Yadplanetlilərdən MESAJ: “Biz varıq, nə üçün yolunuzdan çıxmısınız?”

0
713

Son vaxtlar müxtəlif ölkələrdə Uçan Naməlum Obyektlərin (UNO)  görünməsi halları artıb. İyulun 9-da Beynəlxalq Kosmik Stansiyadan canlı yayım zamanı orbitdə uçan naməlum obyekt (UNO) görünüb. Obyekt görünən kimi NASA canlı yayımı kəsib. İnternet istifadəçiləri sirli obyektin yadplanetlilərə, ya da Çinə aid ola biləcəyini iddia etsə də, NASA bu barədə heç bir açıqlama vermədi.

Bir neçə gün əvvəl isə Səudiyyə Ərəbistanında qəribə hadisə baş verib. Səhraya UNO enib. Yerli sakinlərin lentə aldığı videoda UNO-nun qapılarının açıldığı və yadplanetlinin yerə endiyi, daha sonra  UNO-nun  havaya qalxdığı görünür. Bundan bir müddət sonra isə yadplanetli havaya çəkilir.

Sonuncu dəfə UNO-larla bağlı görüntü Rusiyada qeydə alınıb. Bu ölkə təyyarəsinin xaricinə quraşdırılmış kameraya uçan naməlum aparatların görüntüləri düşüb.  Bir çox ufoloqlar bu videonun xarici sivilizasiyanın varlığına ən yaxşı sübut olduğu deyib. Bir sözlə, yadplanetlilərin varlığı son vaxtlar aktuallaşıb. Onlar insanların gözünə daha çox görünməyə başlayıb.

 

Şair-publisist, ufoloq Nazim Əhmədli Publika.az-a müsahibəsində UNO-ların yer kürəsində tez-tez görünməsinin  səbəblərinə, yadplanetlilərin gəlişlərinin məqsədlərinə aydınlıq gətirdi.

 

– Son vaxtlar yadplanetlilərlə bağlı xəbərlər çoxalıb. Səbəb nədir? Belə varlıqlar var?

– Onlara inanmaq lazımdır. Kainat böyükdür və Yer kürəsi kainatda tək deyil. Başqa sivilizasiyalardan yadplanetlilər hər zaman Yer kürəsinə gəlib-gedirlər. Dəniz və dağların altında onların bazaları da var. İnsanlarla əlaqə saxlamamalarının səbəbi Yer kürəsinin kosmik birliyin üzvü olmamasıdır. Kainatda planetlərin kosmik birliyi var. Yer kürəsində atom stansiyaları,  narkotik vasitələr var. Yadplanetlilər onların öz planetlərinə ixrac olunmasından qorxur. Ona görə də, Yeri həmin birliyə daxil etmirlər. Həm də bizim sivilizasiya daha aşağı səviyyəlidir. Onlar çox zaman gizlin şəkildə gəlib-gedirlər.

 

– Bu gedib-gəlmələrin səbəbi nədir?

– Onlar Yer kürəsini nəzarətdə saxlayırlar. Milyon illərdir Yer kürəsinə gəlirlər. Hətta uzun illər NASA bilərəkdən bu məlumatları insanlardan  gizlədib. Çünki insan beyni onları dərk edəcək səviyyədə deyil. Onlar birdən-birə gəlsələr, insanlar şoka düşər, bədbəxt hadisələr baş verə bilər. Onlar yüz min illər ərzində bizim bəşəriyyətə inteqrasiya olunacaqlar. Artıq bəşəriyyət hər şeyə hazır olmalı, onları görməyi normal qarşılamalıdır. Onlar barədə yayılanlar fotoşop deyil, reallıqdır. Bu gün onlar bəşəriyyəti nəzarətdə saxlayırlar. Harada kosmodramlar, böyük hərbi hissələr varsa, yadplanetlilər onlara nəzarət edir.

 

– Niyə nəzarət edirlər ki?

– Çünki Yer kürəsi kosmosun bir hissəsidir. Burada baş verən hər hansı pis hadisə kosmosa da öz təsirini göstərə bilər. Ona görə də, onlar daim Yer kürəsini nəzarətdə saxlayırlar.

 

– Son vaxtlar onlar daha çox görünür. Bunun səbəbi nədir?

– Bu  gün Yerdə çox böyük haqsızlıqlar, müharibələr olur. Bunlar hamısı bəşəriyyətin aurasında mənfi emosiyaların yığılmasına xidmət edir. Mənfi enerji ekologiyanı korlayır. Onlar Yer kürəsində ekoloji tarazlığın pozulmasından narahatdırlar. Çünki burada ekologiyanın pozulması kainatdakı başqa sivilizaiyalara təsir edə bilər. Kainat bütövlükdə canlı orqanizmdir. Bütün sivilizasiyalar bir-biri ilə əlaqədardır. Onlar milyon illərdir Yer kürəsinə gəlib –gedirlər. Əsasən də, dünyanın hansı bucağında təbii fəlakət, müharibələr olanda ora gəlirlər. Bu gün bəşəriyyət çaşıb, müharibələr, ölümlər, pula maraq, hərislik, dünyanı sərhədlərə, dinlərə, dövlətlərə bölmək, işğalçılıq halları artıb. Ola bilər ki, son vaxtlar daha çox gəlib-getmələri də  məhz bununla bağlı ola bilər.  Bizdən daha yüksək ağılda olduqlarını, varlıqlarını müxtəlif işarələrlə göstərmək istəyirlər. Onlar  Yer kürəsinin işinə qarışmırlar. Çünki insanlar özləri kamilləşməlidirlər. Həm də onlar yüksək ağıllı varlıqlardır. Birdən-birə yüksək ağıllı birinin insanlara qoşulub küçədə kofe içməsini gözləmək mümkün deyil. Onların səviyyəsi ilə bizim səviyyə arasında milyon illər var.

 

– Yerin işinə qarışsalar, nə baş verərdi?

– Onlar Yer kürəsinin işinə qarışsalar, bütün problemləri çox qısa bir zamanda, 5 günə həll edə bilərdilər. Amma onların nizamnaməsində elə şey yoxdur, yəni qarışa bilməzlər.

 

– Yer kürəsinin işinə qarışmırlar, amma onların yeri qoruduğunu dediniz. Necə qoruyurlar?

– Yer kürəsinə meteorit düşəndə qarşısını ala bilirlər. Günəş sistemi planetləri süni şəkildə yaradılıb və çox dəqiq yaradılıb. Bu dəqiqlik Yer kürəsinə gələn bütün səma cisimlərini yaşayış olmayan planetlərə yönləndirir. Məqsəd Yer kürəsini müəyyən təzyiqlərdən qorumaqdır. Buradan da belə nəticə çıxarmaq olar ki, yer onların nəzarətindədir.

 

– Yadplanetlilərin Yer kürəsinə inteqrasiya edəcəyindən danışdınız. Onlar inteqrasiya edəndən sonra nə baş verəcək? Nə dəyişəcək?

– ABŞ hökumətinin çoxdandır ki, onlarla əlaqəsi var. Müntəzəm görüşləri olur. Hətta müəyyən dövrlərdə prezidentlərin  onlarla görüşməsi barədə fikirlər yayılmışdı.

 

– Bəs görüşəndə hansı dildə, necə danışıblar?

– Bu məsələdə müxtəlif versiyalar var. Onlar müxtəlif növlüdür. Eləsi var ki, danışa bilir, bəziləri sadəcə telepatiya ilə əlaqə saxlayır. Onların konkret necə ünsiyyət qurması tam təsdiq edilməyib. Mən Moskvada oxuyanda, yadplanetlilərin oğurladığı bir nəfərlə görüşümdük. Bizi müəllimimiz tanış etmişdi, qrup şəklində gedib həmin şəxslə danışmışdıq. Onu oğurlayıb aparmışdılar, sonra da geri qaytarmışdılar. Həmin vaxt yer kürəsində 3 gün, yadplanetlilər üçün isə bu cəmi 15 dəqiqə vaxt aparmışdı.  Həmin adamın yaddaşını silmişdilər. Amma az da olsa, bəzi nüanslar yaddaşında qalmışdı. Dəyirmi bir otağa apardıqlarını, hər tərəfin şüşə olduğunu demişdi. Təxəyyülündə qalanlarla onların şəklini də çəkmişdi. Təxminən 2.5 metr hündürlüyündə, mavi gözlü insanabənzər varlıqlar olublar.

 

– Onun dediklərinə necə inanmaq olar? Bu gün kimsə gəlib belə bir əhvalat danışsa, heç kim ona inanmaz.

– Yox, inanmaq lazımdır. Bunun üçün “Qurani-Kərim”ə müraciət etsək, görərik ki, orada da buna işarə var. Orada qeyd olunur: “Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi rəbbil-aləmin”. Bu o deməkdir ki, Allah bütün aləmlərin rəbbidir. Yəni kainatda başqa aləmlər də var, onlar hamısı Allahın nəzarətindədir.

 

– Deyəsən, yay fəslində daha çox görünürlər, ya da bu fəsildə UNO-larla bağlı daha çox xəbər yayılır. Bunun bir səbəbi varmı?

– Ola bilər ki, yay fəslində daha çox gəlmək onların proqramlarına uyğundur. Yayda təbiət daha gözəl olur. Lakin bu, mənim şəxsi versiyamdır. Düşünmürəm ki, daha çox yayda gəlirlər.  Bütün fəsillərdə gəlirlər. Sonuncu dəfə Səudiyyə Ərəbistanda görünüblər. Ola bilər  ki, son illər şərqdəki müharibələr və s. səbəbdən  oranı seçiblər. İnsanlara göstərmək istəyirlər ki, “biz varıq, nə üçün yolunuzdan çıxmısınız?” Dünyanın müxtəlif ölkələrində onlar təbiətdə işarələr qoyurlar. Xüsusən, əkin sahələrində qoyduqları izlərlə Yer kürəsinə varlıqları ilə bağlı mesajlar verirlər.

 

– Onları  görmək üçün xüsusi güc olmalıdır, yoxsa hər kəs görə bilər?

– Dünyada elə insanlar var ki, onlarla əlaqədədirlər, danışırlar. Özləri kimlə danışmaq lazım olduğunu bilirlər. İstədikləri insanla əlaqəyə girə bilərlər, ancaq seçilmiş insanlarla əlaqəyə girirlər. Məsələn, ABŞ kimi dövlətləri seçirlər, bunun üçün müəyyən məqsədləri var. Əsasən, gizli gəlirlər, aşkar olduqları vaxt da mətbuata çıxır. Daha çox görünməməyə üstünlük verirlər.

 

– İnsanlarla görüşməkdə məqsədləri nədir?

– O vaxtlar ABŞ prezidenti ilə danışanda bu ölkənin əhalisinin 2%-i oğurlayıb aparmaq istəmişdilər, qarşılığında onlara yeni texnologiyalar verəcəkdilər. Bu məsələdə razılaşdılar. Amma təkcə ABŞ yox, digər ölkələrdə neçə faiz əhalini oğurladılar. Hər gün dünyada nə qədər insan yoxa çıxır. Onları kim aparır? Əlbəttə, yadplanetlilər.

 

 

– Nə üçün aparırlar ki?

– Yadplanetlilər özləri bir neçə qrupa bölünür. Eləsi var ki, Yer kürəsinə düşmən mövqe tutur, mənfi emosiyalıdır, eləsi də var ki, Yeri qoruyur.

 

– İnsanları aparanlar hansı qrupdandır?

– Hər ikisindən var. Onlar insanları aparır, öz mühitlərini göstərirlər, danışdırırlar, sonra da geri qaytarırlar.  Onlar qayıdandan sonra müəyyən qabiliyyətləri meydana çıxıb. Onlar o qədər yüksək sivilizasiyadır ki, hər şeyi bacarırlar. Bəzilərini də aparıb, özləri ilə birləşdirib, yeni bir məxluqlar yaradırlar.

 

– Siz onları görmüsünüz?

– Onların göy üzündə hərəkətlərini görmüşəm. Bilmişəm ki, uçan obyektlərdir, təyyarə deyil. Laçın rayonundanam, orada olanda  bir dəfə üç işıq saçan boşqab başımın üstündən keçmişdi. Yüksək sürətlə hərəkət edirlər.

 

Gülxar 

BIR CAVAB BURAXIN