Ötən həftə İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız – iki bacı rəqiblərinə qalib gəliblər. Parlament seçkilərində Aylin Fazelian Sosial-demokrat partiyasından Rksdağa, onun bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz partiyasından əyalət parlamentinə üzv seçiliblər.
Uğur qazanan xanımlar əslən güneylidirlər. Onlar illərdir ki, İsveçin Göteborg şəhərində yaşayan Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözcüsü Mahmud Bilginin övladlarıdır. Bu münasibətlə Mahmud bəylə söhbət etmək istədik. Azərbaycanın quzeyində də çoxlarına tanış olan Mahmud Bilgin 1956-cı ildə Güney Azərbaycanın Urmu şəhərində anadan olub. Elektrotexnika üzrə ali təhsil alıb. 1977-ci ildə şah rejiminə qarşı savaşda ağır yaralanıb, onu sinəsindən bıçaqlayıblar. İranda iki il gizli yaşayandan sonra ölkəni tərk etməyə qərar verib.
-Mahmud bəy, bu xoş xəbər hər birimizin ürəyini dağa döndərdi. Bəs, siz bu xəbəri necə qarşıladınız? Hər iki övladınızın qalib olacağını gözləyirdinizmi, yoxsa gözlənilməz oldu?
-Yox, biz illərdir ailəlikcə bu məsələdən danışırdıq, fikirləşirdik, gözləyirdik. Pillə-pillə, addım-addım uşaqların bu prosesə doğru gedilməsinin şahidiydik. İllər öncə qızların adları partiya siyahısına daxil edildi. İsveçdə seçilmə başqa ölkələrdən bir az fərqlidir. Burada partiyalar kimin adını siyahıya əlavə edirsə, onun qalib çıxa biləcəyi, yaxud çıxa bilməyəcəyi öncədən bəlli olur. Məsələn, tutaq ki, partiyanın 60 namizədi var, deməli, 20-30-cu adamın şansı yoxdur. Amma ilk üçlükdə olan şəxslərin şansı daha yüksəkdir.
-Xanımlar siyahıda neçənci idilər?
-Aylin siyahıda ikinci yerdəydi. Ona görə bilirdik ki, o, yüzdəyüz seçiləcək. Amma yenə də görürsən ki, bəzi hadisələr olur. Allaha şükür, heç bir problem yaranmadı, normal seçki oldu. Ayda isə siyahıda birinci yerdəydi, ancaq əyalət parlamentində. Burada üç seçki var idi, milli parlamentə, əyalət parlamentinə və bələdiyyələrə seçkilər. Digər bir dostumuz Turan Əliyev də bələdiyyələrin birinə seçildi. O, bələdiyyə seçkilərində üçüncü sıradaydı. Bizimlə qonşudur. Bakıdan gəlib, əslən Naxçıvanlıdır. Çoxdan burada yaşayır və fəaldır.
-Maraqlıdır, digər qızınız ölkə parlamentə iddia etmədi, yoxsa nədən əyalət parlamentinə seçkiyə qatıldı?
-Böyük qızım Aydanın partiya məsulları ilə əlaqələri çox yaxşıdır. Ancaq onun 3 uşağı var, özü də sonbeşiyi yeni dünyaya gəlib, üç aylıqdır. Düşündü ki, milli parlamentə gedib-gəlməsi, iştirakı ailə baxımından çətinlik yaradacaq. Ona görə də 1 saatlıq məsafədəki əyalət parlamentinə düşməyə qərar verdi. Düşündü ki, orda olsa, həm də təcrübə baxımından yaxşı olar. Ayda İsveç siyasətinə 5 ildir qatılıb. Amma Aylinin yaşı az olsa da 14 yaşından siyasətdədir. Aylin 12 ildir siyasətlə məşğuldur.
-Qızlarınızın siyasətə gəlişində daha çox kimin rolu oldu?
-Hər ikisi universitet təhsillidir. Aylin Göteborq Universitetini, Ayda isə Lund Universitetinin Malmo bölməsini bitirib. Ayda neçə illər Güney Azərbaycan məsələləri ilə bağlı mənimlə çalışıb. Demək olar ki, mənimlə birlikdə senatorlarla görüşüb, Avropa Parlamentində olub, YUNESKO-ya gedib. Yəni əsas məşğul olduğu məsələlər Güney Azərbaycan, milli dərdlərimiz olub.
-Mahmud bəy, neçə övladınız var?
-3 övladım var. Üçüncüsü Atilladır. Onun 12 yaşı var.
-Oğul övladınız da siyasətə meyl edir, deputat olmaq istəyirmi?
-(Gülür) İnşallah! Vallah, demək olar ki, 30 ilə yaxındır ailəmizdə gündəlik məsələlər siyasət haqdadır. Güney məsələsi, Azərbaycan məsələsindən danışırıq hər zaman və uşaqlar da siyasi məsələlərə alışırlar.
-Ailənin xanımının siyasətə münasibəti necədir?
-Uşaqların anası Əfsanə Sulduzlu Güneydən, əslən Sulduzdandır. O da Güney Azərbaycanın milli fəallarındandır. O da siyasətə bağlı insandır. Həyat yoldaşım da milli məsələlərdə aktiv olduğu üçün bunun da uşaqlara təsiri olub.
-Qızlarınız harada anadan olublar?
-Ayda 34 il bundan öncə Təbrizdə anadan olub. Aylinlə Atilla isə İsveçdə, Göteborqda doğulub.
-Avropaya, İsveçə necə gedibsiniz?
-Aydanın 3 yaşı olanda biz İrandan qaçdıq, Araz çayını keçib bu taya gəldik. Aprel ayında qaçdıq.
-Həmin günü necə xatırlayırsınız?
-Arazdan keçəndə Ayda qucağımdaydı. Çayın ortasında su sinəmə qalxmışdı…
-Bəs, sərhədçilər sizi görmədi?
-Yox. Şansımız gətirdi. Hələ onda sovet dövrü idi, Qorbaçovun zamanıydı. Söhbət 1987-ci ildən gedir. Təbii, sovet sərhədini o şəkildə keçmək imkansız idi. Amma biz bunu bacarmışdıq. Keçdik bu taya. Sonra bizi Lənkərana apardılar, 13 gün orda saxladılar. Sonra isə Özbəkistana təhvil verdilər, Daşkəndə yolladılar. İndi də Ayda həmin hadisəni xatırlayır, deyir, atamgil risk edib qaçdılar.
-Niyə Özbəkistana təhvil verildiniz?
-Onda men “Fedi xalq” sol təşkilatı ilə çalışırdım. Onların mərkəzi Daşkənddəydi, Bakıda da üzvləri var idi.
-Yəni orda sizi həbs etmədilər?
-Yox, zatən Qarbaçov vaxtıydı, bizə ehtiram göstərirdilər. Ev və iş tapmaq imkanı verdilər. Sonra mən iki il partiya məktəbində oxudum. Orda 2 il yarım qaldıqdan sonra biz bura gəldik. 1991-ci ildən İsveçdəyik. Təqribən 27 ildir.
-Qızlarınız kiminlə ailə qurublar?
-Aydanın toyu Bakıda olub, kürəkənim mərdəkandandır. 3 qızı var, adlarını da özü seçib: Asena, Almila və Ayana. Aydanın həyat yoldaşı Fuad Kərimli uşaq məhbəsində müəllimlik edir. Digər qızım rəsmən evlənməyib, amma nişanlıdır. Uşaqlar ana dilində danışırlar, tam Azərbaycan sevgisi ilə böyüyüblər. İsveç vətəndaşları olsalar da, bu ölkəyə inteqrasiya olunsalar da, ürəklərində Azərbaycan sevdası var. Azərbaycanın inkişafı, demokratiyası, tərəqqisi onlar üçün mühüm məsələdir.
-Heç danışırlarmı ki, milli parlamentdə, yaxud əyalətdə hansı məsələləri qaldıracaqlar?
-Bundan əvvəl Aylin əyalət parlamentinə seçilmişdi. İlk azərbaycanlı idi ki, əyalət parlamentinə seçilmişdi, 4 il orada təmsil olundu. İndi yerinə bacısı gəldi. Amma ayrı partiyalardandırlar. O zaman Aylin beynəlxalq məsələləri qaldırırdı. Həmçinin əyalətin inkişafı ilə bağlı təkliflər verirdi. Milli parlamentdə isə hansı qrupda iştirak etməsi ona uyğun bilinəcək, bu, hələ bəlli deyil. Ölkə parlamenti sentyabrın 24-də işə başlayacaq. Özü də parlamentin birinci günündə hər kəs özü ilə bir nəfəri iclas zalına, açılış mərasiminə apara bilər. Mən də parlamentin açılışınsda qızımla birlikdə iştirak etmək şansı əldə etmişəm.
-Yəqin ki, sizə çoxsaylı təbriklər gəldi…
– Daha çox reaksiyalar Azərbaycanımızdan, Bakıdan gəldi. Onlar öz duyğusal fikirlərini yazdılar. Həmçinin bir sıra insanlar öz problemlərini yazırlar, bizim uşaqlardan xahiş edirlər ki, həmin məsələlərə diqqət ayırsınlar. Bu məsələ məni həm narahat edir, həm də sevindirir. İnsanlar çalışırlar ki, məsələlər tezliklə həll olunsun. Hər halda arzumuz budur ki, gənclərimizin önü açılsın. Gənclərimizin hamısının bu istiqamətdə irəli getmələri çox sevindirici olar.
-İsveç parlamentində başqa türk deputat varmı?
-Mən biləni Stokholmdan bir namizəd var idi. Amma onun sonrakı taleyindən xəbərim yoxdur.
-İsveçdə Azərbaycan diasporunun durumu necədir?
-Ən güclü diaspora Göteborqdadır. Keçən seçkilərdə də çox aktiv idi, çox işləmişdik. Elə bizim Turan bəy 4 il öncə proseslərə qatıldı, Aydanın təbliğatı ilə. Digər partiyalarda da azərbaycanlılar var idi, təəssüf ki, səs qazana bilmədilər.
-Mahmud bəy, bəs, siz özünüz necə, parlament uğrunda mübarizə aparmaq istərdiniz?
-Yox, mən Güney Azərbaycan məsələsi ilə məşğul olduğum üçün İsveçdə siyasi məsələlərə qatıla bilmirəm.
-Güney Azərbaycandan dünyaya yayılan “Səni deyirlər”ini İsveçdə necə qarşıladınız?
-Çox böyük maraqla qarşıladıq. Hətta ailəlikcə razılaşmışıq ki, bir gün dəniz qırağına gedəcəyik, orda bu mahnını birlikdə, qızlarımızla oxuyacağıq, biz də bununla Güneyə mesaj ötürəcəyik, Urmu gölünə dəstək verəcəyik.
Elşad Paşasoy,
“Yeni Müsavat”