“Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”.
Report xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O, bu sahədə olan çatışmazlıqlara toxunub: “Əgər kiminsə 50 yaşı varsa və o, pensiyaya çıxmaq istəyirsə, onların pensiya təminatı 65 yaşından başlayırsa, 63 yaşlı insan nə qədər daş daşımalı, asfalt tökməlidir ki, gəlib 65 yaşına çatsın?! Bu baxımdan, onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”.
Deputat qeyd edib ki, bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır: “Azərbaycanda tikinti sektorunda çalışanların hansı pensiya yaşında çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq”.
S.Novruzov bildirib ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur: “Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazanmalıdırlar. Əks halda ələ baxımlılıqla bunun effektivliyi olmayacaq”.