“Məktəblərdə heç bir ad altında pul yığılmamalıdır” – Təhsil İdarəsi

0
519

11

“Məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunmasına İdarənin mövqeyi birmənalıdır. Onlardan heç bir ad altında pul yığılmamalıdır”.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

İdarə müdiri qeyd edib ki, BŞTİ direktorlara bununla bağlı tapşırıqlar verib: “Belə işlərin məktəb rəhbərliyi tərəfindən görülməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin yenə də məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir. Hesab edirəm ki, narazılıqlar da bundan qaynaqlanır”.
M.Vəliyeva məktəblərdə müəllimlər tərəfindən şagirdlərə qarşı fiziki zorakılığın törədilməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, məktəbdə uşağın təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdr.
M.Vəliyeva qeyd edib ki, təhsil naziri Mikayıl Cabbarov tərəfindən 2011-ci ildə müəllimlərin etik davranış qaydaları ilə bağlı müvafiq əmr imzalanıb. Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakı hərəkətlərin törədilməsinin yolverilməzliyidir: “Təbii ki, ictimaiyyətin hər bir nümayəndəsi kimi bizim də bu məsələyə münasibətimiz çox sərtdir. Nəzarət mexanizminə gəlincə, bununla bağlı məktəb direktorları və digər əməkdaşlarla həmin qaydalara riayət edilməsi ilə bağlı mütəmadi söhbətlər edirik. İdarə bu kimi halları ciddi nəzarətdə saxlayır. Orta məktəblərdə şagirdlərə qarşı hansısa kobud hərəkət edən müəllimlər inzibati qaydada cəzalandırılacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 − two =