Trumpa ağlamaq məsləhət görülür, amma çox da yox

0
445

Donald Trump, andiçmə mərasimində, Washington, 20 yanvar 2017

Donald Trump, andiçmə mərasimində, Washington, 20 yanvar 2017

İnsan davranışları eksperti Judi James-in fikrincə, Trump-ın ağlaması onun dəlisovluğundan nigaran insanların narahatlıqlarının üzərinə su səpmək baxımından ideal olardı.

Amerikanın yeni prezidenti Donald Trump-ın sələfi Barack Obama-dan, ən azı, bir şeyi öyrənə bilər – ağlamağı.

“O, gözündən, heç olmasa, bir damcı yaş çıxara bilsə, insanların ruhunu oxşayacaq”, – insan davranışları eksperti Judi James-in sözləridir: “Aydındır ki, əksər çıxışları zamanı Trump yenə dominant erkək eqosu ilə lələklərini qabardacaq. Amma gözləri doğru zamanda doluxsunarsa, bunun insanlara müdhiş təsiri olar”.

“Bədən dilinin bibliyası” adlı kitabın müəllifi James inanır ki, sərt və bir qədər də etinasız görünən gözlərdə romantika olmaya bilməz.

Obama-nın, azı 10 dəfə axıtdığı göz yaşları…

Duyğularını büruzə vermək Obamanın işinə yaramışdı. O, prezidentliyi dönəmində kameralar önündə, azı, 10 dəfə gözünün yaşını silmişdi. Ən təsirlisi də, ötən il Amerikada baş vermiş bir silahlı hücumun qurbanları haqqında danışarkən, yanaqlarına süzülən göz yaşları olmuşdu.

Barack Obama ağlayır, 10 yanvar 2017

Barack Obama ağlayır, 10 yanvar 2017

Obama sonuncu dəfə Çikaqoda – səlahiyyət müddətini başa vuran prezident kimi vida çıxışında həyat yoldaşı Michelle və yeniyetmə qızlarına minnətdarlığını bildirərkən gözyaşını saxlaya bilməmişdi.

James deyir ki, göz yaşı siyasətçilərin arsenalında olan ən güclü silahdır. Bu səbəbdən, Trump-ın ağlaması da onun dəlisovluğundan nigaran insanların narahatlıqlarının üzərinə su səpmək baxımından ideal olardı. Onun fikrincə, Trump-ın hamıya bəlli görkəminin arxasında isti, xoşdavranışlı birinin durduğunu göstərmək effektli ola bilər.

Obama-nın göz yaşları onun səmimiliyini, xalqla bütövlüyünü, ondan ayrı olmadığını göstərmək baxımından çox faydalı olmuşdu.

Pittsburq Universitetində psixiatriya professoru Lauren Bylsma da o fikirlə razıdır ki, ictimaiyyət önündə öz emosiyalarını büruzə verməklə bağlı Obama-nın heç bir çəkingənliyi olmayıb:

“Ağlamaq başqasının dərdini özününküləşdirə bilmək xarakteri ilə səciyyələndirilir”.

Hətta Putin də ağlayıb

Sərt adam imici olsa da, Rusiya prezidenti Putin də publika önündə bir neçə dəfə gözünü yaşardıb. Küçələrdə etiraz aksiyaları getsə də, 2012-ci ildə – prezidentlik kürsüsünü yenidən qazanarkən, onun axıtdığı gözyaşı daha çox diqqət çəkmişdi.

Vladimir Putin , Moskvada keçirilən mitinq zamanı ağlayır, 04 mart 2012

Vladimir Putin , Moskvada keçirilən mitinq zamanı ağlayır, 04 mart 2012

Fransalı psixoanalitik, siyasətçilərin daxili aləmini araşdıran iki kitabın müəllifi Jean-Pierre Friedman-ın fikrincə, siyasətçilərin çoxu hakimiyyəti itirmək qorxusundan ağlayır:

“Onlar hakimiyyətin əldən getməsini öz planlarının alt-üst olması, yaxud yarımçıq qalması kimi qəbul edirlər”.

Friedman deyir ki, nə olur-olsun, Trump-ın publika qarşısında bir damla gözyaşı belə axıdacağına inanmır:

“O, başqa nəslə aiddir. Əlli il öncə belə bir fikir hakim idi ki, kişilər ağlamaz. O, qoca kovboydur”.

Doğrudan da, Trump ağlamağın onu necə qıcıqlandırdığını mitinqlərinin birində ağlayan bir körpənin anasına üz tutub: “onu bayıra çıxarın”, – söyləməklə göstərmişdi.

Friedman-dən fərqli olaraq, James yeni prezidentin ictimaiyyət arasında ağlamaq potensialına inanır:

“Məncə, Trump ağlaya bilər, ancaq kiminsə probleminə yanaraq yox, nəyəsə, yaxud kiməsə qəzəblənərək”.

Göz yaşları ziyan da gətirə bilər…

Amma göz yaşları siyasətçilərin zərərinə də işləyə bilər. Özəlliklə gözyaşının saxta olduğu üzə çıxarsa. James deyir ki, insanlar saxta göz yaşlarını həqiqi olandan fərqləndirməyi bacarırlar:

“Şahzadə Diana-nın ölümündən sonra ovaxtkı baş nazir Tony Blair-in göz yaşları ona böyük rəğbət qazandırmışdı. Ələxüsus, kraliça ailəsi üzvlərinin bu ölümlə bağlı gözüyaşlı görünmədiyi bir zamanda. Lakin Blair çətinə düşərkən, çox tez-tez bu üsuldan yararlandı və bu, get-gedə sifarişli göz yaşlarını xatırlatdı”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 5 =