KREML QONŞUSU OLAN ÖLKƏLƏRDƏ İNQİLABLAR HAZIRLAYIR – Putin “B planı işə salır

0
597

3527

 

 

 

 

 

 

 

Rusiya hakimiyyətinin yuxarı eşelonundakı son kadr dəyişikliyinin daha bir pərdəarxası…

Ötən bazar Gürcüstanda parlament seçkilərinin ikinci turu, Moldovada isə prezident seçkiləri keçirildi. İlkin nəticələrə görə, qonşu ölkədə seçkilərin ikinci turunda da hakim “Gürcü arzusu” koalisiyası böyük üstünlüklə qalib gəlib. Beləliklə, yeni parlamentdə indiki iqtidar partiyası hətta konstitusion üstünlüyü təmin edib.
Bu cür nəticə seçkiləri diqqətlə izləyən Rusiya üçün “iki pisdən daha yaxşısı” prinsipi üzrə sərfəli hesab oluna bilər. Çünki qalib gələn qüvvənin lideri sabiq baş nazir, gizli rusiyapərəst sayılan milyarder Bidzina İvanişvilidir. Bu o deməkdir ki, Gürcüstanın 1-ci şəxsi hesab olunan  baş nazir postu daha 4 il gizli ruspərəstlərdə qalacaq.
Moldovadakı prezident seçkilərində isə açıq rusiyapərəst mövqeyi ilə tanınan, moldavan sosialistlərinin lideri İqor Dodon ilkin nəticələrə görə, hamıdan çox – 50 faizdən artıq səs toplayaraq irəlidədir. Maraqlıdır ki, seçkilərdə indiyədək görünməmiş sayda seçici – elektoratın 2/3-ci iştirak edib. Bu da son seçkilərin önəmini ortaya qoyur.
Qeyd edək ki, Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqla Rusiyanı ciddi şəkildə qıcıqlandırmış üç postsovet ölkəsidir. Onların üçü də, ələlxüsus Gürcüstan, üstəlik, NATO-ya inteqrasiya kursu götürüb ki, bu da şimal qonşumuzun narahatlığını artırır. Amma belə görünür ki, nə Bidzina İvanişvilinin komandası, nə də İqor Dodon Moldova prezidenti təsdiqlənərsə, onun komandası Moskvanı güclü şəkildə qıcıqlandıracaq radikal addımlar atmayacaq. Ukraynanın durumu da ki – bəlli.
Moskva isə belə görünür ipə-sapa yatmayan postsovet, hətta Şərqi Avropa rejimlərinə qarşı ənənəvi siyasətini yumşaltmağa hazırlaşmır. Bəzi iddialara görə, Rusiya, üstəlik, imkan düşdükcə həmin ölkələrin daxili işlərinə kobud müdaxilə etməyi, hakimiyyətləri dəyişməyi də hədəf götürüb. Sözsüz ki, bu yöndə “5-ci kolon”çuların xidmətindən gen-bol istifadə olunacaq.
Bu ehtimalı artıran əsas səbəb ABŞ-la Rusiya arasında Ukrayna böhranından sonra kəskinləşən münasibətlər, faktiki, “soyuq savaş”ın başlanması və böyüməkdə olması, ideologiyaların sərtləşən rəqabətidir. Getdikcə daha da dərinləşən Suriya böhranı göstərir ki, yaxın zamanlarda iki supergüc arasında konsensus yox, daha çox rəqabət aktual olacaq ki, bu da özünü öncəliklə Rusiyanın öz həyati maraqlar zonası elan elədiyi bölgələrdə – “Yaxın xaric”də (Güney Qafqaz, Baltikyanı bölgə, Orta Asiya, Ukrayna və Moldova) göstərəcək.
Image result for Kreml
“Rusiya Şərqi Avropada narıncı inqilablar hazırlayır”. Bu sözləri öz facebook səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb. Onun sözlərinə görə, Monteneqrodakı çevriliş cəhdinin arxasında Rusiya xüsusi xidmət orqanları dayanıb və Kremlin anti-amerika paranoyası onları dost olmayan ölkələrdə daxili konfliktlər yaratmağa məcbur edir
“Hər şey Ukraynanın cənub-şərqindəki toqquşmalardan, Krımın və Donbasın işğalından başladı. Bir müddət öncə isə Rusiya xüsusi xidmət orqanları Monteneqroda daxili konflikt yaradaraq, çevrilişə cəhd etmək istədilər. Məncə, eyni fəaliyyəti onlar Latviya, Estoniya, Moldova, hətta bəlkə də Belarus, Qazaxıstan, Bolqarıstan, Litva və digərlərində də aparırlar” – ekspert qeyd edib.
Image result for Putin
Beləcə, Rusiyanın öz içindən Kremlin postsovet ölkələrinə qarşı yeni qorxulu planlarının, faktiki, anonsu verilib. Buna haradasa Purinin “B planı” da demək olar. Yəni Gürcüstan və Ukraynaya qarşı tətbiq edilən kobud hərbi müdaxilə və hərbi təhdid variantı (“A planı”) ilə paralel, Moskva “B planı”nı da işə salmış kimi görünür.
Söhbət ölkələri daxildən qarışdırıb Kremlə əl verən rejimləri (şəxsləri) iş başına gətirmək və ya onları iş basında saxlanmaq ssenarilərini icraya yönəltməkdən gedir. Rusiya prezidenti Vladimir Putinin hakimiyyətin ən yuxarı eşelonunda etdiyi son kadr dəyişikliyi, o sırada xarici kəşfiyyat xidmətinə peşəkar çekisti gətirməsi bu yöndə qənaəti gücləndirir.
Image result for Protest Ukraina Eeropean union
Buradaca onu da yada salaq ki, bir müddət öncə Rusiyanın “öz maraqlarını qorumaq” adı ilə dünyanın istənilən bölgəsinə müdaxilə edəcək çevik silahlı qüvvələr yaratmaq planına malik olduğu bəlli olmuşdu. Bir sözlə, qarşıdakı illər ilk növbədə Rusiya ilə geosiyasi qonşuluqda yerləşən ölkələri, “ipə-sapa yatmayan” ölkələri yeni sınaq və təhdidlər gözləyir. Çünki Rusiyanın yeni imperiya maraqları növbəti qorxulu mərhələsinə girib – Kremlin “B planı” da işə düşüb. 
Təbii ki, yeni təhdidlərdən Bakıya da mesaj payı düşür. İlk öncə o səbəbə ki, Azərbaycan hələ də Rusiya və Qərb (ABŞ) arasında strateji seçimini etməyib. Hərgah, Azərbaycanın indiki hakimiyyəti ilə rəsmi Moskva arasında yetərincə isti münasibətlər mövcuddur. Hər halda, “şər” deməsən, “xeyir” gəlməz. Azərbaycan isə nə yazıq ki, əsrlərdir “Şər imperiyası” ilə qonşudur. Üstəlik, bizim erməni kimi mənfur qonşumuz və Qarabağ dərdimiz var(musavat.com).
      

BIR CAVAB BURAXIN