“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı İbri dilində də çap olundu

0
1410

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı İsrail dövlətinin rəsmi dövlət dili olan İbri dilində çap olunub.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.

Monoqrafiyanın tərcüməçiləri Azərbaycan Dillər Universitetinin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin müdiri Emiliya Xudiyeva və mərkəzin əməkdaşı Günay Səfərova, redaktoru isə İsrailin Netanya Akademiyasının məzunu Roni Azik qızı Strovdur.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “Böyük Ermənistan” adlı dövlətin olmadığının isbatına həsr edilib.

Kitabın redaktoru Roni Strov Bakıda anadan olub və o, Yaqub Mahmudovun araşdırmalarını yüksək qiymətləndirərək, nəşrdə belə yazıb: “İndi vətənim Azərbaycanın heyrətamiz tarixini, haradan gəldiyimi bilirəm. Çox şey öyrəndim. Hazırda doğulduğum ölkəyə daha çox aid olduğumu hiss edirəm. Bu kitabı oxumaqdan zövq aldım. Ümid edirəm ki, kitabdan mənim qədər oxucular da zövq alacaq”.

Xatırladaq ki, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı bundan əvvəl türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan və fransız dillərində də nəşr olunub.

Arazinfo.com

BIR CAVAB BURAXIN