Almatı sakini bildirib ki, nikahdan bir neçə il sonra onun xanımı dini təsir altına düşüb və iki qızını oğurlayaraq evdən qaçıb. Onun sözlərinə görə, onlar indi Azərbaycandadır.
Virtualaz.org tengrinews.kz-a istinadən bildirir ki, Erbol Qasımov (ad qəhrəmanın xahişi ilə dəyişdirilib) öz xanımı Aygüllə yeddi ildən çox bir yerdə yaşayıb. Etirafına görə, onun arvadı həmişə inanclı insan olsa da, fanatik olmayıb.
“Hər il o, Qafqaza-anasıgilə gedirdi. Mənim işim alınmırdı, o isə işləmirdi, uşaqlarla gedirdi. 2014-cü ildə, növbəti səfərdən qayıdıb mənə etiraf etdi ki, hicab geyinmək və namaz qılmaq istəyir. Mən bunda problem görmədim, onu dəstəkləməyə həmişə hazır idim, amma hər ehtimala qarşı soruşdum ki, bunu ona kim məsləhət görüb. Cavab verdi ki, bunu ona “bacılar”- “həqiqi müsəlman” olmuş uşaqlıq rəfiqələri məsləhət görüblər”, – deyə Erbol Qasımov bildirib.
Kişinin etiraf etdiyi kimi, o vaxt o bunda pis heç nə görməyib və məhz buna görə xanımının qərarını dəstəkləyib.
“2016-cı ilin martına qədər hər şey normal idi. Sezdiyim yeganə şey o idi ki, “bacılarla” daha çox ünsiyyət saxlamağa başlayıb. Onlar Rusiyaya ərə getdilər, amma daim əlaqə saxlayırdılar. Sonra o başladı mənə deməyə ki, “bunu etmək olmaz – haramdır, onu etmək olmaz – haramdır. Musiqiyə qulaq asmaq, bayramları qeyd etmək olmaz”. Sonradan televizora baxmağa da imkan vermədi, gecələr uşaqlara dini mahnılar oxutmağa başladı. Mən adətən planşetə baxa-baxa uşaqlara nağıl danışırdım. Həmin anlarda o buna da imkan vermir və deyirdi ki, bütün bunlar ateistlərdən qalıb, onlara qulaq asmaq olmaz”, – Erbol xatırlayıb.
Kişi ailədə baş verənlərin heç də yaxşı nəticələnməyəcəyini hiss edib İnternetə girişi məhdudlaşdırıb, xanımını məscid yanında mədrəsəyə yazdırıb: “O mədrəsəyə getməyə başladı, bir neçə ay hər şey yaxşı idi. Sonra…”.
Sonra həmin “bacılarla” əlaqə bərpa olunub. Xanımı onlarla çox fəal ünsiyyət saxlamağa başlayıb. Günlərin bir günü isə deyib ki, daha məscidə getməyəcək. “Dedi ki, orada hənəfi məzhəbidir və bu onu qane etmir, çünki özünü əsl, həqiqi müsəlman-sələfi hesab edir”.
Bundan sonra xanımı artıq qızlara məktəbdə və uşaq bağçasında bayramlara getməyi də qadağan edib. Deyib ki, “həqiqi müsəlmanlar Yeni ili və Konstitusiya gününü yox, yalnız şəriətlə bəyənilən günləri bayram edirlər”.
Erbol o vaxtdan narahat olmağa başlayıb: “İmamın yanına gedib soruşdum ki, “neyləyim?”. O, xanımımla birlikdə gəlməyi məsləhət gördü. Gəldik, danışdılar, imam dedi ki, o zombiləşib. Mən onun valideynlərinə zəng etdim, dedilər ki, heç nəylə kömək edə bilməzlər, çünki qız onlara qulaq asmır. Özüm onu başa salmağa çalışdım. Ancaq heç nə alınmadı”.
Erbol deyib ki, bir gün isə arvadı əşyalarını, pal-paltarını yığıb və iki qızı ilə evdən gedib. Qasımovun sözlərinə görə, o vaxtdan yarım il keçib və bu müddətdə onlar arasında boşanma prosesi davam edir. Kişi əmindir ki, onun xanımı sadəcə pis təsir altında düşüb və hər vasitə ilə onu ailəyə qayıtmağa inandırmağa çalışır.
“O dedi ki, qızlar oxumayacaqlar, əsl müsəlman olacaqlar və vaxtları çatanda onları saxlayacaq sələfilərə ərə gedəcəklər. Onlar öz təriqətlərindən olan saqqallı vəkil də tapıblar”- Erbol deyib.
Kişi müvafiq instansiyalara müraciət edib, vəkil tutub, polisə, məhkəməyə ərizə yazıb.
“Rayon məhkəməsində bütün sübutları təqdim etdim. O, məhkəməni uduzdu. Onda “bacılar” onu başa saldılar ki, məhkəmədə dini mövzuya toxunmasın, desin ki, mən onu vurur, döyürdüm. Ancaq onlar bunu sübut edə bilmədilər, çünki məni hamı-tərbiyəçilər, müəllimlər, qonşular və valideynlər yaxşı tanıyırlar”, – Erbol vurğulayıb.
Təhqiqat zamanı o görüb ki, qızları tez-tez xəstələndiklərindən xeyli arıqlayıblar. Xanımı da həmçinin. Buna görə də hər üçünü xəstəxanaya yerləşdirib. Ancaq bir həftədən sonra qadın, hər iki qızı götürərək həkimlərin xəbəri olmadan xəstəxanadan qaçıb. Qaçmamışdan əvvəl də deyib ki, hər şey, həmçinin qızlarının sağlamlığı “Allahın əlindədir” və dərman qəbul etməyin heç bir mənası yoxdur.
Kişinin sözlərinə görə, o vaxtdan bəri keçmiş xanımı ilə əlaqə yaratmaq mümkün olmayıb: “Mən artıq uzun müddətdir öz qızlarımı görmürəm, onları Azərbaycana apardılar. Nə mənə, nə də mənim valideynlərimə onlara zəng vurmaq olmaz. Baxmayaraq ki, iki məhkəməni udmuşam, onlar öz bildiklərini edir və uşaqları mənə göstərmirlər… Mən ona deyirəm ki, “səni indi də sevirəm və xahiş edirəm, evə qayıt”. Mən ona dedim ki, hətta surələri də öyrənirəm”.
Kişi onu da bildirib ki, təslim olmaq niyyətində deyil, əmindir ki, qanun onun tərəfindədir, onu və qızlarını dini axının təsirindən qoruyacaq.