Yerevanda küçə döyüşləri: Sarkisyana “Molotov kokteyli”

0
302

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki. ötən gecə Yerevanda nümayişçilər barrikadalar qurub və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf “Molotov kokteyl”ləri atıblar.

*   *   *01:10

Nümayişçilər Yerevanda silahlı adamların ələ keçirdiyi polis post-patrul polkunun yanında barrikadalar qurublar.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın bildirdiyinə görə, bu barədə “Sputnik Armeniya” agentliyi məlumat yayıb.

“Fəallar hardansa metaldan olan polis maneə elementləri tapıb gətiriblər. Boş qalan yerlər isə şəxsi avtomobillər və zibil çəlləkləri ilə bağlanıb. Beləliklə, elə alınıb ki, polkun binasına doğru aparan yollar güc strukturları tərəfindən bağlanıb, ərazidən çıxan yolu isə nümayişçilər nəzarətə götürüblər”, – deyə agentliyin məlumatında vurğulanıb.

*   *   *23:17

Yerevanda silahlıar tərəfindən ələ keçirilmiş polis şöbəsinin ətrafındakı qarşıdurmada 4 nəfər asayiş keşikçisi yaralanıb.

Məlumatı xüsusi müxbirimiz Vahan Martirosyan verib.

“Vətəndaşlar dolayı yollarla qorunan əraziyə daxil olmaq istəyiblər, polislə qarşıdurma da bu vaxt yaranıb. Qarşıdurma zamanı 4 polis əməkdaşı yaralanıb və xəstəxanaya aparılıb. İlkin məlumata görə, xəsarətlər odlu silahla yetirilməyib. Onlara xəsarət yetirənlər polislərə tərəf daş parçaları atıblar”, -deyə Ermənistan parlamentinin deputatı, müxalif “Erməni Milli Konqresi” fraksiyasının üzvü Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Yeri gəlmişkən, ondan bir az əvvəl polis hücumuna məruz qalan silahlı qrupun yaydığı bəyanatda deyilirdi: “İndi bizdə o qədər silah var ki, heç sərhəddəki əsgərlərdə o qədər silah-sursat yoxdur”.

*   *   *21:31

Xüsusi müxbirimiz Vahan Martirosyanın bu dəqiqələrdə verdiyi xəbərə görə, xüsusi təyinatlıların hücumundan sonra qiyamçıların tərəfdarlarından ibarət təxminən 1500 nəfərlik kütlə polis səddini yararaq xüsusi əməliyyatın keçirildiyi əraziyə daxil olub.

Bundan sonra hüquq-mühafizə orqanları hücumu dayandırmağa məcbur olublar.

*   *   *21:00

Ermənistanın paytaxtı Yerevanda xüsusi təyinatlılar artıq üç gündür qiyamçılar tərəfindən ələ keçirilmiş polis şöbəsinə hücum keçib.

Məlumatı redaksiyamıza xüsusi müxbirimiz Vahan Martirosyan verib.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub, artıq güllə səsləri eşidilir.

Polis şöbəsinin ətrafına toplaşmış qəzəbli kütlə Sarkisyanın və hüquq-mühafizə orqanlarının ünvanına erməni və Azərbaycan dillərində söyüşlər söyür və polis səddini yarmağa çalışır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 10 =