Türk tarixinin gözüyaşlı şəhəri-Hacıbəy (1)/Əziz Mustafa

0
770

11

Türk tarixinin belə demək mümkünsə, ağrılı səhifələrindən biri də Hacıbəy ( indiki Odessa) şəhəri ilə bağlıdır. Hacıbəy şəhəri yüz illər boyu Qara dəniz sahillərində türklərin ana şəhəri olaraq qalıb. Avropada böyük köç başlayandan (IV-V əsrlər) xeyli əvvəllər (eramızdan əvvəlki 10-cu əsrdən) bölgədə yaşayan türk əsilli köçəri saklar mərkəzi Asiyadan gələn soydaşları hunlarla qaynayıb qarışaraq Qara dəniz sahillərində yeni liman şəhərləri saldılar. Onlardan birinin də Hacıbəy şəhəri olması ehtimal edilir. Tarixi mənbələrdə isə Hacıbəy şəhərinin adı yalnız XIII əsrdən yad edilir. O dönəmdə İtaliyanın Qara dəniz boğazı və onun sahillərini göstərən xəritələrində indiki Odessa (Hacıbəy) və ətrafının adı Cinestra kimi qeyd edilib. Hacıbəyin adının Cinestra kimi adlandırılmasının gəmilərin yan alması üçün əlverişli liman şəhəri, yoxsa geniş ticarət məkanı kimi məşhur olması ilə bağlı olub-olmaması isə məlum deyil. Ancaq italyan dəniz səyyahları tərəfindən XIII əsrdə tərtib edilən xəritədə Cinestra adlandırılan Hacıbəy və Hacıbəy körfəzi həmin dövrdə türk kökənli noqayların əsas ticarət və gəmiçilik mərkəzi idi. XIV əsrdə Qızıl Ordadan ayrılaraq yarı müstəqil xanlıqlarını quran noqay ulusları ilə italiyalılar, o cümlədən bizanslılar arasında qızğın ticarət gedirdi. Bu ticarətin əsasını isə ən çox balıq və taxıl alveri təşkil edirdi. XV əsrdə, daha dəqiq desək, 1452-ci ildə Osmanlı sultanı Fateh Mehmet İstanbulu fəth edərək, onu öz dövlətinin ana şəhəri elan etdi. Bundan sonra Qara dəniz Osmanlı ilə onun qarşı sahillərində yaşayan digər türk uluslarının, noqaylar və Krım tatarlarının daxili dənizinə çevrildi. Təbii ki, Osmanlı İstanbulu ələ keçirəndən sonra boğazlar üzərində nəzarəti ələ aldı və bundan sonra italiyalıların Qara dənizə keçidi və orada ticarətlə məşğul olması da çətinləşdi. Bu da öz növbəsində bir neçə əsr ərzində Hacıbəy şəhəri də daxil olmaqla Qara dəniz sahillərindəki liman şəhərlərinin fəaliyyətində durğunluq əmələ gətirdi və onlar tədricən öz əvvəlki əhəmiyyətlərini itirməyə başladılar.

Hacıbəy şəhəri ilə bağlı fərqli araşdırmalar

Hacıbəy şəhərinin salınması və onun adı ilə bağlı müxtəlif ehtimallar mövcuddur. Belə ehtimallardan biri Qara dəniz sahillərində yaşayan köçəri türklərlə əlaqədardır. Belə ki, Qızıl Ordanın dağılmasından sonra Hacıbəy körfəzi və ona bitişik ərazilərdə yaşayan noqay ulusları başda Hacıbəy şəhəri olmaqla Perekop ordasını qurdular. Bu ordaya rəhbərlik edən Hacıbəyin (Qoçubəy, Koçibey) Məkkə və Mədinəyə həccə getdiyi və ona görə də, adı çəkilən şəhərin bu adla çağırıldığı ehtimal edilir. Ruslar, daha doğrusu, slavyanlar da öz növbələrində Hacıbəyi Kaçibəy adlandırırdılar. Hacıbəy 1362-ci ildə Göy sular (Sinyuxa) çayı ətrafında Litva ilə gedən döyüşlərdə iştirak etmişdi. Ancaq döyüşdə o Litva knyazı Olgerd tərəfindən məğlub edilmişdi. Bununla əlaqədar “Povest o Podolye” (“Podolye haqqında povest”) salnaməsində Hacıbəy şəhərinin də adı çəkilir. Hacıbəy tarixən tabeçiliyi altında olan torpaqları idarə edənlərin varisi kimi göstərilir. XV əsrdə Krım xanları tərəfindən verilən yarlıklarda (mal və mülk üzərində hüquqi varisliyi təsdiq edən sənəd) Hacıbəyin törəmələrinin adı çəkilən ərazi üzərindəki hüquqları rəsmi şəkildə təsdiq olunub.

Hacıbəy barədə Litva ehtimalı

Amma Hacıbəy şəhərinin mənşəyi ilə bağlı Litvanın da öz ehtimalı var. İş orasındadır ki, Litva kralı Vitovtanın adı çəkilən ölkəni idarə etdiyi dövrdə (1392-1430) Qara dənizin şimal sahilləri böyük Litva knyazlığı tərəfindən işğal edilmişdi. Ona görə də, litvalılar Hacıbəy şəhərinin özləri tərəfindən salınması barədə iki ehtimal irəli sürürlər. XIX əsrin 80-ci illərində Odessada yaşayan Polşa tədqiqatçısı Maryan Dubetskiyə (Marian Karol Dubiecki) görə, Odessanın əvvəlki adı Kotsyubeydir və o, Litva maqnatı Kotsyubi Yakuşinskinin adı ilə bağlıdır. Dubetski bu ehtimalını Qara dəniz sahillərinin 1392-1430-cu illərdə Böyük Litva knyazlığının tərkibində olması ilə əlaqələndirməyə çalışır. O həmin dövrdə Qara dəniz sahillərinə Yakuşinski tərəfindən Litva kəndlilərinin köçürülməsini, burada liman şəhəri salmasınıı və onu öz adı ilə Kotsyubey (Hacıbəy) adlandırmasını ehtimal edir. Ancaq Dubetski bu ehtimalını irəli sürərkən bununla bağlı, yəni yeni şəhərin inşası ilə əlaqədar dəqiq fakta deyil, XVI əsrin ortalarında litvalıların vaxtı ilə Qara dəniz sahillərinə köçürülməsini əks etdirən məlumatlara əsaslanır. Amma burada ziddiyyətli məqam var. Odessanın yerində liman şəhərinin olması yuxarıda qeyd etdiyimiz kimi XIII əsr İtaliya səyyahlarının tərtib etdiyi xəritədə öz əksini tapıb və o Cinestra kimi qeyd olunub.

Digər bir ehtimala görə isə XV əsrdə Podolye əyalətində Kaczebijov kəndi vardı. Bu kənd zadəgan (şlyaxta) Yazlovetskilər tayfasına aid idi. Ona görə də, belə ehtimal irəli sürülür ki, Kaczebijov kəndinin əhalisi Qara dəniz sahillərinə köçürülüb və orada onların kəndinin adı ilə şəhər salınıb. Ancaq bu ehtimal da məntiqi baxımdan inandırıcı görünmür və daha çox uşaq nağılını xatırladır.

Faktiki olaraq 1413-cü ilə aid olan yazılı mənbəyə görə, litvalılar bu ərazini ələ keçirməzdən əvvəl də orada liman şəhəri mövcud idi. Ona görə də, inamla demək olar ki, Hacıbəy şəhəri ilə bağlı yuxarıda adı çəkilən hər iki ehtimal ağlabatan görünmür və bu şəhər xeyli əvvəllər tatarlar və ya noqaylar tərəfindən salınıb. Təsadüfi deyil ki, professor A. İ. Markeviç hələ 1894-cü ildə Maryan Dubetskinin Hacıbəy şəhəri ilə bağlı irəli sürdüyü ehtimalı tənqid etmişdi. O bildirmişdi ki, Dubetskinin istinad etdiyi fakt adı çəkilən ərazinin Litva tərəfindən işğalından 150 il sonra yaşayan Boris Kotsyubanın söylədiklərinə əsaslanır. Kotsyuba, Kotsyubi Yakuşinskinin nəslindəndir və onun bununla bağlı qeydlərində yalnız adı çəkilən ərazidə ulu babalarının təsərrüfat fəaliyyəti ilə məşğul olduğu xatırlanıb. Markeviç Yazlovetskilər tayfasına məxsus olan kəndin Qara dəniz sahillərinə köçürülməsi və nəticədə orada yeni liman şəhərinin salınması ilə bağlı ehtimalların da ancaq XVI əsrdəki qeydlərə əsaslandığını, bu qeydlərdə ancaq o dövrdəki hadisələrdən bəhs edildiyini bildirib. Ona görə də, tədqiqatçı hər iki ehtimalı əsassız sayıb. Eyni zamanda Markeviç Hacıbəy şəhərinin adının o dövrdəki Noqay xanlığının qurucusunun adı ilə adlandırılmasını da inandırıcı hesab etmədiyini və bununla bağlı ortada hər hansı sənədin olmadığını, bu şəhərin daha qədimlərdən mövcud ola biləcəyini yazıb.

Hacıbəy orta əsr sənədlərində

Hacıbəy şəhərinin adı yazılı mənbələrdə ilk dəfə 1431-ci ildə çəkilib. Belə ki, 1399-cu ildə Vorksle ətrafında Litva ilə Polşa arasında gedən döyüşdə litvalılar məğlub oldular. Litva kralı Vitovta öləndən sonra Litvada Polşanın təsiri gücləndi. Həmin dövrdə Polşa kralı Yaqaylo öz adamı olan Svidriqayleni Litva taxtına oturda bildi. 1431-ci ildə Svidriqayle tərəfindən tərtib edilən şəhərlərin siyahısında adı çəkilən şəhər Kaçzuçklenov kimi qeyd olunur. 1442-ci ildə Hacıbəy şəhəri Podolsk maqnatı Fyodor Bucatskiyə verilir. Bundan sonra Hacıbəy şəhəri Qara dənizdə əsas buğda və duz ticarəti mərkəzlərindən birinə çevrilir. Ancaq Krım xanı 1473-cü ildə yenidən Hacıbəy şəhəri üzərində vaxtı ilə itirilmiş nəzarəti bərpa edir.

Məsələ ilə bağlı həm Dubetskinin, həm də onun tərəfindən Hacıbəy şəhəri ilə bağlı irəli sürülən ehtimalları rədd edən Markeviç bir çox mühüm faktların, adı çəkilən ərazidə min illər boyu türk kökənlilərin yaşamasının, Qara dənizin şimal sahillərinin Litva tərəfindən işğalından əvvəl isə oranın əvvəlcə Qızıl Orda, sonra isə Noqay xanlığının tərkibində olmasının üstündən sükutla keçir. Çünki bu faktın ortada olması və onun qeyd olunması həmin ərazidəki Hacıbəy şəhərinin necə adlanmasından asılı olmayaraq onun türk kökənli xalqlar tərəfindən salınmasının etiraf edilməsi demək olacaqdı. Bu mühüm tarixi həqiqət isə türkün bölgədəki varlığını qəbul etməyən qərb tədqiqatçılarına sərf etmirdi.

Digər faktlar…

XII əsrdə Qara dəniz sahillərinə səyahət edən məşhur ərəb coğrafiyaşünası və səyyahı Əbu Abdullah Məhəmməd əl İdrisi bununla əlaqədar qeydlərində Qara dənizin Dnestr və Dnepr çayları mənsəbində hər hansı bir liman şəhərinin və ya yaşayış məskəninin olması barədə məlumat vermir. Belə ehtimal edilir ki, Əbu Abdullah Məhəmməd əl İdrisinin Hacıbəy şəhəri ilə bağlı hər hansı məlumat verməməsi daha çox onun orada olmaması ilə əlaqədardır. Əbu Abdullah Məhəmməd əl İdrisi aydın məsələ idi ki, bütün Qara dəniz sahillərini addım-addım gəzə bilməzdi və o, çox güman ki, Hacıbəy şəhərində olmayıb. XIII əsrdə başlayan Monqol-tatar işğalı zamanı isə Qara dəniz sahillərindəki liman şəhərləri öz əhəmiyyətlərini itirməyə başladılar və bu da bölgədə on illərlə davam edən tənəzzüllə gətirib çıxardı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN