Robert De Niro Tramp haqda: “Necə oldu ki, bu başdanxarab prezidentliyə namizədə çevrildi?”

0
558

Məşhur Hollivud ulduzu Robert De Niro Bosniyanın Sarayevo şəhərində keçirilən kino festivalının mükafat mərasimində çıxış edərkən ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Trampı “başdanxarab” adlandırıb. De Niro deyib ki, belə bir adam ümumiyyətlə prezidentliyə namizəd olmamalıydı. Bu haqda “The Guardian” yazır.

Məqalədə deyilir ki, De Niro Donald Trampı tənqid edən yeganə məşhur deyil.Buna səbəb respublikaçı namizədin bir sıra hay-küylü bəyanatları olub.

Məsələn son çıxışlarından birində Tramp iddia edib ki, İŞİD-in əsasını guya Barak Obama və Hillari Klinton qoyublar. Lakin o, tənqidlərlə üzləşdikdən sonra bu bəyanatla lağlağı etdiyini deyərək sözünü geri götürüb.

“The Guardian” yazır ki, De Niro Sarayevoda Martin Skorsezenin “Taksi sürücüsü” filminin 40-cı ildönümünə həsr olunmuş mərasimdə çıxış edib. De Niro bu filmdə baş rolu oynayıb.

Aktyor deyib ki, Trampın bəyanatları sarsaqdır və onun Respublikaçılar partiyasından namizəd edilməsinin özü də axmaqlıqdır. “Mənim başım çıxmır ki, Tramp kimi bir adam necə gəlib belə bir məqama çata bilib. Allah özü bizə kömək olsun” –De Niro deyib.

Onun çıxışı mərasimə toplaşanların gurultulu alqışları ilə qarşılanıb.

“O tamamilə sarsaq-sursaq danışır, onun başı tamamilə xarabdır. Amma deyəsən indi bir az özlərinə gəliblər. Nəhayət dilə gəlib ona deyirlər: Bəsdir Donald, sənin dediklərin axmaqlıqdır, başdanxarablıqdır və divanəlikdir” – aktyor bildirib.

“The Guardian” yazır ki, De Nirodan əvvəl də bir çox başqa məşhurlar prezidentliyə namizədi tənqid ediblər.

Bu yaxınlarda Cennifer Laurens BBC1-in aparıcısı Qraham Nortona deyib: “Əgər Donald Tramp ABŞ-ın prezidenti olsa, deməli bu, dünyanın axırıdır”.

Məşhur alim, professor Stiven Haukinq  isə televiziya şoularından birində Donald Trampa aid suala belə cavab verib: “O adi bir demoqoqdur və belə görünür ki, lap aşağı səviyyəli adamların döşünə yatır”.

Yazıçı Stefan Kinq Trampı “tükləri eybəcər quduz çaqqala” bənzədib. Müğənni Şer isə ona “Texas boyda ambisiyası olan özündənrazı ipləmə” deyib.

“The Guardian” yazır ki, De Niro Sarayevo Kino festivalında, kino sənətinə vediyi bir ömürlük töhfəyə görə mükafatlandırılıb.

“Mən bu mükafatı – “Sarayevonun Ürəy”i mükafatını müqəddəs bir ərməğan kimi qoruyub saxlayacağam, çünki mən bu qədər böyük faciənin qarşısında bu qədər böyük ürək nümayiş etdirmiş ikinci bir şəhər tanımıram” –De Niro deyib. (BBC-nin xülasəsi)

BIR CAVAB BURAXIN