“Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsində xüsusi fəallıq göstərən müəyyən anti-Azərbaycan qüvvələr var. Bu məsələlərin arxasında həmin qüvvələrin maraqları durur”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
Onun sözlərinə görə, bu qüvvələrin məqsədi Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdir:
“Onlar iki dövlət arasındakı bu munasibətləri zədələmək məqsədi güdürlər. Burada həmçinin erməni lobbisinin fəaliyyətini də danmaq olmaz. Onlar anti-Azərbaycan qüvvələri ilə birləşərək Konqresin ləğvi ilə bağlı məsələni ortaya qoyublar. Həm Azərbaycan ictimaiyyəti, həm də Rusiya icması bu məsələdə mövqeyini bildirib. Rusiyada yaşayan azərbaycanlılar daim bu ölkənin inkişafına öz töhfələrini veriblər. Həmçinin xalqlarımız arasında əlaqələrin güclənməsi, iqtisadi, ticarət, siyasi, humunitar sahədə münasibətlərin inkişafına dəstək verirlər. Azərbaycanda rus icması, rusdilli əhaliyə olan münasibət, rusdilli məktəblərin sayı, rus mədəniyyətinin qorunub saxlanması kimi məsələlər hər zaman xüsusi diqqət mərkəzində olub. Bu mənada qərar həm Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycan ictimaiyyətini narahat edir”.
E.Əhmədov onu da vurğulayıb ki, hər bir təşkilatın fəaliyyətində qüsur tapmaq olar, lakin Ümumrusiya Azərbaycanlıları Konqresi heç zaman nə Rusiya Federasiyasının qanunları, nə də milli maraqlarına zidd addım atmayıb. Əksinə bu ölkənin maraqlarını hər zaman yüksək tutub, müdafiə edib.
“Bütün bunlara baxmayaraq bəzi qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsinə israrla cəhd göstərir. Lakin bu qərar ikitərəfli münasibətlərə ciddi xələl gətirir. Bu cür təşəbbüslər Rusiyada milli və etnik azlıqlarla bağlı prinsiplərlə də ziddiyyət təşkil edir. Həm Azərbaycan ictimaiyyəti, həm də dünya azərbaycanlıları Rusiya Federasiyasının Ali Məhkəməsinin bu məsələ ilə bağlı ədalətli qərar verəcəyinə, hər zaman Azərbaycan-Rusiya arasında olan iqtisadi, siyasi, strateji tərəfdaşlığın qorunacağına inanır. Bir faktı da unutmamalıyıq ki, Rusiya Azərbaycanla strateji tərəfdaş, qonşu olmaqla yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçi dövlətdir. Azərbaycan da bu vasitəçiliyi hər zaman yüksək qiymətləndirir. İnanırıq ki, sonda sağlam qüvvələr bu qərarla bağlı öz sözlərini deyəcəklər, şübhəsiz Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresi barədə qərarına obyektiv, ədalətli qiymət veriləcək və qərar qəbul edilməyəcək”.
Gülxar