SSRİ-nin dağılmasından 25 il ötür

0
629

 

25 il bundan əvvəl dünya tarixində ən önəmli hadisələrdən biri baş verdi. 1991-ci il dekabr ayının 8-də Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç, Rusiya Federasiyasının rəhbəri Boris Yeltsin və Ukraynaya başçılıq edən Leonid Kravçuk SSRİ-nin dağılması haqqında sənədi imzaladılar. Bununla da dünyaya meydan oxuyan və XX əsrin ən totalitar imperiyalarından biri olan SSRİ tarixə qovuşmuş oldu. Lakin həmin vaxt SSRİ-nin varlığına son qoyan 3 ölkə rəhbəri eyni zamanda qırmızı imperiyanın xarabalıqları üzərində yeni qurumun – Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması barədə razılığa gəlmiş və bununla bağlı onlar tərəfindən müvafiq sənəd də imzalanmışdı. Əslində həmin dövrdə SSRİ-nin dağılması artıq baş vermiş faktorlardan biri hesb edilirdi. Belə ki, Belovejsk anlaşmasına kimi SSRİ respublikaları arasında artıq mərkəzdən qaçma meyilləri güclənmişdi. Nəticədə SSRİ-ni təşkil edən respublikalar bir-birinin ardınca müstəqilliklərini elan etməyə başlamışdılar. SSRİ-nin dağılmasının qarşısını almaq üçün o dövrdə SSRİ-ni idarə edən Mixail Qorbaçovun göstərişi ilə 1991-ci il mart ayının 17-də imperiyanın saxlanılmasına xidmət edən referendum keçirilmişdi. Bu referendumda Pribaltika respublikaları istisna olmaq digər ittifaq subyektləri də iştirak etmişdilər. Lakin referendumda da saxtakarlığa əl atılmış, nəticədə guya əhalinin böyük hissəsi SSRİ-nin saxlanılmasına səs vermişdi. Bununla belə referendum, həmçinin etnik münaiqişələr yolu ilə SSRİ-nin dağılmasının qarşısını almaq mümkün olmadı. SSRİ subyektlərinin mərkəzdən qaçma meyillərinin qarşısını almaq məqsədi ilə 1991-ci il avqust ayının 19-da tarixə QKÇP adı ilə düşən qiyam baş verdi. Lakin bu qiyam uğursuzluğa uğradı. Bundan sonra isə belə demək mümkünsə ittifaq respublikaları arasında suverenlik paradı baş verdi. Demək olar bütün ittifaq respublikaları özlərinin müstəqilliklərini elan etdilər. Necə deyərlər artıq həmin dövrdə SSRİ-ni dağılması bir fakt idi, sadəcə olaraq Yeltsin, Şuşkeviç və Kravçuk bu prosesə hüquqi don geydirdilər. Qorbaçova SSRİ-nin buraxılması və onun yerində MDB-nin yaradılması barədə məlumatı ertəsi gün vermişdilər. O dərhal müdafiə nazir Şapoşnikova və hərbi dairə komandanlarına zəng edərək SSRİ-nin dağıldığını və bunun qarşısının alınmasının vacib olduğunu bildirdi. Lakin Şapoşnikov və digər generallar Qorbaçovun bu göstərişini qulaq ardına vurdular.

Qeyd edək ki, SSRİ-nin dağılması və onun yerində MDB-nin yaradılması barədə qərar qəbul edildikdən dərhal sonra Boris Yeltsin ABŞ prezidenti Buşa zəng edərək ona bu barədə məlumat vermişdi. 28 dəqiqə davam edən bu söhbət zamanı Boris Yeltsin məqsədlərinin totalitar rejimdən xilas olmaq və SSRİ-nin yerində azad, müstəqil dövlətlərin birliyinin yaradılması olduğunu söyləmişdi. O, həmçinin Buşa məlumat vermişdi ki, SSRİ-nin dağılması barədə qəbul etdikləri qərardan Qorbaçovun xəbəri yoxdur. Yeltsin SSRİ-nin dağılmasının və onun yerində MDB-nin yaradılmasının ağlabatan görünməsi üçün Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng etmiş və onun da bu sənədə imza atmasını istəmişdi. Lakin Nazarbayev bir müddət adı çəkilən məsələdə tərəddüd etdi. Bunun ardınca digər respublikalar da MDB-nin yaradılması barədə sənədi imzalamağa dəvət edildilər. Beləliklə SSRİ-nin dağılması barədə sənədin imzlanmasından 14 gün sonra Pribaltika respublikaları istina olmaqla digər postsovet ölkələri MDB-nin

yaradılması barədə sənədi imzaladılar. Bundan sonra faktiki olaraq əlində hər hansı səlahiyyəti qalmayan Qorbaçov dekabrın 25-də ata Buşa zəng edərək səlahiyyətlərindən əl çəkdiyini və bununla bağlı televiziya ilə xalqa məlumat verəcəyini bildirdi. Qorbaçovun səlahiyyətlərindən əl çəkməsini bəyan etməsi SSRİ-nin tarixə qovuşmasının daha bir təsdiqinə çevrilmiş oldu.

Lakin MDB adı altında imperiyanın bərpa edilməsi cəhdləri Moskva tərəfindən bu günə kimi davam etdirilməkdədir. Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi, 2 il öncə Krımı işğal etməsi, həmçinin hər vasitə ilə MDB məkanındakı Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanıda münaqişələrin həllinə mane olması da bununla əlaqədardır. Moskvanın SSRİ-ni bərpa etmək cəhdlərinin nə vaxta kimi davam edəcəyini və ümumiyyətlə buna nail ola bilib- bilməyəcəyini söyləmək çətindir. Ancaq o da aydındır ki, imperiyanı bərpa cəhdləri çətin ki, Rusiyaya nə isə verə bilsin. Əksinə bu cəhdlər imperiyanı yeni müstəvidə bərpa etmək istəyənlərin özlərinü qarşı çevrilə və Rusiya Federasiyasının yerində yeni müstəqil dövlətlər də əmələ gələ bilər…

Əziz Mustafa

BIR CAVAB BURAXIN