İşsizliyin azaldılması üçün yeni proqram hazırlandı

0
587

Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün layiqli əmək üzrə ölkə proqramı” hazırlanıb.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, proqram Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu gün proqramın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və BƏT-in nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Nazir Səlim Müslümov bildirib ki, BƏT-in 1944-cü ildə “Müharibədən sülhə keçid dövründə məşğulluq haqqında” məşhur 71 saylı tövsiyyələrinin qəbulundan 72 il sonra Beynəlxalq Əmək Konfransında “Fəlakətlər öncəsi sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi məqsədilə layiqli əmək” mövzusu üzrə normaların yaradılmasının müzakirə edilməsi dünyada baş verən proseslərin gərginliyini bir daha ortaya qoyur: “Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası böhranlara bürünmüş dünya iqtisadiyyatının inkişaf istiqamətlərini geniş təhlil edərək belə bir nəticəyə gəlib ki, hazırda layiqli əmək ümumi inkişaf üzrə təşəbbüslərin, humanitar çağırışlı təşəbbüslərin, eləcə də milli və beynəlxalq səviyyədə sülhpərvər fəaliyyətlər üzrə təşəbbüslərin təməl daşı rolunu oynayır və layiqli əməyə istinad etməklə münaqişələri və fəlakətləri şərtləndirən böhran vəziyyətlərdən çıxmaq yollarını tapmaq olar”

Tədbirdə bildirilib ki, son 5 il ərzində Azərbaycanda 600 min iş yeri açılıb. əhalinin gəlirləri 6,5 dəfə artıb.

Qeyd edək ki, proqramda hər hansı ayrı-seçkilik istisna olmaqla, insanın azad, bərabər, təhlükəsiz və ləyaqətinə hörmət şəraitində əmək hüququnun təminatı nəzərdə tutulub. Layiqli Əmək Konsepsiyası əsasında kifayət qədər iş yerləri olan iqtisadi artımın təmin edilməsi yolu ilə işsizliyin azaldılması, sosial rifahın yaxşılaşdırılması, əmək bazarına gənclərin, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının inteqrasiyası, bacarıqların artırılması, nəticədə əmək məhsuldarlığının yüksəldilməsinə kompleks yanaşmaların tətbiqi planlaşdırılır.

BIR CAVAB BURAXIN