Rusiya Qarabağı nəyə çevirmək istəyir…

0
577

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş son görüşün “azacıq ümid yaratdığını”, ancaq münaqişənin kökündə dayanan məsələlərin həll edilməmiş qaldığını yazır.

Virtualaz.org xəbər verir ki, mərkəzin təhlilində iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşdən sonra verilmiş bəyanat münaqişə zonasına daha çox beynəlxalq müşahidəçinin cəlbinə çağırdığı xatırladılır. Bəyanatda vurğulanır ki, danışıqların bütün tərəfləri mövcud atəşkəs sazişindən razıdır.“Ancaq sülhə yönəlik bu diplomatik gedişlərə baxmayaraq, münaqişənin kökündə duran məsələlər həll edilməmiş qalır”-mərkəz bildirir.

Mərkəz vurğulayır ki, liderlərin sülhpərvər vədlərinə baxmayaraq, Ermənistan regiona de-fakto nəzarəti saxlamağa çalışır, mübahisəli ərazinin yerləşdiyi Azərbaycan isə buna qarşı çıxır. Aprel döyüşlərindən sonra Bakı nisbətən kiçik ərazini tutsa da, bu toqquşmalar dondurulmuş münaqişəni alovlandırdı, diplomatik vasitəçilik prosesini də gücləndirdi.

«Rusiyanın münaqişədəki mövqeyi daha bir mürəkkəblik yaradır. Strateji baxımdan Ermənistanla müttəfiq olmuş Rusiya son aylar Azərbaycanla sıx münasibətlər yaradıb və aprel toqquşmalarına Ermənistan tərəfdən müdaxilə etməyib. Əslində, Moskva heç bir tərəfin yanında durmadı və özünü danışıqlara həsr etdi. Görünür, Rusiya Dağlıq Qarabağı idarəolunan böhrana çevirmək istəyir. Elə bir böhrana ki, daşıb tökülmədən qaynamağında olsun, Moskva da arbitr kimi çıxış etsin. Bu strategiya ikili funksiya daşıyır – bir yandan Türkiyə və Qərb kimi xarici qüvvələrin təsirini azaltmağı, digər tərəfdən Moskvanın Ermənistan və Azərbaycandan ötrü əhəmiyyətini bir da təsdiqləməyi hədəfləyir», – yazıda deyilir.

«Hələlik gücləndirilmiş vasitəçilik cəhdləri səmərəli olub. Atəşkəsin pozulması halları azalıb, döyüşlər səngiyib. Ancaq bu nisbi sülhün qalacağına zəmanət yoxdur. Danışıqlar bir az vaxt qazandırdı, nəfəs almağa imkan verdi, amma onların nəticəsiz qaldığını görən Azərbaycanın səbri tükənə bilər. Sülh danışıqları mübahisəli əraziylə bağlı strateji ziddiyyəti aradan qaldırmayınca, regionda zorakılıq potensialı qalacaq», – «Stratfor» yazır.

BIR CAVAB BURAXIN