Həbsdən qaçan avtoritetin SİRR KİMİ ölümü

0
590

Həbsdən qaçan avtoritetin SİRR KİMİ ölümü: SENSASİYALI İDDİALAR

“Qoca” 350 kilometr yolu necə qət edib?; Sərhəddən keçə bilməyən Etibar Məmmədov nədənsə, Hacıqabuldan başqa istiqamətə deyil, daha riskli olan Bakı ətrafına qayıtmaq istəyirmiş; qaçmış məhkumun özünü vurduğu versiyası da var; onun cəsədinin yalnız bir neçə gündən sonra ailəsinə təhvil veriləcəyi deyilir…

Oktyabrın 23-də Astaradan Bakıya gələn qatardan qaçmış kriminal avtoritet, “Qoca”ləqəbi ilə tanınan Etibar Məmmədov noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat nəticəsində öldürülüb. Güzdəkdə keçirilən əməliyyatda “Qoca” ilə bərabər onu Hacıqabulda evindən gizlətmiş İlqar Əzimov da zərərsizləşdirilib. Rəsmi məlumatda onların xəstəxanaya aparılarkən yolda öldükləri bildirilir.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Anar Əsgərovdur. Digər yaralı isə 1993-cü il təvəllüdlü Şahmar Bəyəlizadədir. Ş.Bəyəlizadənin yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Əməliyyat zamanı Anar Əsgərov sol qolun bazu nahiyəsindən güllə yarası alıb və qolu sınıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib. Şahmar Bəyəlizadənin yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib. Əməliyyat olunan Anar Əsgərov isə xüsusi nəzarət altında saxlanılır ki, onun Ədliyyə Nazirliyinin dustaqlar üçün nəzərdə tutulmuş müəssisələrdən birinə köçürüləcəyi gözlənilir.

Poyluda izini itirən məhbus meşədən necə çıxıb?

Image result for Poylu

“Qoca” xüsusi əməliyyat nəticəsində Bakı yaxınlığında öldürülsə də, onunla bağlı bəzi suallar qalmaqdadır. Məlumdur ki, “Qoca” qatardan qaçdıqdan sonra Ağstafaya gedib. O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla Gürcüstana qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları onun gizləndiyi maşını saxlayıb. Həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev deyib ki, “Qoca” bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçməyə cəhd edib.

Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: “Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı”.

Bildirilirdi ki, “Qoca” maşından düşərək meşəlik əraziyə qaçaraq izini itirib. Sərhədi keçə bilməyən kriminal avtoritetin bundan sonra başına nə gəldiyi bilinmir, amma onun hansı yollarla meşədən çıxa bildiyi və paytaxt istiqamətinə necə (və niyə sualına sonra qayıdacağıq) qayıtdığı da sual doğurur.

Ya qatar, ya avtomobil yolu…

Ağstafadan Bakı şəhərinə olan məsafə 450 km-dir. Ağstafadan son gizləndiyi Hacıqabula gəlmək üçün isə iki yol var: dəmiryolu, avtomobil yolu. Bir ehtimala görə, onu Ağstafadan Hacıqabula məhz sözügedən yük maşınında gətiriblər. Hacıqabuladək olan təxminən 350 km yolu necə gəlməsi və postları necə keçməsi hüquq-mühafizə orqanlarının işidir. Mümkündür ki, “Qoca” qatarla da gəlsin, çünki ora gizlənmək üçün (elə qaçmaq üçün də) əlverişlidir.

Image result for Hacıqabul

Amma rəsmi məlumatda deyilir ki, əməliyyatda öldürülən İlqar Əzimov “Qoca”nı Hacıqabulda evində gizlədibmiş. “Qoca”nın evdə neçə gün və ya neçə saat gizlənməsi barədə rəsmi məlumat yoxdur. Rəsmi məlumatda bildirilir ki, onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə əməliyyat məlumatı olub.

Amma o sual da açıq qalır ki, əməliyyat niyə onların olduğu evdə yox, Bakı yaxınlığında gerçəkləşib. Rəsmi məlumatdan sitat: “Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürmüş və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanmış və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər”.

Image result for Qoca Əməliyyat

Göründüyü kimi, sərhəddən keçə bilməyən “Qoca” nədənsə, Hacıqabuldan başqa istiqamətə deyil, daha riskli olan Bakı ətrafına qayıtmaq istəyirmiş. Ehtimal etmək olar ki, “Qoca” və yanındakılar izləndiklərini bilməyiblər, ya da gec duyuq düşüblər. Ümumiyyətlə, “Qoca”nın silahlanaraq Bakıya niyə qayıtmaq istəməsi də maraqlı mövzudur. “Qoca” Bakıya kiminləsə yarımçıq qalmış haqq-hesab çəkməyə də gələ bilərdi. Daha bir iddiası budur ki, “Qoca” sağ ələ keçməmək üçün özünü vurub. Rəsmi məlumatda bildirilir ki, avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

“Maloletkadan” “Qoca” ya çevrilən ömür…

Image result for Qoca

Kriminal aləmdə “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhurlaşmış 37 yaşlı E.Məmmədov uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb.

Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov “maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib.

Image result for Qoca

“Etibar Hacıqabullu” azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. “Qoca”nın bir neçə gün əvvəl həbsdən azad edilmiş “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifova yaxın olduğu deyilirdi.

Image result for Qoca

O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Hazırda bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılır və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

E.Məmmədovla birgə qaçan Əli Ağamiyə qarşı isə istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb. Ona qarşı daha bir maddə üzrə Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) maddəsi ilə cinayət işi açılıb. “Qoca” ilə bağlı isə cinayət işinə xitam veriləcək. Onun cəsədinin yalnız bir neçə gündən sonra ailəsinə təhvil veriləcəyi də gələn xəbərlər sırasındadır. (musavat.com)

BIR CAVAB BURAXIN