Ermənilər təmas xəttində nə yerləşdirib…

0
623

Ermənistan parlamentinin müxalif deputatı Nikol Paşinyan avqustun 12-dən 15-nə qədər bir qrup deputatla təmas xəttinə baş çəkib və gördüklərinə əsasən məqalə yazıb.

Virtualaz.org xəbər verir ki, Paşinyanın məqaləsi dərc olunandan sonra müdafiə naziri Seyran Ohanyan onu qəbul edib və təmas xəttində aprel döyüşlərindən sonra görülən işlərlə bağlı müzakirə aparıb.

Bəs deputat Paşinyan təmas xəttində nələri görüb? Erməni deputatın məqaləsində deyilir ki, cəbhədə “dramatik dəyişikliklər” baş verib. Xüsusən Ağdam istiqamətində texniki kəşfiyyat sistemi gücləndirilib ki, bu da təmas xəttinin qarşı tərəfində Azərbaycan ordusunun texnikasının hərəkətini izləməyə imkan verir.

Deputatın yazdığına görə belə sistem əvvəllər də olub, hələ mart ayında quraşdırılıb və məhz onun sayəsində Azərbaycan texnikasının martın 4-də təmas xəttinə doğru irəliləməsi aşkar olunub. Erməni tərəfi artilleriya atəşi açıb. “İndi bu cür sistemlər bütün təmas xətti boyu yerləşdirilib”-Paşinyan deyib.

Növbəti “dəhşətli yenilik” isə Paşinyanın yazdığına görə, təmas xətti ilə radio və kabel rabitəsinin yaradılmasıdır. Xatırladaq ki, aprel döyüşləri zamanı ermənilərin elementar rabitə vasitələri ilə təchiz olunmadığı, komandirlərin əsgərlərlə və bir-birləri ilə mobil telefonla əlaqə saxladıqları üzə çıxmışdı.

“Əsas yenilik odur ki, yeni rabitə sistemi ordu komandanlığına təmas xəttindəki yüzlərlə postla qapalı rejimdə operativ əlaqə saxlamağa imkan verir, düşmən bu danışıqları dinləmir. Bundan əlavə sistem bütün vizual informasiyanı Ali baş komandana və Baş qərargaha online rejimdə çatdırır”-Paşinyan yazır.

Daha bir yenilik isə demək olar ki, bütün postların gecə görmə cihazları və optik nişangahlı silahlarla təchiz edilməsidir. Habelə postlarda günəş batareyaları ilə işləyən portativ elektrik stansiyalarının tətbiqinə başlanılıb. Paşinyanın yazdığına görə növbəti mühüm vəzifə postların su ilə təchizatıdır. Hazırda itirilmiş Lələtəpə yaxınlığındakı onlarla zastava içməli su ilə təchiz olunub. Əvvəllər isə bu yox idi.

Paşinyan daha sonra etiraf edir ki, 4 günlük müharibədə ermənilər 15 mövqe itiriblər, ona görə də yeni mövqelər tikmək və 56 kilometr yeni yol çəkmək lazım gəlib. Onun sözlərinə görə, indiyədək bu tədbirlərin görülməməsinin səbəbi Ermənistan Müdafiə Nazirliyində hökm sürən korrupsiya idi. Paşinyan aprel döyüşləri zamanı təmas xəttində yararsız ərzaq və texniki vasitələrin də üzə çıxdığını yazır.

Deputat daha sonra bildirir ki, Araz çayından başlamış Talış kəndinə qədər təmas xəttini gəzərkən o, aşağıdakı suala cavab tapa bilmədi: “Niyə biz Talışı və ətraf əraziləri itirdik? Axı bu zona başqalarından fərqli olaraq gecə görmə avadanlıqları ilə təchiz olunmuşdu? Niyə biz cənub istiqamətində ən yaxşı mövqe olan Lələtəpəni itirdik? Biz bu suallara konkret cavablar almadıq, ancaq mənbələr dedilər ki, əhatəli araşdırma aparılıb və detallı məruzə hazırlanıb, hansı ki, hərbi sirrdir”.

Bununa belə deputat qeyd edir ki, ərazilərin itirilməsinin səbəblərindən biri insan amili və ya aşağı təhsili, mənəvi keyfiyyətləri olmayan komandirlərdir. Paşinyan bildirir ki, Talış istiqamətlərində gedən döyüşlərdə özünü yaxşı göstərmiş polkovnik Cəlal Arutyunyan Füzuli-Cəbrayıl istiqamətindəki diviziyanın komandiri təyin olunub.

Erməni deputat gördükləri əsasında bu qənaətə gəlir ki, indi Azərbaycan ordusunun qəfil hücum etmək ehtimalı daha azdır. Paşinyana görə heç kimin ağlına gəlməzdi ki, Lələtəpə əldən gedə bilər, görünür elə buna görə də o itirildi.

Talış kəndinə gəldikdə isə deputat hazırda orada ancaq əsgərlərin olduğunu bildirir. Onun yazdığına görə bir sıra mövqelərin itirilməsindən sonra kənd faktiki olaraq Azərbaycan ordusunun nəzarətindədir. Paşinyan hiddətlənir ki, Talış kəndindən ermənilər qaçdığı halda qonşu Tapqaraqoyunlu kəndindən azərbaycanlılar öz evlərini tərk etmədilər. Deputat qeyd edir ki, Ermənistanın Talış vilayətinin ona yaxın kəndi də Talış kəndinin vəziyyətindədir, ancaq sakinləri oraları tərk etmir.

Virtualaz.org

BIR CAVAB BURAXIN