Prezident İlham Əliyev-Qardaş dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq

0
1860

Azərbaycanın ilk dəfə olaraq qurumun Sammitinə qonaq qismində qatılması, dövlət başçısı İlham Əliyevin buradakı çıxışı  bu baxımdan da diqqətçəkəndir

 

Prezident İlham Əliyevin budəfəki səfəri zamanı Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitində ilk dəfə olaraq qonaq statusunda qatılması bir daha  iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, dövlət başçılarının şəxsi münasibətlərinə, qarşılıqlı etimadlarına işıq saldı. Etimad mühitinin mövcudluğu gələcəyə doğru daha böyük  hədəflərlə addımlamağa əsas verir. Özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə də ayrı-ayrı sahələrdə əlaqələrin hazırkı inkişaf səviyyəsinə xüsusi diqqət yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələr əldə olunub. Səmərqənddə aparılan yenidənqurma işləri, şəhərin abadlaşdırılması, gözəlləşdirilməsi xoş təəssüratla qarşılanır. Qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə əldə olunan  inkişaf Azərbaycan  xalqında böyük sevinc hissi doğurur.  Prezident İlham Əliyev  bildirdi ki, qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.

Hazırda tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər göz önündədir. Dayanıqlı sülhün təmin olunması  yeni əməkdaşlıq formatlarının yaradılması üçün əsas şərtlərdən biridir. Ümumilikdə Azərbaycan hər zaman bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərir. Ədalətin və beynəlxalq hüququn qorunduğu mühitdə hər bir münaqişəli məsələnin ədalətli həlli mümkündür. Azərbaycan daim beynəlxalq tribunalardan bu çağırışı edir. Düşünürük ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammiti bir daha yeni dövrün yeni reallıqlarının təbliğində və qəbulunda  öz sözünü deyəcək. Azərbaycanın ilk dəfə olaraq qurumun Sammitinə qonaq qismində qatılması, dövlət başçısı İlham Əliyevin buradakı çıxışı  bu baxımdan da diqqətçəkəndir. Prezident İlham Əliyev   Sammitdəki çıxışında bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

 

Gülnaz Məmmədova -Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi