Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə keçirdiyi görüş zamanı ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələrinin Suriyaya endirdiyi zərbələrlə bağlı Eurasia Diary-ə özəl müsahibə verib.
Arazinfo.com saytı Eurasia Diary-istinadən bu müsahibəni təqdim edir:
– Suriyada son günlərdə gərginliyin artmasını necə dəyərləndirirsiniz?
– Rusiya və Suriyanın havadan müdafiə sistemi olduqca güclüdür. 2013-ci ildə Suriyaya, qanuni hökumət olan B. Əsədə qarşı kollektiv şəkildə raket zərbələri endirilməsi ilə bağlı ilk plan müzakirə edilərkən NATO-nun 1300 təyyarəsi vardı. Əgər onların hamısı havaya qalxaraq hücum təşkil etsəydilər 450-550 təyyarə itirəcəkdilər. Bu əslində bütün donanmanın üçdə bir hissəsidir. Hərbi təyyarələrin qiyməti isə 700 milyon dollardan 1,5 milyard dollara kimidir. 2013-cü ildə Suriya havadan müdafiə sistemləri o qədər güclü idi ki, onlar Dəməşqə zərbə endirsəydilər, həmin vaxt İŞİD-lə mübarizə aparan Amerika yönlü koalisiya döyüş təyyarələrinin üçdə birini məhv edə bilərdi.
Buna uyğun olaraq, belə bir müharibənin qiyməti və NATO ölkələrinin maddi itkiləri, trilyon dollarla ölçülərdi. Təbii ki, hər hansı bir müharibə müəyyən qədər maddi gəlir əldə etmək üçün aparılır. Bu cür maddi xərclər açıq-aydın Əsəd rejiminin devrilməsindən əldə olunan qazancla müqayisə olunmaz idi. Və o zaman NATO ordusu bundan imtina etdi.
İndi Rusiyanın Suriyadakı hərbi iştirakı yüksək səviyyəyə çatıb. Suriya hava məkanının 40%-i Rusiyanın havadan müdafiə sistemlərinin nəzarəti altındadır. Bu mənada, Suriya Ərəb Respublikasının bütün ərazisində hər hansı genişmiqyaslı hücumların həyata keçirilməsi fiziki anlamda mümkünsüzdür. Xüsusilə də, Rusiya Baş Qərargahı aydın şəkildə bildirib ki, yalnız qanadlı raketlər deyil, həm də təyyarə və onların digər daşıma vasitələri vurulacaq. Daşıma vasitələrinə həm sualtı qayıqlar, həm də gəmilər aid edilə bilər və məhz bu obyektlərə cavab zərbəsi endirilə bilər. Ancaq yenə də, başa düşmək lazımdır ki, bu dəniz və ya hava gəmisinin dəyəri müqayisəolunmaz dərəcədə yüksəkdir. Üstəgəl müqayisəolunmaz reputasiyanın qazanılması üçün çəkilən xərclər var.
Mən çох yaxşı başa düşürəm ki, Suriya ordusunun döyüş qabiliyyəti aşağı səviyyədədir. Dəfələrlə Ərəb-İsrail müharibəsi zamanı ərəb pilotlar psixi emosional durumları ilə istənilən döyüşdə davamsızlıq göstərirdilər. Hətta müharibə maşınının işə düşməsi təsdiqini tapmadıqda belə onlar oradan uzaqlaşırdı. Suriya tank bölmələri, üsyançılar və beynəlxalq terrorçuların atəşinə tuş gələndə, həm də onların emosional durumuna görə öz döyüş sursatlarını atıb qaçırdılar, lakin tanklar hədəfə tuş gəlsə də ciddi zərər görməmiş və döyüşü davam etdirə bilmişdilər. Canlı qüvvənin keyfiyyəti baxımından Suriya ordusunun səviyyəsi güclü deyil. Təbii ki, bundan NATO hərbçiləri də istifadə edir. Və bunun üzərindən bir çox hesablaşmalar aparılır. Ancaq Rusiyanın məsuliyyətli olduğu əraziyə hər hansı zərbə endirilərsə ABŞ-ın müttəfiqləri daha ciddi problemlə üzləşəcəklər.
– Nə üçün beynəlxalq ictimaiyyət, xüsusilə, BMT Təhlükəsizlik Şurasına daxil olan supergüclər Suriya vətəndaşlarının həyatını yüksək qiymətləndirmirlər?
– Qərbdə “Qızıl Milyard” nəzəriyyəsi var. Qızıl milyard NATO, Aİ və yaxud Böyük Yeddilər Qrupuna daxil olan, o cümlədən Yaponiya və onun ən yaxın müttəfiqləri Honq Konq və Sinqapur kimi iqtisadiyyatı yüksək inkişaf etmiş cırtdan ölkələrdir. Qərbin zehniyyəti, Rusiyanı, Çini, Azərbaycanı, bütün Asiya ölkələrini, bütün İslam aləmini, Afrikanı və bütün Latın Amerikası da daxil olmaqla onlarla birlikdə olmayanların onlara qarşı olduğu şəklindədir. Bu, qızıl milyard ölkələrilə müqayisədə fərqli davranıla bilinəcək ölkələrdir. Qərb dünyasının zehniyyətində lap əvvəldən “özününkü- özgəsininki” kimi ayrıseçkilik durur.
Yeltsinin hakimiyyəti dövründə Rusiya Böyük Səkkizliyə (G8) daxil idi. Sonra G8 üzvlərinin sayı azaldı və Rusiya Federasiyası bu qızıl milyarddan çıxarıldı. Dünyanın qalan hissəsi, o cümlədən Suriya, heç vaxt bu “elit kluba” aid edilməmişdi. Qərb ideologiyasına görə, qızıl milyardın xaricində olanlar düşmən sayılır. Buna görə Orta Şərq və Rusiyanın sakinlərinin qanı sadəcə nəzərə alınmır. Biz onlar üçün ikinci dərəcəli insanlarıq. Bu mənada, Avropa ekspertlərinin heç birinin orada yüz minlərlə insanın öldürüldüyü ilə bağlı problemləri olmayacaq. Çünki bu insanların onlara aidiyyatı yoxdur.
– Niyə dövlətlərə öz problemlərini həll etməyə imkan verilmir? Supergüclərin suveren ölkələrə müdaxilə etməyə nə haqqı var?
– Yenə də “Qızıl Milyard” nəzəriyyəsinə qayıdıram. Qızıl milyard və ya onlara müttəfiq olan ölkələrdə yaşayan insanlar öz talelərinə dair qərarları özləri verir. Onlara bu icazə verilir. Digər ölkələr xaos zonası sayılır və onlara münasibətdə BMT konvensiyaları və BMT Baş Assambleyasının bəyannamələrində nəzərdə tutulanlara dair tamamilə fərqli bir siyasət həyata keçirilir.
– Önümüzdəki illər üçün bu bölgəyə dair proqnozlarınız nədir?
– Ciddi strateji planlaşdırma haqqında danışmaq çox tezdir, lakin müəyyən tendensiyaları izləmək olar. Birincisi, birqütblü dünya artıq yoxdur və olmayacaq. İndi üç alternativ regional mərkəzdə sürətli inkişaf gedir: Çin, Hindistan, Braziliya. Bu ölkələrdə böyük insan və sənaye potensialı var. Və ən əsası, onların siyasi iradəsi var.
Əlbəttə ki, ABŞ-a qarşı çıxan Rusiyanı nəzərə almırıq. Əgər Amerika və onun müttəfiqləri özlərinin əldən çıxmış hegemonluqlarını hərbi vasitələrlə qorumağa çalışdıqları halda Çin və Hindistan öz siyasətlərini daha çox sosial-iqtisadi sahədə yürüdürlər. Biz çox yaxşı bilirik ki, Afrika ölkələrinin yarısı dolları uzun müddətdir ki, valyuta kimi istifadə etmir. Cənub yarımkürəsində yerləşən Cənubi Afrika və Namibiya istisna olmaqla, bütün Afrika əsas ödəniş vasitəsi kimi Çin yuanından istifadə edir.
– İnsanların müharibənin nə olduğunu bilməməsini, öz torpaqlarında ailələri ilə sülh şəraitində yaşamalarını istərdim. Dünyada sadə vətəndaşa xoşbəxtlik üçün başqa nə lazımdır?
– Mən sizinlə tamamilə razıyam. Təəssüf ki, müharibə aparanların qiymətləndirmə meyarları fərqlidir. Biz yaxşı bilirik ki, Suriyadakı siyasi rejimin məhv edilməsinin əsas məqsədi Qətərdən Avropaya qaz kəmərinin çəkilməsi imkanının yaradılmasıdır. Beləliklə, Avropa Rusiya qazının təsirindən azad olur. Suriyadakı müharibə isə makroiqtisadi baxımdan tamamilə Rusiyaya qarşı yönəldilib.
Qətər ən böyük təbii qaz ehtiyatlarına malik dünyada ikinci dövlətdir. Qətərdən Avropaya qaz ötürmək üçün iki ölkənin – Suriya və Türkiyənin hökumətlərinin dizlərini yerə qoymaq lazımdır. Buna görə ötən il Türkiyədə dövlət çevrilişinə cəhd edildi, buna görə Suriyada müharibə aparılır, Qətər qazı Avropa bazarında Rusiya ilə rəqabətə apara bilsin.
Müharibələrin təşkilatçıları üçün insanların həyatının, mədəniyyət dəyərlərinin, bu planetin insanlarının əksər hissəsinə yaxın olan universal anlayışlar önəmli deyil. Bu insanlar ümumi iqtisadi, siyasi hökmranlıq üçün çalışırlar. Onlar özlərini tanrılarla müqayisə edirlər.