Trump müsəlmanlarla yəhudiləri birləşdirə bilib

0
763

Müsəlmanlarla yəhudilər.

Müsəlmanlarla yəhudilər.

Bir neçə həftə öncə səhər tezdən Nyu York metrosunda vaqonların divarlarında svastika işarələri görən sərnişinlər onları əl-ələ verib təmizləyiblər.

Bu, Donald Trump prezident seçiləndən sonra Nyu Yorkda görünən ilk svastika işarələri deyildi. Ancaq bu olaydan cəmi bir neçə gün öncə “Holokostu Xatırlama Günü”ylə bağlı prezident mesajında yəhudi qurbanların adı çəkilməyib. Trump eyni gündə qaçqınlara və yeddi müsəlman dövlətinin vətəndaşlarına aid qadağanı imzalayıb. Beləcə, Trump administrasiyası müsəlman və yəhudi icmalarını çoxlarının təsəvvür etmədiyi dərəcədə birləşdirib

ABŞ-a acı mühacirət tarixi

Trump-ın müsəlmanlara qadağası yəhidilərin ABŞ-a acı mühacirət tarixini xatırladır. II Dünya Müharibəsi dövründə ABŞ-a pənah aparan, ancaq ölkəyə buraxılmayan yəhudilər geriyə – Avropaya göndərilmiş, orada “Holokost”da həyatlarını itirmişdilər.

Aralarında həm liberal, həm də ortodoks dini icmaların olduğu yəhudi təşkilatları dərhal bu qadağaya etiraz edərək aksiyalara qatılıblar. Son günlər Nyu Yorkda “Trump Tauer”in qarsısında müsəlman qadağasına etiraz edən onlarla ravvin həbs olunub. Onlardan biri – Jill Jacobs “The New York Times”a belə deyib: “Biz bilirik ki, müsəlmanların ölkəyə gəlməsinin qarşısını almaq üçün işlədilən ritorika yəhudi qaçqınların gəlməsinin qarşısını alan zaman da işlədilmişdi”.

Qarşılıqlı birlik

Yəhudi və müsəlmanların birliyi hər iki istiqamətdə gerçəkləşir: Amerika İslam Münasibətləri Şurası (CAIR) də yəhudi icmalarına qarşı vandalizm insidentlərinə sərt reaksiya verib. Trumpın prezident seçilməsindən dərhal sonra yeni müsəlman-yəhudi məşvərət şurası yaradılıb. Şuranın məqsədi həm antisemitizm, həm də islamofobiya ilə mübarizə aparmaqdır. Yerli təşkilatlar yeni yaradılmış şuraya qoşulmaq istəklərini dilə gətirirlər.

Bu həmrəyliyin başlıca səbəbi – istər antisemitizmin, istərsə müsəlman qadağasının Trumpın prezident seçilməsindən qaynaqlanmasıdır. İfrat sağçıların gözündə islamofobiya və antisemitizm bir-birini tamamlayır.

“11 sentyabr” hadisələrindən sonra Avropada da belə bir durum diqqət çəkib: Əksər yerlərdə antisemitizm qəbuledilməz sayıldığından, o dövrdə ifrat sağçı partiyalar xal qazanmaqdan ötrü islamofobiyadan yararlanırdılar.

İfrat sağçılar nə istəyirlər?

2010-cu ildə Niderland Azadlıq Partiyasının lideri Geert Wilders kimi ifrat sağçı simalar öz nitqlərində İsraili dəstəkləyir, “kökdəndinçi islamla” mübarizədə yəhudi-xristian birliyindən söz açırdılar. Bu, sadəcə, iz azdırmaq taktikası idi. İsrailin mühafizəkar sağçı hökumətinin yaxşı qarşıladığı Wilders bu Yaxın Şərq ölkəsinin mübarizənin ön cəbhəsində olduğunu deyirdi: “Qüds məğlub olsa, Amsterdam və Nyu York da əldən gedəcək”.

Ötən il keçmiş faşistlərin Avstriyada qurduğu Azadlıq Partiyasının liderini İsraildə koalisiya hökumətində təmsil olunan Likud partiyasının üzvləri qeyri-rəsmi qəbul etmişdilər.

“Yəhudi-xristian savaşı”?

Trump-ın baş qərargah rəisi, əvvəllər ağdərili suprematizm (bu kontekstdə “suprematizm” ilkin, ən yüksək, ali, üstün anlamında yozulur – red.) və antisemitizmi təbliğ edən ifrat sağçı “Breitbart” saytını işlədən Stephen Bannon da “yəhudi-xristian savaşından” danışıb. O, media, universitetlər və “solçularla” birgə Amerikanın yəhudi icmasını cihadı mümkün edən qüvvə kimi qələmə verib. Bir zamanlar ABŞ yəhudilərini kommunizmdə ittiham edənlər indi də onları zorakı islam qisasçılığını dəstəkləməkdə suçlayırlar

Avropanın ifrat sağçıları kimi, Trump komandasının da İsrailə dəstəyi, sadəcə, iz azdırmaqdır. Yeni administrasiya, əslində, İsrailin mühafizəkar sağçı hökumətini dəstəkləyir.

BIR CAVAB BURAXIN