Böyük çillə gedir, sərt kiçik çillə gəlir

0
1250

Artıq bir neçə gündən sonra Böyük çillə öz yerini Kiçik çilləyə verəcək. Məlum olduğu kimi, xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür. Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir. Kiçik çillə isə yanvarın 31-dən fevralın 19-dək, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.

Adətən Böyük çillə daha mülayim olsa da, Kiçik çillə daima şaxtalı, sərt soyuq havalar ilə müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır. Bu günlərdə keçirilicən ən maraqlı mərasimlər “çillə gecələri”dir. Kənd yerlərində doğulub boya-başa çatan insanlar yaxşı bilir ki, bu, ən böyük maraqla qeyd edilən mərasimlərdən biridir.

Məlum olduğu kimi, Böyük çillənin başladığı günün əvvəlki axşamı, ilin ən uzun gecəsi bayram edilir. Bu zaman hər bölgənin iqlim və imkanlarına görə payız mövsümünün son günlərinə qədər saxlana bilən meyvələrdən süfrə açılır. Quru və yaş meyvələrin yanında şirniyyat, fəsəli, qatlama, nəzik kökə və s. də süfrədə olur. Qeyd edək ki, “çillə gecəsi”ndə qarpız süfrənin ən baş neməti sayılır. Bu qarpıza “çillə qarpızı” deyilir və onun kəsilməsi ailələrdə böyük şadlıqla müşayiət olunur. Bu ənənə çox bölgələrimizdə artıq sıradan çıxıb. Lakin Cənubi Azərbaycanda bu adət hələ də yaşayır və geniş şəkildə qeyd edilir.

Qarpızın yeyilməsi bir növ sanki soyuğa etirazdır. Adəti üzrə hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə verilir. Qoz halvası, kök halvası, paxlava, toxum(tum) və meyvələr və digər şirniyyatlar da bu gecədə süfrədə olmalıdır.

Bunlardan başqa, “çillə axşamı”nın özünə xas ənənələri var. Etnoqraflar bildirir ki, nişanlı qızlar və yeni gəlinlərə qayınana, qayınata və digər birinci dərəcə yaxınları tərəfindən hədiyyələr göndərilir. Bu hədiyyələrə “çilləlik” deyilər. Çilləlik hava qaralmadan hazırlanıb göndərilir. Adət və ənənələr, mərasimlər sistemində xüsusi yer tutan “çillə payı”nın göndərilmə ənənəsi də maraqlıdır. “Çillə payı” yeddi qaba qoyulur. Bu qablara da “çillə qabı” deyilir. Əvvəlcə qablar hazırlanır, üzəri ağ və ya al şal ilə örtülür. Qabların birinə qarpız, birinə qovun, birinə nar, birinə qırmızı alma, birinə armud, birinə un və düyü, birinə parçalar, birinə paltarlar, birinə də qızılla gümüş qoyulur. Hazırda bu ənənə yaşamasa da, maraqlı məqamlarla zəngindir.

Etnoqraflar qeyd edir ki, həmin ənənəyə görə, qızın və ya gəlinin ana və atası hədiyyə gətirənləri önlərində üzərrik yandıraraq qarşılayarlar, hədiyyələri hörmətlə götürüb evdə otağına düzürlər. Hədiyyələri gətirənlərə pul, yun corab kimi hədiyyələr verilir. Qız və oğlan tərəfləri birlikdə şənlik edirlər. Gətirilən hədiyyələrdən ertəsi səhər qonum-qonşuya pay göndərilir.

“Çillə gecəsi” həm də düyü plovu bişirilir. Bişirilən bu plovun çillələr müddətində xoşbəxtlik gətirəcəyinə inanılır. Gecə boyunca mahnılar oxunur, kos-kosa, bəxt açma, qapı dinləmə kimi ənənəvi kənd oyunları oynanılır.

Bundan başqa, Kiçik çillənin ilk ongünlüyündə “Xıdır Nəbi” adlanan mərasimlər keçirilir. İnanca görə bu mərasimlərdə Kiçik çillənin soyuğundan çıxmaq üçün Xızırdan imdad diləyirlər. Bəzi bölgələrdə isə “Xıdır Nəbi” mərasimləri Kiçik çillənin sonrakı ongünlüyündə keçirilir. Bayram Xıdırın anadan olduğu gün qeyd edilir. Adətən mərasimə 10 gün əvvəldən hazırlıq görülür. Əfsanəyə görə Xıdır Nəbi bayram başlamazdan əvvəl göy atına minib göyə çıxır və həmin vaxtdan güclü külək əsməyə başlayır. Bayramın birinci günündə torpaq tərif olunar, torpağın isinməsi məqsədi ilə od qalanar, bağlar, əkin yerləri təmizlənərdi. İkinci gün öküzlərin sayı qədər duzsuz kömbə bişirilərdi. Üçüncü gün isə cütçülər, əkinçilər tərif olunardı. Həmin bu üç gündə hava işıqlanmamış cavanlar Xıdır Nəbini axtarışa çıxardılar. Onlar “Xıdırçı” adlanırdı.

Kiçik çillənin onuncu günü Xıdır Nəbinin gəlişi münasibətilə axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığar, onun şərəfinə təmtəraqlı süfrə açılardı…“Yeni Müsavat”

BIR CAVAB BURAXIN