Ermənistan niyə danışıqlar stolu arxasında oturmaq istəmir?

0
546

 

Bu ilin aprel ayında Azərbaycan ordusunun cəbhədə apardığı uğurlu hərbi əməliyyatlardan sonra münaqişənin tezliklə həllinə ümidlər əmələ gəlmişdi. Hər halda Azərbaycan ordusunın cəbhədə hücum əməliyyatlarını genişləndirməsinə imkan verməyərək təcili şəkildə tərəflər arasınd atəşkəs elan edilməsinə nail olan Rusiya dərhal bölgədə hərbi-siyasi baxımdan yenidən fəallaşmağa başladı. Bu müstəvidə də Rusiya Xarici işlər naziri Sergey Lavrovun və Baş nazir Dmitir Medvedevin bölgəyə tələm-tələsik səfərləri və münaqişənin yaxın günlərdə həllinə ümidlər yaratmışdı. Lakin hələ o vaxt münaqişənin həllinə münasibətdə Medvedev və Lavrovun fərqli yanaşmaları diqqəti cəlb edirdi. Əgər Rusiya Xarici işlər naziri Lavrov münaqişənin həlli ilə bağlı Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad edilməsini və müzakirələrin bu ətrafda getdiyini söyləyirdisə, Medvedev problemin tezliklə həllinin vacibliyini vurğulasa da, o mövcud status -kvonun qorunub saxlanılmasının daha məqsədəuyğun olacağını bəyan edirdi. Lakin o da aydın idi ki, Lavrovun bölgəyə səfəri və 5 rayonun azad edilməsi ilə bağlı söylədikləri aprel döyüşlərində ağır məğlubiyyət alan Ermənistanı xilas etmək taktikasından başqa bir şey deyil. O vaxt Rusiyanın təşəbbüsü ilə aprel müharibəsindən sonra iki ölkə prezidentlərinin görüşlərinin təşkil edilməsi belə Moskvanın vaxt udma siyasətindən xəbər veriridi. Hər halda aprel döyüşlərindən 8 ay keçməsinə baxmayaraq nəinki münaqişənin həllində irəliləyiş əldə edilib, əksinə Ermənistan Rusiyadan aldığı “İsgəndər” raketlərinə güvənərək işğal edilmiş torpaqların azad edilməsi məsələsində mövqeyini daha da sərtləşdirb. Necə deyərlər, aprel döyüşlərindən sonra Lavrovun Bakıya və Yerevana səfər edərək münaqişənin guya 5 rayonun azad edilməsi müstəvisində həll ediləcəyini vəd etməsinin ardınca Rusiyanın Ermənistanı yenidən ən müasir silahlarla silahlandırması danışıqların pat vəziyyətə düşməsinə gətirib çıxarıb. Nəticədə ATƏT Minsk qrupu həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburqda görüşünü təşkil etmək niyyəti hələlik baş tutmamaqdadır.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda görüşün hələlik baş tutmamasının günahkarının Ermənistan tərəfi olduğunu bildirib. Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında: “Yerevan bu günə kimi 2+3 formatında (Azərbaycan və Ermənistan xarici işlər naziri və ATƏT MQ həmsədrləri) danışıqların davam etdirilməsinə razılıq verməyib. Mən bununla bağlı məsələni ATƏT-in xüsusi nümayəndəsi Ancey Kaspşiklə müzakirə etmişəm. Ancaq ondan qəti cavab almamışam. Hamburqda danışıqların baş tutması sülh prosesinə ciddi yanaşıldığını göstərə bilər”,-deyib.

Hamburq görüşünün baş tutmasının sual altında olduğunu və Ermənistanın bu məsələdə sərt mövqedən çıxış etməsinin səbəblərinə toxunan politoloq, millət vəkili Rasim Musabəyovun fikrincə həmsədrlərin həmişəki kimi Ermənistanın nazı ilə oynaması qarşı tərəfin təcavüzkarlıq hərəkətlərinə görə cəzasız qalacağına əmin olmasına gətirib çıxarıb. Rasim Musabəyov: “Əgər həmsədrlər münaqişənin həllinə münasibətdə təcavüzkarın nazı ilə oynamasaydılar və sülh danışıqlarında ikili standartlardan çıxış etməsəydilər, onda problemin həlli bu qədər uzanmazdı”,-deyib.

Öz növbəsində hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Ermənistanın sülh danışıqlarında mövqeyini sərtləşdirməsinin bir səbəbini aprel döyüşlərindən sonra Rusiyanın tacavüzkara “İsgəndər” raketlərini verməsi və bu yaxınlarda adı çəkilən ölkə ilə birləşmiş hərbi komandanlığın yaradılmasında görür. Üzeyir Cəfərov: “Heç kimə sirr deyil ki, Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketləri və təcavüzkar dövlətlə birgə hərbi birləşmələrini yaratması Ermənistanı danışıqlarda iştirak etməməyə cəsarətləndirib. Belə vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın “İsgəndər” raketlərinə bərabər olacaq silahlar alması və bununla bağlı digər cavab tədbirlərini həyat keçirməsindədir”,-deyib.

Hər halda Rusiyanın Ermənistanı ən yüksək səviyyədə dəstəkləməsinə baxmayaraq Azərbaycanın işğal edilmiş torpaqlar məsələsində güzəştə getməyəcəyini Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri çərçivəsində ictimaiyyətin nümayəndələri ilə görüşündə dediyi sözlər də sübut edir. İlham Əliyev həmin görüşdə: “Biz hərbi yolla tarixi torpaqlarımız olan Yerevanı, Gorusu, Mehrini azad etmək istəmirik. Ancaq biz hökmən öz tarixi torpaqlarımıza qayıdacağıq. Belə bir gün hökmən gələcək”,-deyib.

Beləliklə, Ermənistanın yenidən danışıqlar masası arxasında oturmaq istəməməsinə və onu bu məsələdə cəsarətləndirən, danışıqlarda sərt mövqedən çıxış etməsinə əsas səbəbin Rusiya olduğu aydındır. Lakin Azərbaycan Prezidenti İlham Əliyen son açıqlaması da bir daha sübut edir ki, sülh danışıqlarında iştirak etməkdən imtina etməsi Ermənistana nəinki Dağlıq Qarabağı, həm də Azərbaycanın digər tarixi torpaqlarını itirməsi hesabına başa gələ bilər. Aprel döyüşləri də bir daha göstərdi ki, Ermənistanı kimlərin müdafiə etməsindən asılı olmayaraq Yerevan uzun müddət işğal etdiyi torpaqlarda möhkəmlənə və onu əldə saxlaya bilməyəcək…

Əziz Mustafa

BIR CAVAB BURAXIN