0
941

Donbassda müharibə gedir, “Qrad” raketləri yağdırılır…

Ukrayna ordusunun 72-ci Qvardiya əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidməti bildirir ki, hal-hazırda Donetsk separatçılarının qüvvələri Rusiya ordusu ilə birlikdə Avdeyevka qəsəbəsini intensiv atəşə tutur. Səhər saatlarında qəsəbəyə 4 “Qrad” qurğusundan 160 raket buraxılıb, ciddi dağıntılar var.

Ukrayna tərəfi bildirir ki, Rusiya atəşin dayandırılmasına dair müraciətlərə reaksiya vermir və hazırda da artilleriya-raket zərbələri davam edir.

Ukrayna ordusunun antiterror əməliyyatları üzrə qərargahının bildirdiyinə görə separatçılar Avdeyevka rayonunda dəfələrlə həmlə ediblər, lakin Ukrayna hərbçiləri onları geri oturda biliblər. Hər iki tərəfdən itkilər var.

Ukraynanın şərqində vəziyyətin kritik ölçülərdə gərginləşdiyinə dair xəbərlər yayılır. Rusiyayönümlü separatçıların bildirdiyinə görə Ukrayna silahlı qüvvələri Donetsk vilayətinin Avdeyevka və Yasnovita qəsəbələrini intensiv artilleriya-tank atəşinə tutur. Qarşı tərəf cavab atəşi açır. Separatçılar Ukrayna ordusunun ağır itkilər verdiyini iddia edir. Qondarma “Donetsk xalq respublikası”nın “müdafiə naziri” Eduard Basurin bildirib ki, komandanlığın prezident Pyotr Poroşenkoya göndərdiyi məxfi hesabat onların əlinə keçib. Həmin hesabata əsasən Ukrayna silahlı qüvvələri son iki gündə 78 hərbçisini itirib, onlarla hərbçi yaralanıb.

Ukrayna tərəfi isə bildirir ki, separatçılar cəbhə xəttinin Avdeyevka istiqamətində silahlı qüvvələrin mövqelərini intensiv atəşə tutur. Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib ki, Pyotr Poroşenko Avdeyevkada yaranmış vəziyyətə görə Almaniyaya səfərini yarımçıq qoyub və təcili Kiyevə geri dönüb. Rəsmi Kiyev döyüşlərdə 10-dan artıq hərbçinin öldüyünü bildirir.

Separatçıların bildirdiyinə görə Ukrayna artilleriyasının zərbələrinə görə Donetskdəki Zasadko şaxtasında 230 şaxtaçı yerin altında qalıb, şaxtanın elektrik xətti qırılıb və bu səbəbdən şaxtaçıları yerin üstünə qaldıran lift işləmir.

Virtualaz.org

BIR CAVAB BURAXIN