Gəncliyini hərəkatda keçirən siyasət adamı

0
1819

1988-ci ildən başlayan Xalq Azadlıq hərəkatı çoxlu sayda siyasətçi yetişdirdi. Bu gün həmin siyasətçilərin bəziləri Milli Məclisin deputatı kimi siyasi karyeralarını davam etdirirlər. Onlardan biri də Fazil Mustafadır.

Fazil Mustafa 1992-1993 cü illərdə Prezident aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1995-1998-ci illərdə Türkiyədə Ə.Elçibəyin özəl təmsilçisi olmuşdur. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmişdir.

2003-cü ildə yaradılmış Böyük Quruluş Partiyasının başqanı seçilmişdir. 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 2008-ci ildə keçirilmiş Prezident seçkilərində iştirak etmişdir.

Bura qədər Fazil Mustafanın qısa həyat yoludur.

Son günlər kimsə uzaqdan “başla” əmri verib və Fazil bəyə qarşı qarayaxma kompanyası aparılır. Heç bir siyasi etikaya sığmayan bu hərəkətlər Fazil bəyin siyasətçi kimi əqidəsinə sadiq qaldığına görə edilir, desək düzgün alınar. Həqiqətən də o, tək-tək siyasətçilərdəndir ki, əqidəsini dəyişməyib. Öz yolu, öz fikri var. Deputat kimi də o, parlamentdə aktivdir. Qanunların müzakirəsi zamanı gözləmə mövqeyi tutanlardan deyil. Bundan başqa o, mətbuata açıqdır; istənilən mövzuda onunla müsahib olmaq mümkündür. Eyni zamanda Fazil bəy ruh adamıdır. Özünəməxsus fəlsəfi fikirləri vardır. Açıq danışmağı sevir, konkret məsələlərə konkret zamanda münasibət bildirməkdən çəkinmir. Adam hərdən düşünür ki, bəlkə bu kimi keyfiyyətlərinə görə Fazil bəyə qısqanclıqla yanaşırlar .

Yuxarıda qeyd etdiyimiz kimi, Fazil Mustafa deputat kimi Milli Məclisdə necə aktivdirsə həyatda da mütəmadi olaraq publisist məqalələri ilə cəmiyyəti təlimatlandırmaq kimi missiyanı icra edir. O, Qarabağ probleminin həlli ilə bağlı öz fikirlərini bu cür bildirir: “Qarabağı yalnız savaş yolu ilə qaytaracağıq. Qarabağı savaş yolu ilə qaytarmaq üçün savaşa hazır olan ordu lazımdır. Ordudan  öncə savaşın bütün  çiləsini çəkməyə hazır olan xalqın çoxluğu lazımdır. Əlbəttə, ötən əsrin 80-ci illərindən başlayaraq gözümüzün önündə sadə yaşamından yaranmış şəraitin qəhrəmanına çevrilmiş yüzlərlə azərbaycanlı ilə yanaşı öz evindən kənarda baş verilənlərə biganə, “bir qismət çörəklə” baş girləyən çoxluğu da unutmadan xalq deyilən əlahəzrət və amorf varlığı dəqiq təsəvvür etmədən, hərtərəfli tanımadan bu savaş qərarının verilməsi üzərində həmişə tərəddüdümüz qüvvədə qalacaqdır.

. “Ali Baş Komandan əmr versin, hamımız döyüşə hazırıq!” ritorikası əlbəttə ki, təbliğat üçün, ruh yüksəkliyi üçün lazımdır, lakin bu ritorikanın altında real məzmun durmalıdır: bu da xalqın mövcud psixoloji durumudur. Bir siyasətçinin əsas vəzifəsi xalqı ekstremal duruma hazırlamaqdır, onun üçün doğru hədəfləri həzırlayıb təqdim etməkdir…”.

Fazil Mustafa dini qaragüruhuçuların da gizli hücumlarına tuş gələ bilər. Nə üçün? O, bu yaxınlarda Milli Məclisin plenar iclasında çıxışı zamanı belə demişdi: “Dünyada koronavirusun ən böyük mənəvi xeyri iddia edirəm ki, Azərbaycan xalqına dəyib. Artıq ay yarımdır ki, insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar. Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq, epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İnsafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”.

Fazil Mustafanı anlamaq üçün onun səviyyədə intellekt sahibi olmaq lazımdır. Təəssüflər olsunki, yaşadığımız cəmiyyətdə yüksək intellekt sahibinin düşmənləri çox olur. Bu mənada son zamanlar Fazil bəyə qarşı aparılan qarayaxma kampanyası dayaz düşünən insanların işidir.

XAQANİ