Vahe sindromu

0
724

11

Milli zəmində başımıza gələn bütün faciələrin əsasında, yaşadıqlarımızdan ibrət götürməməyimiz dayanır. Hər kəs razılaşır ki, millət olaraq ən böyük faciəmiz torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasıdır. 200 ilə yaxındır ermənilər yorulmadan, usanmadan torpaqlarımızı qarış-qarış işğal edirlər. Kal armud kimi ilişib qalıblar boğazımızda. Cəmi bir əsr bundan əvvəl bir qarış torpaqları olmadığı halda, indi gələcək nəsillərinə də bəs edəcək qədər torpaq əldə ediblər. Bəs, biz nə edirik? Son 200 illik tariximiz göstərir ki, bizlər Sizif kimi dağın zirvəsi ilə ətəyi arasında var-gəl etməkdən başqa heç nə etmirik. 1905-ci il hadisələrindən sonra 1915-ci il hadisələri necə baş verdi? 1915-ci ildən sonra 1918-ci il… 1918-ci ildən sonra 1948-53-cü illər… 1988-91-ci illər… və ən sonda QARABAĞ… Bu sadaladıqlarım onu göstərir ki, biz düşmənimizin kim olduğunu, bizə qarşı hansı “silahlardan” istifadə etdiyini bilmirik və çox təəssüf ki, öyrənmk belə istəmirik. Bu günə qədər istifadə etdiyimiz “silahların” bir işə yaramadığını bildiyimiz halda, israrla həmin “silahlardan” iki əlli yapışmağa davam edirik. Aradabir özümüzə təsəlli də veririk: “Biz ermənilər kimi ola bilmərik”. Elə erməninin də istədiyi odur ki, onlara oxşamayaq, onların istifadə etdiyi “silahlardan” istifadə etməyək. 200 ildir bizi “Yel dəyirmanları” ilə üz-üzə qoyublar. “Rus olmasa ermənini bir günə yox edərik, fars olmasa ermənini iki günə yox edərik” “nağılları” ilə bizi hədəfdən yayındırırlar. Bunlar o qədər “peşəkardılar” ki, bəşər tarixində insanlıq əleyhinə törədilən ən böyük cinayətlərdən birinə – Xocalı soyqırımının altına rusların “imzasını” qoymağı bacardılar.

Dünyaya özlərini yazıq, soyqırıma məruz qalmış millət kimi təqdim edirlər. Hər yerdə insanlıqdan, sülhdən danışırlar. Amma yeni doğulan körpələrinin qulağına pıçıldayırlar ki, türk sənin düşmənindir. Erməninin ən böyük silahı da məhz budur… Ermənilər İrəvanı, Zəngəzuru, Göyçəni tankla-topla, qan tökərək almayıblar… Əvvəlcə üzümüzə gülüb, sonra arxamızdan vurublar və bütün dünyaya da yalnız üzümüzə güldükləri anın “fotosunu” yayıblar. Biz yalnız o halda Xəzərə tökülməkdən xilas ola bilərik ki, bu silahı erməninin əlindən alıb, onların özünə qarşı istifadə edək. Bunu biz bilməsək də ermənilər çox gözəl bilirlər.

Bu həftə Bakıya 3 erməni kimliyi daşıyan şəxs təşrif gətirdi. Biz bu ermənilərin üzünə “güldük” və həmin anın “fotosunu” da çəkib dünyaya yaydıq. İlk dəfə olaraq biz ermənilərin öz silahından onların özlərinə qarşı istifadə etməyi bacardıq. Bugünə kimi yüzlərlə, minlərlə türk kimliyi daşıyan şəxs 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törədildiyini söyləyib. Bunlar ermənilərin içimizə atdığı yoluxucu viruslardı. İllər sonra ilk dəfə olaraq biz də eyni virusu ermənilərin içərisinə atmağı bacardıq. Erməni kimliyi daşıyan şəxslər ilk dəfə olaraq Xocalı soyqırımını etiraf etdilər. Bu virus illərdir bizi içərimizdən parçaladığı kimi, erməniləri də içlərindən parçalayacaq. Çox təəssüf ki, bizlərdən bir çoxumuz bilməsək də Vahenin ermənilərin içinə atılan bir virus olduğunu ermənilər çox gözəl bilirlər. Diqqət edin, erməni mətbuatı, erməni maraqlarına xidmət edən dünya mətbuatına… Vahe virusuna qarşı karantin elan ediblər. Bu virusun yayılmaması üçün əllərindən gələni edirlər. Əminəm ki, bu hadisə erməni tarixinə “Vahe sindromu” olaraq düşəcək.

Bilənlər bilir, unudanlar üçün xatırladım ki, ermənilərin məşhur “Dörd T” adlandırlan bir planları var. Hədəf Türkiyənin bir hissəsini “Böyük Ermənistanın” tərkibinə daxil edərək Qara dənizə çıxış əldə etməkdir. Plan dörd hissədən, daha doğrusu, dörd mərhələdən ibarətdir. Bu mərhələləri qısa olaraq, “Təbliğat”, “Tanıtmaq”, “Təzminat” və “Torpaq” olaraq adlandırıblar. Planlarını həyata keçirmək üçün qondarma soyqırımı iddiasından istifadə edirlər. Plana görə, “soyqırımı” təbliğatı o vaxta qədər aparılacaq ki, türklərin özləri belə bu məsələdə şübhəyə və fikir ayrılığına düşəcəklər. Türkiyənin erməni iddialarına qarşı “ortaq komissiya” təklifi belə də bundan xəbər verir və ermənilərin xeyrinə işləyir. Biz ermənilərə, yaxud da dünyaya nəyi sübut etmək istəyirik? Sübut etmək istəyirik ki, soyqırımı olmayıb? 1915-ci ildə soyqırımının olmadığını ermənilər də, dünya da bizdən yaxşı bilir. Onların əsas məqsədi türkləri “soyqırımı” polemikasına çəkməkdir. Bir daha qeyd etmək istəyirəm ki, erməninin ən böyük silahı da məhz budur… Ən absurd ideyaları belə ağıllarına gətirə bilirlər. Tarix göstərdi ki, bizə absurd görünən o ideyaları ermənilər asanlıqla həyata keçirə bilirlər. Necə ki, 150 il bundan əvvəl desəydilər ki, vaxt gələcək İrəvanda bir nəfər də azərbaycanlı yaşamayacaq, heç birimiz buna inanmazdıq… Ermənilərə qarşı mübarizədə onlara oxşamaqdan çəkinməmək lazımdır…

BIR CAVAB BURAXIN