Qəhrəman döyüşçülərimizi tanıyaq: Baş gizir Ramin Məmmədov

0
374

Azərbaycan ordusu 44 gün davam edən döyüşlər zamanı Ermənistanı diz çökdürdü və 27 il bundan əvvəl işğal edilmiş ərazilərimizi düşməndən azad edərək tarixi bir qələbəyə imza atdı. Təbii ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbələrdə düşmənə ağır zərbələr vuraraq misilsiz qəhrəmanlıq və şücaət göstərən hərbçilərimizın payı kifayət qədər böyükdür. Düşmənlə savaşda ona qan udduran qəhrəmanlarımızdan biri də Baş gizir Məmmədov Ramin Mehdi oğludur. 1981-ci il yanvar ayının 8-də Şamaxı şəhərində anadan olan Ramin Məmmədov həqiqi hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda, sonra isə Milli orduda Vətənə əsl övlad kimi qulluq edir. Baş gizir 21 ildir ki, doğma torpaqlarımızın düşməndən müdafiəsində dayanıb və bu müddət ərzində peşəkar hərbçi olduğunu dəfələrlə nümayiş etdirib. Bu ilin sentyabr ayının 27-də Ermənistanın ölkəmizə hücumunun qarşısını alaraq düşmənə əks zərbələr endirən şanlı Azərbaycan ordusunun ön sıralarında vuruşan Baş gizir Ramin Məmmədov Füzuli istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Bölük komandiri kimi tabeliyində olan əsgərləri ilə birgə düşmənə ağır zərbələr endirən Baş gizir Ramin Məmmədov Füzulinin azad edilməsində xüsusi fərqlənib. Onun bölüyü düşmənin möhkəmləndirilmiş müdafiə sistemlərini darmadağın edib və bu zaman işğalçı ordunun onlarla əsgəri və hərbi texnikası məhv edilib. Döyüşlərin birində düşmənin hücumunun qarşısını alan zaman Baş gizir Ramin Məmmədovun sərrast atəşi ilə bir neçə düşmən tankı məhv edilib. Füzulinin alınmasında özünəməxsus xidmətləri olan Baş gizir Ramin Məmmədov həmçinin Çəbrayıl, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin Hakuki, Çanaxçı, Sığınaq, Düdükçü, Banacur kəndlərinin, Şuşikəndin və Şuşanın azad edilməsində iştirak edib. Baş gizir Ramin Məmmədov bu gün də şanlı ordumuzda xidmətini davam etdirir. O deyir ki, Ali Baş Komandan əmr etsə hər an yeni döyüşlərdə iştirak etməyə hazırdır.
Ramin Məmmədov: “Torpaqlarımızı azad etməkdən şərəfli bir iş ola bilməz. Şadam ki, düşmən üzərində qələbədə mənim də payım var. Biz səbirsizliklə Bakıda keçiriləcək qələbə paradını gözləyirik. Bu parad şanlı ordumuzun, müstəqilliyimizin tarixində şərəfli bir hadisə olacaq və yenilməz, məğlubedilməz Azərbaycan ordusunun gücünü və qüdrətini dünyaya bir daha nümayiş etdirəcək. Mən fəxr edirəm ki, qəhrəman Azərbaycan ordusunda xidmət edirəm”,-deyir.
Qeyd edək ki, ailəsi, həyat yoldaşı və iki övladı da qəhrəman Baş gizir Ramin Məmmədovla fəxr edir və onunla qürur duyduqlarını bildirirlər.
Biz də öz növbəmizdə Baş gizir Ramin Məmmədova bu şərəfli yolda uğurlar və yeni-yeni qələbələr arzulayırıq. Yolunuz açıq, qələbələr daim sizinlə, şanlı ordumuzla olsun.
Murad Şahməmmədov
Arazinfo.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 + seventeen =