Sözə qulaq asmadı ki…

0
601

O gün bir məclisdə sakitcə oturmuşdum. Rayonumuzun ağsaqqalları, oxumuşları, hə, bir də futboldan başı çıxanlar yığışmışdılar ki, öz aralarında məsləhət edib, bir futbol klubu yaratmaq barədə qərara gəlsinlər. Məclis əhli tamam cəm olandan sonra Zamin bəy başladı klubun nədən ibarət olacağını bəyan etməyə. Zamin bəy sözünü qurtarıb oturdu. Amma heç kəsdən səs çıxmadı. Mən duydum ki, Zamin bəyin sözlərini bir-iki nəfər yoldaşından savayı, başa düşən olmadı. Mənim zənnim doğru imiş, çünki onlardan biri, daha doğrusu, Zahir bəy üzünü Zamin bəyə tutub dedi:

– Bəy, siz yeni təşkil olunacaq futbol klubunun sabahına əminsinizmi?

Bu sözlər Zamin bəyi yerindən oynatdı:

– Vallah, biz çox bədbəxt millətik. Elə ki bir fikir ortaya atıb onu reallaşdırmaq istəyirsən, başlayır hərə bir yandan mız qoymağa. Elə bu səbəbdən də irəli gedə bilmirik də…

Zamin bəyin adamlarından biri Zahir bəyə xoruzlandı:

– Axı sən nə vaxta qədər bizə müxalifətdə olacaqsan… Bir dəfə də bizi dəstəkləsən, məgər üzüyünün qaşı düşər?

Zahir bəy aramla danışmağa başladı:

– Bəylər, izin verin, fikrimi izah edim. Yəqin bilirsiniz, minlərlə azarkeşin sevimlisinə çevrilmiş “Xəzər Lənkəran” bu yaxınlarda fəaliyyətini dayandırdığını rəsmi şəkildə elan etdi. Bununla da daha bir futbol klubumuz “Kür”ün (Mingəçevir), “Viləş”in (Masallı), “Pambıqçı”nın (Bərdə), “Şirvan”ın (Şamaxı), “Şəfa”nın (Bakı), “Lokomotiv”in (İmişli) “Simurq”un (Zaqatala) “Avtomobilçi”nin (Yevlax) və digər komandaların taleyini yaşamağa məhkum olundu. Bəli, olundu. Məlumat üçün deyim ki, “Xəzər Lənkəran” 1992-2016-cı ildə dağılan 54-cü klub kimi tarixə düşdü. Mənim təxmini hesablamalarıma görə, onların 40-dan çoxu regionlara məxsus komandalardır. Amma nədənsə bütün rəsmilər regionlarda futbolumuzun inkişafından söz düşəndə “cəh-cəh” vururlar. Budurmu, inkişaf? İş o yerə çatıb ki, “Bakı”, “Şəmkir”, “Turan”, “Şahdağ” kimi klublar I divizionda, sadəcə, gün keçirməklə məşğuldurlar.

Onlara gün verib, işıq verilmir. Bəli, burada da şəxsi ambisiyalar mühüm rol oynayır. Sual olunur: əgər I divizionda çempion olan komanda Premyer Liqaya çıxmırsa, onun yerinə 5-ci, 9-cu yeri tutanlar vəsiqə qazanırlarsa, birinciliyi keçirməyin nə mənası var? Bəlkə, yüksək dəstəyə qalxmaq üçün “Neftçala” kimi komanda 9-cu yeri tutmalıdır, xəbərimiz yoxdur? Zamin bəy, bəlkə mənim bu sualıma cavab verəsiniz, hə? Yəqin deyəcəksiniz, ay nə bilim lisenziya belə gəldi, elə getdi. Lap tutalım, bu, belədir. Bəs siz niyə lisenziya almaqda onlara yardımçı olmaq istəmirsiniz? Hər komandanı tələyə salmaq üçün dəridən-qabıqdan çıxırsınız. Vallah, bu enerjinizi futbolumuzun inkişafına sərf etsəydiniz, xariqələr yaratmış olardınız. Siz isə… Lap unudacaqdım. Gül kimi “Bakı”nı kimlər azara saldı? Kimlər onu bu vəziyyətə gətirdi? Ötən mövsüm məlum səbəblərdən Premyer Liqanı tərk edən komanda bu il I divizionda sonuncu oldu. Təbii ki, sizin əməyiniz sayəsində… Niyə ona yardımçı olmaq istəmirsiniz? Gözünüz aydın, Zamin bəy, “Bakı”nın Futbol Akademiyası da dağılmaq üzrədir. Buna da nail oldunuz. Bəli, sizin işiniz-gücünüz ancaq və ancaq dağıtmaqdır. Bütün bunları bilə-bilə yeni bir klub yaratmağa ehtiyac varmı? Yaranacaq bu komandanı da sələflərinin taleyi gözləmirmi? Mən buna şübhə etmirəm.

Bu sözləri eşitcək Zamin bəy, eləcə də onun dəstəsindən olan bir neçəsi qeyzə gəlib, başladılar uca səslə deməyə: “Zahir bəy, elə biz də sənin dediklərinə şübhə edirik”.

Az sonra Zamin bəy yanındakına bu sözləri pıçıldadı: “Qivraq müəllimə yüz dəfə dedim ki, bir bu qalıb, ona da komitədə-filanda bir iş verək, rahat işləyək, sözə qulaq asmadı ki…”

BIR CAVAB BURAXIN