri tapıldı

0
2361
 

Türkiyədə 1941-1948-ci illərdə çap olunan “Çınaraltı” dərgisi ilə bağlı yazımızda qeyd etdik ki, bu jurnalda mühacir şair Almas İldırımın 18 şeiri yayımlanıb.

Almas İldırımın Türkiyədə sağlığında “Boğulmayan bir səs” (1936), ölümündən sonra isə “Seçilmiş şeirləri” (1953) və “İgidlərə səsləniş” (1990) adlı kitabları nəşr edilib. Türk tədqiqatçı Ənvər Aras isə “Xəzərdən Xəzərə Almas İldırım” (2007) kitabında şairin həm Bakıda çap olunan ilk kitabı “Dağlar səslənirkən” (1930), həm də Türkiyədə çap olunan bütün kitabları və dərgilərdən topladığı şeirlər əsasında yeni siyahı tərtib edib.

Daha sonra Azərbaycanda bütün bu kitablar əsasında Almas İldırımın geniş həcmli “Boğulmayan bir səs” (2007) kitabı yayımlanıb.

Amma “Çınaraltı” dərgisini araşdırarkən Almas İldırımın bu kitablarda olmayan, Ənvər Arasın da gözündən qaçan şeirlərə rast gəldik.

Bunlardan biri jurnalın 18-ci sayında (1941) çap olunan “İstanbul” şeiridir. Şeirdən anlaşılır ki, Almas İldırım İstanbulda olub. Şairin Ankaraya gəlməsi, Azərbaycan Kültür Dərnəyində gənclərlə görüş keçirməsi bəlli idi. Amma onun İstanbulda olması ilə bağlı bir fakta rast gəlməmişdik.

Şeirdən anlaşılır ki, İstanbul şairdə kədər hissi oyadıb:

Yaşıl, zümrüd sinəndə ovunsun deyə acım
Sənə gəldim, gəl sorma, haralıyam, İstanbul.
Dərd anlayan bir dizə, bir qucağa möhtacam
Qəlbimdən vurulmuşam, yaralıyam, İstanbul.

Varlığımla can dedim, bəslədiyin ülküyə,
Sən niyə dodaq büzdün oxuduğum Türküyə.
Çatma sərt qaşlarını mənə bir özgə deyə
Başı dumanla Qafların maralıyam, İstanbul.

İllər boyu özləyib aradığım xəyalmış
Yalnız mənim könlümdə yaşıl bir kölgə qalmış
Güvəndiyim dağları derlər indi qar almış
Düşməndən, dostdan gözü qaralıyam, İstanbul.

Kim dedi qürbət eldə çırpınaraq inləyim?…
Yandım atəş içində, gəldim ki, sərinləyim…
Burax ki, öz dərdimi beş yazıb, beş dinləyim
Könüldən fırtınalı, boranlıyam, İstanbul…

“Allahım” adlı digər şeir isə Hüseyn Cavidin “Mənim tanrım, gözəllikdir, sevgidir” fikrindən təsirlənilərək yazılıb. Bu şeir “Çınaraltı”nın 1943-cü ildəki 90-cı sayında çap olunub.

Mən baş əyməm qüvvət adlı zülümə
Sevda verən bir gözəldir Allahım
Başqa bir ad gətirmədim dilimə
Eşqlə yanan bir gözəldir Allahım.

Dörd yanıma qızıl, gümüş düzülsə,
Vaz keç ondan deyə fərman yazılsa
Mənsur kimi əgər dərim üzülsə
Qəlbə canan bir gözəldir Allahım.

Mənim Kəbəm gözəllikdən bir bucaq
Səcdəgahım, baş qoyduğum bir qucaq.
Mən anlamam xilqət sonu nə olacaq
Dərdə dərman bir gözəldir Allahım.

Başım getsə yolunda, bir ah deməm
Gözəlsiz məbədə eyvallah deməm.
Eşqsiz qüvvətə mən Allah deməm.
Məndə iman: Bir gözəldir Allahım.

Şeirlərin Türkiyə türkcəsi ilə orijinal variantlarını da aşağıda təqdim edirik.

Dilqəm ƏHMƏD


 

BIR CAVAB BURAXIN