İsrailin Qəzza və Həmasla bağlı son tələbləri Türkiyə tərəfindən qəbul edilməyib. Lakin Türkiyə əsl qalibiyyət anlaşmasına imza atıb.
Publika.az xəbər verir ki, “Haber7” saytının yazarı Taha Dağlı Türkiyə-İsrail münasibətləri ilə bağlı maraqlı məqamları ortaya çıxarıb.
Müəllif yazır ki, Hadar Qoldin, Oron Shaul və Avera Menqistu adlı üç İsrail əsgəri Həmasın əlindədir: “İsrailin 2014-cü ildə Ramazan ayında başlayaraq, 52 gün davam edən Qəzza hücumu zamanı Hamas bu əsgərləri girov götürüb. İki əsgərin öldüyü təxmin olunur, lakin cəsədləri yoxdur. Avera Menqistu isə itkin düşüb. Üç əsgərin ailələri iki ildir ki, hökumətə təzyiq edərək “Həmasla müzakirələr aparın, övladlarımızı geri alın” deyirlər. Lakin İsrailin müzakirə etmək niyyəti yoxdur. Çünki 10 il öncə Qəzza hücumunda Həmas Gilad Şalit adlı İsrail əsgərini tutmuşdu. 5 il sonra, 2011-ci ildə İsrail həmin əsgərin əvəzinə 1027 fələstinli əsiri azad etmişdi. İndi üç əsgərin əvəzi İsrail üçün daha ağır ola bilər. Ona görə də Netahyahu ailələrin fəryadlarını eşitmək istəmir”.
Müəllif qeyd edir ki, Türkiyə ilə İsrail razılaşma əldə etdiyi vaxt həmin əsgərlərin ailələri hökumətin binası önündə çadır quraraq etiraz aksiyasına başladı: “Ailələrdən ikisi övladlarının öldürüldüyünü düşünür, sadəcə olaraq, cəsədlərini tələb edirlər. Menqistunun ailəsi isə övladlarının fələstinli əsirlərlə dəyişdirilməsini istəyir. Əsgər ailələri və onlara dəstək verən ictimai təşkilatlar Türkiyə ilə İsrail anlaşmasına bu maddənin də daxil edilməsini tələb edirlər. Romadakı görüşlərdə itkin əsgərin də məsələsinin gündəmə gəldiyi iddia olunur. Israil Türkiyəyə “biz sizin tələb etdiyiniz üzr istəmə, təzminat və embarqo şərtlərini qəbul etdik, siz də Həmasın əlindən iki əsgərin cənazəsi ilə birlikdə digərini alın” mesajını verib. Türkiyə isə bu təklifi rədd edib, itkin əsgərlərlə bağlı Həmas üzərindən hərəkət edilməyəcəyini deyib”.
T. Dağlı Türkiyə-İsrail anlaşmasının digər detallarını da açıqlayıb.
“Mavi Mərmərə hadisələrinə görə Türkiyədən üzr istənib. Şəhidlər üçün 21 milyon dollar təzminat ödənilməsi qəbul edilib. Bununla birlikdə Qəzzaya tətbiq olunan embarqonun Türkiyə üçün xüsusi bir şəkildə aradan qaldırılmasına razılıq verilib. Beləliklə, Qəzzanın su və elektrik enerjisi problemi həll olunacaq, bölgədə su elektrik stansiyası qurulacaq. Həmçinin, xəstəxana tikiləcək. Bununla yanaşı, Türkiyənin Həmasla münasibətlərinə İsrail qarışmayacaq. Həmas lideri Halid Meşal Türkiyəyə rahat şəkildə gəlib-gedəcək”, – deyə siyasi yazar qeyd edib.