Azərbaycanda satılan “Aİ-92” markalı benzini “Avro 4” standartına cavab verən heç bir avtomobilə tökmək olmaz.
Hətta istehsalçı tərəfindən 92 markalı benzin tövsiyyə edilsə belə. Belə bir iddia ilə avtomobil üzrə mütəxəssis Elçin Abbasov çıxış edib. Buna səbəb isə ölkəmizdə satılan 92 markalı benzinin içində kükürdün miqdarının dəfələrlə çox olmasıdır. Yanma zamanı isə kükürd avtomobilə böyük ziyan vura bilər.
Hazırda ölkəmizdə “Avro-4” standartına cavab verən avtomobillərin əksəriyyəti “Aİ-92” markalı benzin ilə idarə olunur. Avtomobil üzrə ekspert Elçin Abbasov bunu təhlükəli hesab edir. O, iddia edir ki, “Avro 4” standartına cavab verən heç bir avtomobilə Azərbaycanda satılan “Aİ-92” markalı benzini tökmək olmaz. Çünki bu zaman avtomobilin mühərriki tez sıradan çıxa bilər.
Avtomobil üzrə ekspert Elçin Abbasov bildirir ki, dünya standartından fərqli olaraq, Azərbaycanda satılan “Aİ 92” markalı benzinin tərkibində kükürd çoxdur. Onun sözlərinə görə, belə kükürd yanma zamanı qətrana çevrilir və zamanla avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb olur.
Ekspert deyir ki, hətta zavod tərəfindən avtomobilə “Aİ-92” markalı benzin tökmək tövsiyyə edilsə belə, sürücülərin bu benzindən istifadə etmələri məqsədəuyğun deyil.
Bu benzindən istifadə edəndən sonra avtomobildə müəyyən problemlərin ortaya çıxdığını sürücülər də təsdiqləyirlər.
Məsələ ilə bağlı SOCAR-ın Neft Emalı zavodunun direktor müavini Rasim İbrahimov “Xəzər Xəbər” ə bildirdi ki, hazırda Azərbaycanda istehsal olunan “Aİ-92” markalı benzin ancaq “Avro 2” standartına uyğundur. Ona görə də “Avro 4” standartındakı avtomobillər “premium” benzindən istifadə etməlidirlər. Ancaq Azərbaycan gələcəkdə “avro 5” standartına cavab verən benzin istehsal etməyi planlaşdırır. Bu, Qaradağda yerləşən Neft-kimya kompleksinin yenidənqurmadan sonra fəaliyyətə başlaması ilə mümkün olacaq. Bu isə 2020-ci ilə nəzərdə tutulub.