Bu gün Rusiya baş nazirinin müavini, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozin Bakıya işgüzar səfərə gəlir. Rəsmi olaraq Roqozinin səfəri Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclasını hazırlamaqdır. Roqozin Bakıda prezident İlham Əliyevlə görüş keçirəcək. “Kommersant” xəbər verir ki, tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini, habelə Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raket komplekslərini verməsini müzakirə edəcəklər.
Virtualaz.org xəbər verir ki, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası sabah dekabrın 16-na planlaşdırılır. Rusiyanın hərbi sənayesini kurasiya edən Roqozin isə Bakıya ona görə bir gün tez gəlir ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb “İsgəndər”lərin Ermənistana verilməsini əsaslandırsın. Eyni zamanda Rusiya ilə Azərbaycan arasında silah alqı-satqısına dair yeni sövdələşmələrin müzakirə olunacağı gözlənilir. “Kommersant” yazır ki, Rusiyanın müdafiə sənayesi şirkətinin top-meneceri Dmitri Roqozinin prezident İlham Əliyevlə ayrıca görüşəcəyini, habelə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Andrey Boytsovun da iştirakı ilə silah ixracına dair danışıqların aparılacağını deyib.
Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətindəki mənbələr deyiblər ki, Roqozinin və onu müşaiyət edənlərin danışıqlarda əsas vəzifəsi “İsgəndər” operativ-taktiki raketlərinin Ermənistana verilməsini izah etməkdir. “Azərbaycanlı tərəfdaşlarımız Dağlıq Qarabağ münaqişəsi kontekstində hadisələrin bu cür inkişaf etməsinə olduqca neqativ reaksiya veriblər”-mənbələr bildirib.
Bildirilir ki, Rusiyanın verdiyi bir diviziyon “İsgəndər” kompleksini bu ilin payızında İrəvanda paradda nümayiş olunub. Rusiya bunu regionda qüvvələr balansını saxlamaq səyləri ilə əsaslandırıb. Xatırladılır ki, Rusiya 2011-2014-cü illərdə bağlanmış müqavilələr əsasında Azərbaycana 100-ə qədər döyüş vertolyotu, 100 T-90S tankı, çoxsaylı BMP-3 döyüş maşınları və digər texnika verib. “2016-cı ildə Rusiya Azərbaycana BTR-82A və BMP-3 təchizatını davam etdirəcək. 2015-ci ildə Azərbaycan azı 30 BMP-3 alıb”-qəzet qeyd edir.
Qeyd etmək lazımdır ki, Rusiyanın “İsgəndər” raketlərini Ermənistana verməsindən sonra İrəvan danışıqlar prosesində iştirakını faktiki dondurub. Daha da qeyri-konstruktiv platformaya keçib və münaqişənin dinc yolla nizamlanması perspektivlərini heçə endirib. Ermənistanda hesab edirlər ki, Rusiyanın verdiyi yeni silahlar və bu ölkə ilə birgə qoşun qruplaşması yaratmaq hesabına Azərbaycanla qüvvələr balansını bərpa edə biliblər.
Virtualaz.org