TÜRKİYƏ “İKİ DOVŞANI BİR GÜLLƏ İLƏ VURDU” – Ankaradan uğurlu gediş

0
583

Türkiyə faktiki, bir gündə iki mühüm, strateji əhəmiyyətli dövlətlə, dünənin strateji tərəfdaşları ilə münasibətləri qaydaya sala bildi. Obrazlı desək, “iki dovşanı bir güllə ilə vurdu”.

İsrail və Rusiya kimi regional güclərlə əlaqələrin normal məcraya qayıtmasından şübhəsiz ki, təkcə bu üç ölkə yox, ümumən bölgə qazanacaq, regional sülh və təhlükəsizlik sistemi udacaq, Azərbaycan udacaq. Uduzan və pəjmürdə olan tək qüvvə isə terrorçular, İŞİD, Bəşər Əsəd, bir də mənfur qonşularımız olacaq.
Hər halda məntiq bunu diktə edir. Məntiq həmçinin, deyir ki, “Ziyanın yarısından qayıtmaq da xeyirdi”. Ziyan isə yarını keçməkdə idi – hamı üçün, bütün tərəflər və tərəfdaşlar üçün.
Beləcə, qardaş ölkə bir halda İsraillə sonuncunun üzr istəməsi nəticəsində münasibətləri normallaşdırdısa, ikinci halda – özünün təəssüfkeşliyi, bəzi iddialara görə isə üzrxahlığı hesabına Rusiya ilə ikitərəfli əlaqələri böhrandan qurtardı.

Hərgah, Ankaranın axırıncı barışıq addımını əskiklik kimi qələmə verənlər də var. Ancaq gəlin obyektiv olaq: prezident Ərdoğanın həmkarı Putinə son məktubunda “təyyarəni səhvən vurmuşuq və buna görə üzr istəyirik” ifadəsi yer almayıb. Rəsmi Kremlin özünün yaydığı mətndə də bu sözlər yoxdu. Əks halda, rus mediası dərhal onu başlığa çıxarar, manşet, fləş edərdi.

Bir də qardaş ölkə etmədiyi səhvə görə niyə üzr istəsin ki? Doğru, hava sərhədini pozan rus təyyarəsini Türkiyə vurdu, amma pilotu Türkiyə vurmadı, həmsərhəd Suriyadakı müxalifətçi güllələdi. Ərdoğan da təyyarənin deyil, məhz pilotun vurulmasına görə üzr istəyib, Türkiyə adından yox, suriyalı müxalifətçi adından – həm də Putindən yox, pilotun ailəsindən!

Bunlar sözsüz ki, kifayət qədər fərqli anlayışlardır. Amma və lakin Rusiya prezidentinə öz pərtliyini unutmaq üçün bu da kifayət edibsə, olsun. Hər halda, siyasətdə əbədi düşmənlər olmur, əbədi maraqlar olur. Bu yerdə Fransa mütəfəkkiri və diplomatı Toleyranın məşhur sözlərini bir daha xatırlatmağın yeri var: “Düşmənlərin sayını artıran siyasət yaxşı siyasət deyil”.

Bir köhnə iddia da var ki, AKP iqtidarı Türkiyəni az qala bütün qonşuları ilə düşmən edib. Fəqət, Rusiyanın əhatəsindəki ölkələrin, qonşuların çoxu məgər ona dost-müttəfiqlərdir? Əlbəttə yox – ən əvvəl də Putinin öz qonşularına qarşı yürütdüyü aqressiv, ilhaqçı siyasət sayəsində belədir.

Kreml indi üstəlik, Qərbin ağır maliyyə sanksiyalarının altını çəkir, iqtisadiyyatı faktiki, böhran ərəfəsinə gəlib. Bu yandan da Türkiyə kimi böyük bir dövlətə qarşı qapıları bağlamaq, onunla iri energetik layihələri dondurmaq, ticari əlaqələri minimuma endirmək şimal qonşumuza yaxşı heç nə vəd edə bilməzdi.

Şəksiz, Türkiyə də bundan əziyyət çəkir, itirirdi. Xüsusən də turizm sektoru yaxşı günlərini yaşamırdı. Müxtəsəri, qarşılıqlı ehtiyac məsələsi…

Ümid edək ki, “Su-24” insidenti ən əvvəl Kreml üçün bir dərs olacaq. Moskva nəzərə alacaq ki, dost-tərəfdaşların, qonşuların köklü maraqlarını tapdamaqla aparılan siyasət onun öz köklü maraqlarını da zərbə altında qoya bilər. Təbii ki, Ərdoğan iqtidarının da ciddiyə almalı olduğu nəticələr var.

Bütün hallarda son baş verənlərdə ən çox uduşda olan əlbəttə ki, iki mühüm tərəfdaşla münasibətləri normala gələn Türkiyədir. Necə deyərlər, 1:1 – Türkiyənin xeyrinə. Və nə yaxşı ki, bu prosesdə qardaş ölkəyə Azərbaycan da öz bacardığı töhfəsini verə bildi.
Hərçənd, ikitərəfli əlaqələrdə, xüsusilə də Rusiya ilə münasibətlərdə “çapıqların” qısa müddətdə sağalacağını söyləmək çətindir. Ayrı sözlə, yüzdə yüz “Qalınan yerdən yola davam” yəqin ki, mümkün olmayacaq. Realist olaq.

Ankara-Moskva münasibətlərinin noyabrın 24-dək olan səviyyədə bərpası böyük ehtimalla, hər iki ölkədə siyasi hakimiyyətlər dəyişəndən, hakimiyyətə yeni liderlər gələndən sonra reallaşacaq. (musavat.com)

BIR CAVAB BURAXIN