Dağıstanda iki cür qızqaçırma var…

0
663

İslamda gəlini oğurlamaq qadağandır. Hətta onun özü buna razı olsa belə.

Amma nə qanun, nə İslam dini, nə də adətlər evlənmək üçün qız qaçırmaq qərarına gəlmiş dağıstanlıların qarşısını ala bilmir.

Səkkiz ildən çoxdur ki, Dağıstanda müftilik qaçırılmış gəlinlə nikahı yasaqlayıb. Rusiyanın Cinayət Məcəlləsində də belə hallar üçün yumşaldıcı yanaşma nəzərdə tutulmayıb. Ancaq hüquqşünasların sözlərinə görə, Dağıstanda qaçırılmaların statistikası yüksək olaraq qalır.

 

“ŞƏRİƏT MƏHKƏMƏLƏRİ DƏ VARDI”

Bir neçə gün əvvəl 29 yaşlı Dağıstan sakini Mahaçqalada 22 yaşlı qızı qaçırıb. Polis onu Dərbənd rayonunda saxlayıb. Onun qızı silahla hədələyərək qaçırdığı ortaya çıxıb. Həmin şəxs qızı qohumlarıgildə gizlədərək onunla evlənmək istədiyini polisə etiraf edib.

Faktla bağlı “insan oğurluğu” maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxs həbsdədir.

Tarixçi Zaira Alihajiyeva deyir ki, Dağıstanda qız qaçırmaq adəti qədimdən mövcud olub, ancaq geniş yayılmayıb. Çünki nə adətlər, nə də şəriət qadın oğurluğuna haqq qazandırmayıb.

«İki cür qızqaçırma var idi. Birincisi, sözləşməklə qaçırma. Bir-birinə aşiq olan, həm həyatını, həm də cəmiyyətdəki mövqeyini riskə atmağa hazır gənclər bu yola əl atırdılar. İkinci növ isə gəlinin razılığı olmadan qaçırmadır. Belə hallar bəzən qanlı intiqamla sona çatırdı. Dağıstanda nikah münasibətləri “adət” adlanan ənənəvi hüquqla nizamlanırdı. İslamın bu yerlərə gəlib çıxmasından sonra adətlər şəriətlə birlikdə yaşadı. İmam Şamilin Dağıstanda İmamət yaratmasına qədər hər iki sistem uğurla gerçəkləşdirdi. İmam Şamil adətləri ləğv edərək hər yerdə şəriət qaydalarını tətbiq edib. Qafqaz müharibəsi sona çatandan sonra ölkə ərazisində bütün məhkəmələr Rusiya qanunları ilə keçirilib. Ancaq burada şəriət məhkəmələri 1927-ci ilədək mövcud olub», tarixçi deyir.

 

“ƏMƏLİ TÖRƏDƏNİN EVİ UÇURULURDU”

Alihajiyevanın sözlərinə görə, nə adətlər, nə də şəriət qadınların oğurlanmasına haqq qazandırmırdı. «Ancaq bu qanunlar və qaydalar nadir hallarda fiziki cəza, yaxud ölüm hökmünü nəzərdə tuturdu. Çox zaman əmlak cəzası kəsilirdi: mal-qara, qiymətli əşyalarla cərimələr ödənirdi, yaxud da bu əməli törədən şəxsin evi uçurulurdu», deyə alim qeyd edir.

O əmindir ki, bu gün qızın iradəsinin ziddinə qaçırma artıq yoxdur.

Faktlarsa başqa şey deyir. Dağıstan prokurorluğunun məlumatına görə, ötən il ərzində respublikada evlənmə məqsədilə qaçırma halları ilə bağlı 150-dən çox məlumat qeydə alınıb. Qızların istəklərinin ziddinə evlənmə məqsədilə qaçırılması faktları ilə bağlı 6 cinayət işi açılıb.

Qanun keşikçilərindən başqa, dini idarə – müftilik də bu halla mübarizə aparır. Dağıstan müftiliyinin qərarına görə, imamların qaçırılmış qızlarla nikahları kəsməsi qadağandır.

 

“AĞIR GÜNAH İŞLƏTMİŞ SAYILIR”

Mahaçqalanın mərkəzi məscidinin imam müavini Mahgomed Abdulkadyrovun sözlərinə görə, din evlənmək məqsədilə qaçırmaya son dərəcə mənfi yanaşır.

«İslam gəlini qaçırmağı qadağan edir. Hətta gəlinin özü buna razılıq versə də. …İslamda yalnız vacib şərtlər yerinə yetirilərsə, nikah qanuni sayılır. Məsələn, tərəflərin hər ikisinin razılığı, iki müsəlman şahidin iştirakı, nikahın ictimai şəkildə elan olunması (toy). Gəlinin qaçırılması zamanı bu şərtlərə əməl olunmaya da bilər. Nəticədə belə nikah etibarsız sayılacaq. Qız qaçıran şəxsin oğurluq, sataşma və zorlama kimi ağır günahlar işlətdiyi hesab edilir», deyə imamın müavini bildirib.

Rəsmi qanunlara gəlincə, evlənmə məqsədilə qaçırma halları üçün yumşaldıcı addımlar nəzərdə tutulmayıb. «Ancaq, iş məhkəməyə ötürülənə qədər artıq qaçıranla qaçırılan arasında yeni ailə yaranır. Cəza kəsilən zaman zərərçəkmişin vəziyyəti nəzərə alınır. Onun özü də cəzanın yumşaldılmasını xahiş edir. Məhkəmə də bunu yumşaldıcı hal kimi qəbul edir», deyə dağıstanlı vəkil bildirib.

BIR CAVAB BURAXIN