Hökumət kredit götürənlərə dəstək olmaq məqsədilə büdcədən vəsait ayıracaq.
Arazinfo.com-un məlumatına görə bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” ilə bağlı fərmanını şərh edərkən söyləyib. O bildirib ki, sözügedən fərman banklardan kredit götürmək istəyən sahibkarların qarşılaşdıqları bir sıra problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
“İndiyə qədər banklardan kredit götürənlərin ən sıx qarşılaşdığı problemlərdən biri də girov məsələsidir. Problemin həll olunması üçün Prezident İlham Əliyev bu ilin 15 sentyabrında Kredit Zəmanət Fondunun yaradılması ilə bağlı fərman verdi. Yəni bu fondun yaradılmasında məqsəd ondan ibarətdir ki, sahibkarların, hüquqi və fiziki şəxslərin kredit almaq üçün girovu olmayacaqsa, girovun müəyyən faizini hökumət öz üzərinə götürəcək. Bununla bağlı olaraq dövlət büdcəsindən müəyyən qədər vəsait ayrılacaq ki, zəmanət fondu işləsin.
Faizlərlə əlaqədar verilməsi nəzərdə tutulan subsidiyalar dedikdə isə müddətdən asılı olaraq müəyyən olunmuş məbləğdə, banklara və insanlara yardım etmək üçün faizlərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması başa düşülür. Faizlər ödənilmədikdə və ya problem yarandıqda dövlət bir müddətdən sonra həmin faizlərin qaytarılmasına qarant verir. Sözügedən mexanizm hazırlansa da, hələlik idarəedici heyət təsis edilməyib. Yəqin ki, yaxın gələcəkdə bu barədə ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, bu fərmanın imzalanması son dövrlər bank sahəsində atılan ən mühüm addımlardan biridir”.
Qeyd edək ki, Prezident ilham Əliyev 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nı təsdiqləyib.