Məşhur memarları işindən qovduran Xruşov – Onların tikdiyi otel bu gün “Hilton” adlanır

0
415

Nikita Xruşovun SSRİ-yə 11 illik rəhbərlik dövrü bir çox hadisələrlə yadda qalıb. Arazinfo.com Musavat.com-a istinadən yazır ki,bu hadisələrin sırasında İosif Stalinin 30 illik rəhbərliyi dövrünün sərt tənqid olunması, şəxsiyyətə pərəstiş məsələsi, mavzoleydən Stalinin nəşinin çıxarılması təkcə SSRİ-də yox, bütün dünyada geniş rezonans doğurub.

1953-cü ildə Stalinin vəfatından sonra Lavrenti Beriyanı və Georgi Malenkovu hiyləgərliklə zərərsizləşdirən Xruşov hakimiyyəti ələ aldıqdan sonra öz gücünün, siyasi fəaliyyətinin əsas hissəsini Stalin tərəfindən edilən yanlış hərəkətlərin, orduda və partiyada reallaşdırılan repressiyaların, şəxsiyyətə pərəstişin tənqidinə həsr edib. O, bununla Stalindən həm şəxsi qisasını almaq niyyətində olub, həm də öz reputasiyasını gücləndirmək məqsədi güdüb.

Xruşov bu prosesə hakimiyyətinin ilk ilində başlamağa cürət etməyib, daha dəqiq ifadə etsək, tələskənliyə yol verməyib. Birincisi, ona görə ki, Stalinin ölkədə nüfuz sahibi olan silahdaşları hələ ki, Kremldə mövqelərini əldən verməyiblər. İkincisi isə Stalin haqqında yaradılmış mif, xalq sevgisi, ona qarşı deyiləcək bir kəlmə xoşagəlməz ifadəyə görə insan kütlələrinin ayağa qalxmaq ehtimalı Xruşovu qorxudub. Elə bu səbəbdən də Xruşov hakimiyyətinin ilk illərində ölkənin ayrı-ayrı sahələrində vəziyyətin “acınacaqlı” olduğunu sübut etməyə çalışaraq yeni ictimai rəy formalaşdırıb.

Xruşov heç bir anlayışı olmayan mədəniyyət sahəsindən tutmuş, ölkənin idarəetmə strukturlarına qədər yorulmadan, dayanmadan tənqidi çıxışlar edib, nitqlər söyləyib. İlk illər o, bu çıxışlarında heç Stalinin adını da çəkməyib. Bu cür “ünvansız” çıxışlar düz 1956-cı ilə, partiyanın 20-ci qurultayına qədər davam edib. Nəhayət, həmin qurultayda Xruşov məşhur məruzəsi ilə Stalini açıq şəkildə sərt və kəskin tənqid atəşinə tutub. Hətta həmin qurultayda Xruşova yazılı şəkildə imzasız bir sual ünvanlayıblar:

“Siz niyə Stalinin dövründə bu tənqidi fikirlərinizi söyləmirdiniz?”

Xruşov özünü itirmədən sualı öz etirafı ilə cavablandırıb:

“Siz indi qorxudan mənə imzasız sual göndərdiyiniz kimi, mən də o dövrdə qorxudan fikirlərimi söyləyə bilmirdim…”
Xruşov sözü gedən qurultaya qədər vaxtına qənaət etmədən bütün sahələri “alt-üst” edib. Hədəflərin birinə memarlar da düşüb.

1954-cü ilin noyabr ayında tikinti məsələləri ilə bağlı Moskvada keçirilən ümumittifaq müşavirədə çıxış edən Xruşov SSRİ Arxitektura Akademiyasını “başıboş alimlər yığıncağı” adlandıraraq konkret faktlara keçib. O, “Leninqrad” mehmanxanasının tikintisinin və istismarının üzərində dayanıb.

Qeyd edək ki, bu mehmanxana 1949-cu ildə Moskvanın “Komsomol” meydanında şəxsən Stalinin təşəbbüsü ilə inşa edilib, 1953-cü ildə istismara verilib. Orta əsrlər rus memamırlığı üslubunda tikilən mehmanxanada 349 nömrə olub.

Mehmanxanda möcvud dövr üçün ən son standartlara uyğun havalandırma, isitmə, rabitə, təhlükəsizlik, lift, su-kanalizasiya qurğuları quraşdırılıb. Dünyanın tanınmış memarları “Leninqrad” mühmanxanası çox zəngin və qiymətli bir arxitektura nümunəsi kimi qiymətləndiriblər.

Mehmanxananın hər kvadrat metrinə 21 min, avadanlıqlarla birlikdə isə 31 min rubl xərclənib. Mehmanxananın arxitektorları Leonid Polyakov və Aleksandr Boretski olub.

Həmin müşavirədə Xruşov adı çəkilən memarları ayağa qaldırıb:

– Mehmanxananın tikintisinə nə qədər vəsait xərclənib?

Polyakov müvafiq rəqəmləri söyləyəndə Xruşov daha da qəzəblənib:

– Bu rəqəmlərlə siz ölkəni talan etməyinizi özünüz sübut edirsiniz. Bu dövlətin büdcəsini dağıtmaq deməkdir. Bu sovet vətəndaşlarına məxsus olan pulları havaya sovurmaq deməkdir. Bu vəsaitə 1000 nömrəlik mehmanxana tikmək olardı. Bəs siz nə etmisiniz? Pulları istədiyiniz kimi xərcləyib hələ üstəlik mükafat da (Stalin mükafatı nəzərdə tutulub) almısınız.

Əlbəttə, başqa yolunuz olmayıb, səriştəsizlik yuxarıdan başlayıb. Amma bu belə davam etməyəcək. Sovet əmlakına xor baxmaq məsələsinə son qoyulacaq. Siz çox yararsız insanlarsınız. Sizdən yalnız kəndlərdə ferma tikintisində istifadə etmək olar…

Xruşov hər iki memarı müşavirədən qovub, səhərisi gün isə Polyakov və Boretski Moskva Layihə İnstitutundakı vəzifələrindən azad olunublar. Qəzəbi soyumayan Xruşov arxitektorların Stalin mükafatını ləğv etdirib, hələ bunlar da azmış kimi onlara dövlət tərəfindən verilmiş mənzilləri də əllərindən alınıb.

Bir neçə gündən sonra ölkənin bir nömrəli qəzeti olan “Pravda”da Mərkəzi Komitənin “Tikinti sahəsindəki problrmlərin aradan qaldırılması haqqında” qərarı çap olunub.

Bununla da Xruşov Stalinin adını çəkmədən Stalin hakimiyyəti dövründə buraxılmış “səhv”ləri qabardaraq ictimaiyyət arasında arxitektura sahəsində də böyük problemlərin olduğunu sübuta yetirməyə nail olub. 

Bütün bunlara, Xruşovun məqsədli hay-küylərinə baxmayaraq “Leninqrad” mehmanxanası bu gün də Moskvanın ən yaraşıqlı memarlıq nümunələrindən biri sayılır və “Hilton Moscow Leningradskaya” adı ilə ən dəbli mehmanxana kimi fəaliyyətini davam etdirir.