‘Ölüm xəbərindən 2 gün əvvəl…’

0
650

Şəkinin Baş Layısqı kənd sakini Xalidə Lətifovanın gözünün yaşı bir həftədir qurumur.Tək oğlunun – 19 yaşlı Pərvinin nəşi qapıya gətirilən gündən ananın qəddi əyilib.

“Dedi, oğlun postda yatır…”

Pərvin Lətifov 7 ay Gədəbəydə xidmət edib. Onun müəmmalı ölümü bütün kəndin qanını qaraldıb. Ana deyir, Pərvin hərbi xidmətə gedən gündən nə özündən, nə də hərbi hissə rəhbərliyindən narazılıq eşidib. Ancaq ölüm xəbərindən 2 gün əvvəl evə zəng olub. Hərbi hissənin bir zabiti Pərvindən şikayətlənib:

“Dedi, oğlun postda yatır. Dedim, “ay qardaş, Allahın yuxusudur, insan özü hiss etmədən yuxu tutur. Ayıq qala bilmirsə, yuxu ona güc gəlirsə, düşürdün aşağı. Dedi, aşağı düşsə, cinayət işi açacaqlar. Sonra 5 min manatın var, gətirib verməyə? Dedim, kasıb adamlarıq, uşağın dişlərini əsgər gedəndə borc-xərclə saldırmışam, hələ də pulunu verməmişəm. Məndə 5 min manat hardan sizə verməyə? Dedi, baxın da, bir də yatsa, özündən küssün”.

“Uşağımın özünü öldürməsinə səbəb yox idi”

Oktyabrın 29-da ailəyə növbəti dəfə zəng gəlib. Bu dəfə anaya oğlunun ölüm xəbəri verilib:

“Dedilər, avtomatla ürəyinə atəş açıb, ölüb. Heç meyiti açmağa da imkan vermədilər. Uşağımın hansı səbəbdən ölməsi mənə hələ də qaranlıqdır. Onu öldürüblər. Uşağımın özünü öldürməsinə səbəb yox idi. İkincisi, “özünü avtomatla vurub” deyən adam gəlsin avtomatı tuşlasın ürəyinə, görüm, avtomatla özü öz ürəyinə atıəş aça bilər? Lap deyək ki, özünü vurub, adam durduğu yerdə özünü niyə vursun ki… Demək, onu bu həddə çatdıran olub”.

Ana tələb edir ki…

Ana tələb edir ki, oğlunun ölümündən əvvəl hərbi hissədən zəng vurmuş zabitlə telefon danışığı araşdırılsın və Pərvinin ölümünün əsl səbəbi üzə çıxsın:

“Görsəm, uşağımın qanını batırırlar, gedib hərbi prokurorluğun qabağında özümü yandıracağam. Bunu yaxşı eşitsinlər. Məndə itirəcək heç nə qoymadılar. Bir oğlum idi, zülmlə bir darısqal, şəraitsiz otaqda zar-zor böyütmüşdüm. İmkansızlıqdan dərsdən sonra orda-burda işləyib ailəni saxlayırdı, onu da əlimizdən aldılar”.

İstintaq gedir

Pərvin Lətifovun ölümü ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Əsgər yoldaşları və hərbi hissə rəhbərliyi dindirilib. İstintaq davam edir.

Ana deyir, Pərvin əsgərlikdə günlərini, saatlarını sayırmış ki, tezcə geri dönüb ailə yükünü yenidən çiyninə alsın. Ananın da onunla bağlı sonsuz arzuları varmış. Bu arzular da içərisi müəmmayla dolu tabutda torpağa gömüldü…

BIR CAVAB BURAXIN