Türkiyə əmlakçısı: ‘İstanbuldan 1 otaqlı tam təmirli evi 49 min dollara alıb…’

0
694

11

“Azərbaycanlılar deyirlər, heç olmasa, Türkiyədə ev alaq, əlimizdəki pul dəyərlənsin”

Keçmiş iş adamı Kərəm Hüseynovun Bakıda iki evi var. Son illər Azərbaycanda işləri alınmadığından onlardan birini satıb İstanbulda mənzil almaq istəyir. Hesabını aparıb, düşünüb, daşınıb. Görüb ki, Bakıdakı evini satsa, elə o qiymətə İstanbulda ev ala bilər:

“İstanbul böyük meqapolisdir. Oranın qiymətləri ilə Bakıdakıları müqayisə edəndə, görürəm ki, ora çox yaxşıdır. Mən 50, 100 min dollar arasında ev almağı düşünürəm. İstanbulun kənarında, hava limanına yaxın yerdə bu qiymətə evlər var. Özü də təmirli, içində mətbəx mebeli, soyuducusu, kondisioneri olan evlərdir”.

Türkiyənin Daşınmaz Əmlak və Daşınmaz Əmlaka investisiyalar üzrə Assosiasiyasının (GYODER) məlumatına görə, Türkiyədə əmlaka investisiya qoyan əcnəbilər arasında Azərbaycan vətəndaşları da çoxluqdadır. 2016-cı ilin ilk 9 ayı ərzində Azərbaycan vətəndaşları daşınmaz əmlakın alınması ilə bağlı 565 prosedur gerçəkləşdirib. Ötən ilin eyni dövründə isə həmin rəqəm 595 idi.

“Azərbaycanlı alıcılardan istək çoxdur”

Türkiyə Daşınmaz Əmlak Platformasının (TGP) əməkdaşı Cem ŞahinAzadlıqRadiosu-na deyir ki, son illər azərbaycanlılar Türkiyənin müxtəlif şəhərlərindən, özəlliklə İstanbuldan daha çox ev alırlar:

“Əcnəbi alıcılarımız çoxdur. Onların arasında Azərbaycan vətəndaşları da var. Azərbaycandakı devalvasiyadan sonra əlində pulu olanlar burada üzləşdikləri zərəri Türkiyədə əmlak bazarına qoyub faydalanmaq istəyirlər. Azərbaycanlılardan neçəsinə özüm ev satmışam. Deyirlər, ‘əlimizdəki pul azalıb, heç olmasa, Türkiyədə ev alaq, bu pul dəyərlənsin’. Almaqda da davam edirlər. Qiymətlər əlverişlidir. Məsələn, gələn il hazır olacaq layihəmizdən İstanbulun Beylikdüzü səmtində 49 min dollara bir otaqlı ev almaq olur. Həmin evlər təmirli, tam hazır evlərdir. Aylıq 500 dollara kirayə vermək olur. Ev sahibi ancaq mebel alacaq. İstək, tələb çoxdur”

Türkiyədə yeni tikilən binaların modelləri

Türkiyədə yeni tikilən binaların modelləri

“Türkiyəyə yatırım qoymaq daha ağıllı addımdır”

Bu günlərdə Bakıda keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində Türkiyəni əmlak şirkətləri də təmsil ediblər. Türk stendlərinin qarşısında qonşu ölkədəki evlərin qiyməti, şəraiti ilə maraqlananlar da yetərincədir. Bakı sakini Orxan Məmmədov İzmirdəki evlərlə maraqlanırdı. Özünə uyğun ev də tapmışdı:

“İzmirin ən yaxşı yerində 150 kvadratmetrlik evi 250 min manata almaq olar. Fikirləşirəm ki, orda yatırım qoymaq daha yaxşıdır, nəinki bura. Çünki ora həm keyfiyyət, həm də yaşıllıq, ekologiya baxımından daha çox sərfəlidir. Mən də yaşadığım yerdə yaşıllığın çox olmasını istəyirəm. Layihələr gözəl, qiymətləri də münasibdir. Bakıdakı qiymətlərlə eynidir. Maraqlandım, müqayisə elədim, gördüm ki, Bakıdansa, Türkiyəyə yatırım qoymaq daha ağıllı addımdır”.

Orxan deyir ki, son vaxtlar Türkiyədə terror hadisələri, qeyri-sabitlik onu bu ölkədə ev almaq arzusundan çəkindirmir:

“Düzdür, Türkiyədə terror baxımından aktiv ərazilər var. Ancaq sakit bölgələr daha çoxdur. Həyat şəraiti də burdan yüksəkdir”.

“Bu gün ora 1 lirə qoysan, bir il sonra 2 lirə olur”

Sərgidə təmsil olunan bir şirkətin satış müdiri Deniz Ağac deyir ki, Azərbaycan vətəndaşları əvvəlki illərdəki kimi, indi də Türkiyədə ev almağa həvəs göstərir:

“Elə bizim İstanbulda, Bahçeşehirdeki layihələrimizdən Azərbaycan vətəndaşları çox əmlak alıb. Bizdə inşaat sektoru çox hərəkətlidir. İndi daha çox yeni hava limanı, üçüncü körpü tərəfdəki ərazilər inkişaf edir. Bu gün ora 1 lirə qoysan, bir il sonra 2 lirə olur. Mədəniyyət, dil eyni olduğundan Azərbaycan vətəndaşları Türkiyədə əmlak almaqda maraqlıdır. Deyim ki, Türkiyədə son hadisələr real bazara çox təsir etməyib. İstanbulda iqtisadiyyat canlıdır. Qiymətlərimiz də əlçatandır. Bizim layihələrdəki mənzillərin bir kvadratmetrinin qiyməti 1200-1500 dollar arasındadır. 130 kvadratmetrlik evi 150 min dollara alırsan. Uyğun qiymətlərdir, ona görə alıcılar da üstünlük verirlər. Məqsədimiz həm də bura orta təbəqəni cəlb etməkdir. Bunu necə edirik? Bəzi banklarla danışıqlarımız var. Türkiyə İş Bankı qarant bankımızdır. Biz Türkiyə vətəndaşlarının bu bankdan əmlak krediti almasına yardım edirik. Eyni şeyi Azərbaycan vətəndaşlarından ötrü də etməklə bağlı işlər görülür”.

Türkiyənin başqa bir inşaat şirkətinin təmsilçisi Nadi Mazmanoğlu deyir ki, sərgilədikləri layihələrə azərbaycanlıların maraqları çoxdur:

“Maslak 1453″ layihəmizdə çoxlu azərbaycanlı müştərimiz var. Bu sərgidə də bizimlə çox maraqlanırlar, ev almaq istəyirlər. Türkiyə Yaxın Şərqdə ən böyük investisiya cənnətlərindəndir. Hazırda dünyadakı iqtisadi-siyasi durum, Amerikadakı seçkilərin təsiri, Avropadakı iqtisadi durğunluğun səbəbi Türkiyəni əsas mərkəz halına gətirir. Çünki Türkiyə həmişə qazandıran bazardır. Türkiyə hökumətinin əcnəbilərə əmlakla bağlı 5 milyard dollara yaxın satış rəqəmi var. Bu rəqəm get-gedə artır. Azərbaycan vətəndaşları da bizə çox maraq göstərirlər”.

“Türkiyədə əmlak daha gəlirli, qiymətləri də münasibidir”

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, Türkiyə son illər azərbaycanlıların ən çox yaşamaq, ev almaq istədiyi ölkələrdəndir. Həm də orada əmlak almaq faydalıdır:

“Mülkiyyət hüquqlarının toxunulmazlığı baxımından durum Rusiya, digər MDB ölkələri ilə müqayisədə daha yaxşıdır. Bu, həm də yaxşı investisiyadır. Müəyyən bir mərhələdən sonra aldığın əmlakı ya satıb, ya da kirayə verib gəlir götürə bilərsən. İnvestisiya baxımından daha faydalı və riski də azdır. Həm də Türkiyədə əmlak daha gəlirli, qiymətləri də münasibdir. Məsələn, Moskva ilə müqayisə etsək, hazırda oranın mərkəzində daşınmaz əmlak İstanbulla müqayisədə iki dəfə bahadır. Ancaq yaşayış şərtləri İstanbulda daha asandır”.

Həm də azad yaşamaq…

Keçmiş işadamı Kərəm Hüseynovu İstanbulda ev almağa həvəsləndirən həm də daha yaxşı şəraitdə yaşayıb çalışmaqdır:

“Ordakı durumla maraqlanmışam, görürəm ki, azad yaşamağa yaxşı yerdir. Həm də dövlətin işadamına qayğısı var. Özüm burda işadamı olmuşam, məni burda çökdürüblər. Görürəm ki, həmin zəhməti gedib Türkiyədə bir işə qoysam, daha yaxşı olar. Həm də, elə bil, övladıma bir pəncərə açmış olacağam. Mənə görə bura buludlu, yağışlıdır, ora günəşlidir”.

Türkiyə Statistika Komitəsinin oktyabr bilgilərinə görə, bu ölkədə ev alan xaricilər arasında Azərbaycan vətəndaşları ilk onluqdadır. Oktyabrda azərbaycanlılar Türkiyədə 42 mənzil alıblar.

BIR CAVAB BURAXIN