Erməni adlı pandemiya və Vətən müharibəsi

0
540

Arzu var, o qədər uzaq olur ki

Onu arzulamaq yad olur sənə.

Arzu var, oqədər yaxın olur ki,

Vaxtın itkisi tək görünür sənə.

2020-ci il başlar- başlamaz dünyanı pandemiya bürüdü. İsmini COVİD-19 qoydular bu zəhrimar pandemiyanın. Bütün dünyanın məhvərini yerindən oynadan bu pandemiyanın əlində aciz qalan nəhəng dövlətlər belə yazıq görkəmə düşdülər və əfsuslar olsun ki, hələ də məzlum görkəmdə qalmaqdadırlar. Dünyanı qarışdırıb kənardan tamaşa edən bu nəhəng dövlətlərin hələ də çarə tapmamaları adamı düşüncələrə qərq edir. Amma bizim qayğilarımız onlara nisbətən daha azdır. Axı biz 28 ildir erməni adlı pandemiyayla mübarizə aparırıq; ara məsafəsi saxlamadan, maska taxmadan. Maskalanmış ermənilərin masqalarını yırtmaq üçün düz 28 il çaba göstərməli olduq…

  Vətən müharibəsinin başlanmasının səbəbləri

1992-ci ildən etibarən Azərbaycanın ərazi bütövlüyünü pozaraq işğalçılıq siyasəti yürüdən Ermənistan dövləti 1994-cü ildə əldə olunmuş atəşkəslə Azərbaycan torpaqlarının 20 faizini işğala məruz qoydu. Bəzi böyük dövlətlərə güvənərək özbaşınalıqlar edən Ermənistan adlı saxta dövlət elə sanırdı ki, Azərbaycan xalqı torpaqlarının işğalı ilə barışacaq. Aradan keçən 27 illik müddətdə Azərbaycan Dövləti iqtisadi və hərbi gücünü artırmaqla məşğul oldu. Eyni zamanda ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın sülh yolu ilə geri qaytarılması istiqamətində danışıqları davam etdirdi. Eyforiyaya qapılmış erməni işğalçı rejimi müvəqqəti qalibiyyətin təsirindən xilas olmağı bacarmadı. BMT adlı nüfuzlu təşkilatın Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılmasını özündə ehtiva edən 4 qətnaməsini erməni faşist rejimi qulaqardına vurdu.

Bu da azmış kimi, atəşkəs dövründə belə vaxtaşırı ərazilərimizi və mülki əhalimizi atəşə tutmaqla, qudurğanlığını nümayiş etdirməkdən çəkinmədi. Nəhayət 2016-cı ilin aprel ayının əvvəlində böyük miqyasda hücuma keçərək növbəti dəfə ərazilərimizi işğal etmək fikrinə düşdü. Amma artıq Azərbaycan Dövləti və Ordusu 1992-1994-cü illərdəki səviyyədə deyildi. İqtisadi və hərbi gücünə görə Ermənistandan on dəfə güclü olan Azərbaycan Dövləti ermənilərə lazımi dərsi verməyi bacardı. Araya girən Rusiya dövləti olmasaydı çox güman ki, hələ 2016-cı ilin aprelində işğal olunmuş torpaqlarımızı erməni işğalından qurtaracaqdıq.

Aprel əməliyyatları zamanı Azərbaycan şilləsini dadmış erməni quldurları yenə ağıllanmadılar. Mütəmadi olaraq atəşkəsi pozaraq ərazilərimizi və mülki əhalimizi atəşə tutaraq bizim cavab verməyimizi istəyirlərmiş kimi görünürdülər. Amma Azərbaycan Prezidenti mövcud problemi danışıqlar yolu ilə həll etmək siyasətini səbrlə sürdürməkdə davam edirdi.

Erməni vandalizmi özünün pik nöqtəsinə 2020-ci il iyul ayının 12-də çatdı. Dağlıq Qarabağa heç bir aidiyyatı olmayan, amma təkcə Azərbaycan üçün deyil, Avropa və Amerika üçün böyük strateji əhəmiyyət kəsb edən transmilli layihələrin kəsişdiyi Tovuz rayonuna hücuma keçən erməni quldurlarının niyyətləri bəlli idi. Tovuza hücum əmrinin verilməsi erməni beyninin , ürəyinin cəsarəti deyildi. Bu planın kimə aid olduğu Azərbaycanda baxçaya gedən cocuqlarımıza da bəllidir. Sadəcə siyasi etika xatirinə ad çəkmirik. Hamı- hətta avropalılar da bilir ki, Avropanın qaz bazarını itirməkdən qorxan bəzi dövlətlər Azərbaycan qazının alternativliyini qəbul etmək istəmirlər.

Tovuz olaylarında da Rusiya adlı dövlət erməni faşistlərini bizim əlimizdən aldı. Üzütüpürcəkli yaşamağa öyrəşmiş erməni toplumu arxasında dayanmış güclü əlin təsiri ilə iyul hadisələrindən məğlub ayrılmalarına baxmayaraq, sonrakı aylarda da sakit dayanmadılar. Nəhayət 2020-ci ilin 27 sentyabrında Erməni işğalçıları bütün cəbhə boyu ərazilərdən hücuma keçdilər. Bunun qarşılığında təbii ki, Azərbaycan Dövlətinin əks hücuma keçməkdən başqa yolu qalmamışdı. Daha doğrusu ermənilər artıq bizə başqa yol buraxmadılar… Nəticəsi artıq bəllidir.

Hər şey VƏTƏN üçün

Apardığımız Vətən müharibəsində bütün xalqımız hər şey Vətən üçün şüarı ilə yaşamağa başladı. Hər kəs imkanı daxilində qələbə üçün nə isə etməyə çalışırdı. Biz isə  belə qərara gəldik ki, sıx əlaqə qurduğumuz qardaş Türkiyə Cümhuriyyəti, Dənizli vilayətinin Akhan məhəlləsindən ordumuza dəstək nümayiş etdirək.

Çıxacağımız yolun çəyinliyini yaxşı bilirdik. Maddiyat eynimizə də deyildi. Amma tüğyan edən koronavirus pandemiyası qardaş Türkiyədə, ələlxüsus da Dənizli vilayətində aşırı dərəcədə yayılmışdı.” Cəbhədə döyüşən oğullarımızdan haramız artıqdır?” düşüncəsilə oktyabr ayının 23-də Bakıdan Ankaraya uçduq.

Vətən müharibəsinin başladığı gündən qardaş Türkiyə cümhuriyyətinin sərgilədiyi mənəvi və diplomatik dəstək bəlli idi. Ancaq Ankarada gördüklərimiz bizi əməlli-başlı kövrəltdi. Bu qədər iç-içə olduğumuzu təsəvvür etməzdik. Əvvəlki səfərlərimizdə  belə mənzərənin heç vaxt şahidi olmamışdıq. Ankaranın küçələrində Türkiyə Cümhuriyyətinin və  Azərbaycan Dövlətinin bayrağı qoşa dalğalanırdı. Mərkəzi küçələrdə Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin birgə asılmış şəkilləri insanın qanını guşə gətirirdi. Qardaşlarımız da bizim qədər yüksək əhval ruhiyyədə idilər. Sərgilədikləri münasibət, baxışlarındakı həlimlik, hər addımda “biz qardaşıq” demələri bizi göyün yeddinci qatına qaldırırdı…

Doğma Akhanımızda

Gəlişimizdən günlər öncə xəbərdar olan Hikmət Akhan üstkeçiddə qabağımıza çıxmışdı. Avtobus Akhana çatanda günəş artıq qüruba təslim olmaq üzrə idi. Altı saatlıq avtobus yolçuluğumuz sonrası çox yorulmuşduq. Bakıdaikən Türkiyə Cümhuriyyətində koronavirusdan dolayı tətbiq edilən yasaqlardan xəbərdar idik. Qanunun aliliyinə həmişə hörmət etdiyimizdən, bu dəfə də qonağı olduğumuz qardaş dövlətimizin tətbiq etdiyi qaydalara riayət etməyi boynumuzun borcu bildik və masqamızı bir an belə olsun üzümüzdən yana çəkmədik.

Evdə Hikmət bəy bir daha bizə Dənizlidəki durum barədə məlumat verdi və çox da qələbəlik yerlərə yaxınlaşmamağı tövsiyyə etdi.

Səhəri ilk görüşdüyümüz şəxs Akhan Məhəlləsinin 2019-cu ildə seçilmiş Muxtarı Orhan Genc oldu. Öncəki səfərlərimizdən onu tanıyırdıq, amma budəfəki kimi yaxın ünsiyyətimiz olmamışdı. Onun əslən Azərbaycan türkü olduğunu bilirdik, amma nə qədər işgüzar və topluma xidmət etmək yetkisinə sahib olduğunu bilmirdik. Etiraf edək ki, Orhan bəyin insanlarla olan ünsiyyəti, mövcud problemə Muxtar olaraq yanaşma keyfiyyəti və verdiyi reaksiya təqdirəlayiq qiymətləndirilməlidir. Aldığı xəbəri isti-isti araşdırması və aidiyyatı üzrə yuxarı instansiyalara çatdıraraq tədbir gördürməyə çalışması bizdə o əminliyi yaratdı ki, akhanlılar uğurlu seçim ediblər. Onun özü də dəfələrlə qeyd etdi ki, əvvəlki muxtarlar kimi o da seçicilərin etimadını doğrultmağa çalışır.

Bakıdan özümüzlə xeyli sayda kiçik, böyük bayraq götürmüşdük. İlk bayraq hədiyyəmizi Orhan bəyə etdik. Müqəddəs varlığı qəbul edirmiş kimi kiçik bayrağımızı bizdən qəbul edən Orhan bəy ayağa qalxdı və onu öpərək iş masasının üzərinə qoydu.

Səfərimizin məqsədi barədə Orhan bəyə məlumat verdik. İnsanlarla görüşüb bayraq paylayacağımızı və Akhanda yüksək bir məkanda Türkiyə-Azərbaycan qardaşlığının tərənnümü kimi bayraqlarımızı qaldırmaq istədiyimizi söylədik. Fikrimizi alqışladığını bildirən Orhan bəy formal olaraq bu barədə Dənizli Böyük şəhər Bələdiyyə Başqanı Osman Zolanla məsləhətləşməyin lazım olduğunu vurğuladı. Onun təklifini anlayışla qarşıladıq. Osman Zolanla əvvəlki səfərlərimizin birində görüşmüşdük. Onun Azərbaycana olan münasibətini bilirdik. Əmin idik ki, o bizim istəyimizin əleyhinə olmayacaq.

Osman Zolanın qəbuluna düşmək məsələsini Orhan bəy həll etməli idi. Amma Dənizlidəki koronavirus problemi o dərəcədə təhlükəli həddə çatmışdı ki, üz-üzə qəbul məsləhət bilinmirdi. Amma Orhan bəy Başqanın xanım köməkçisi ilə əlaqə yaradaraq  görüş üçün zaman istəmişdi.

  Dənizli Bələdiyyəsi-144

Oktyabrın 30-u Dənizli Böyük şəhər Bələdiyyəsinin yaranmasının 144-cü ildönümü olduğundan, şəhərdə çox da təntənəli olmayan tədbir keçirildi. Təntənəli olmamasının səbəbi  yenə də koronavirusun tüğyan etməsi idi. Orhan bəy bizi bu tədbirə aparanda bildirmişdi ki, Osman Zolanla tədbirdən sonra görüşəcəyik.

Protokola uyğun olaraq Dənizli Böyük şəhər Bələdiyyəsinin Başqanı Osman Zolanın geniş çıxışından sonra törən başa çatdı. Bundan sonra Başqan ayaqüstü qəbul keçirdi. Növbə bizə çatdı və Orhan Gənc nəzakətlə Başqana yaxınlaşdı. Özünü təqdim etdikdən sonra bizi Osman Zolana tanıtdı və əlavə etdi ki, qardaş Azərbaycandan gəlmiş yazarlar Akhandakı şəhid Doğan Acar üstkeçidindən Azərbaycan və Türkiyə bayrağı asmaq təklifini irəli sürmüşlər. Buna sizin fikrinizi bilmək istəyirik.

Orhan Gənci səmimiyyətlə dinləyən Osman Zolan Azərbaycanda aparılan Vətən müharibəsini həyəcanla izlədiyini, Azərbaycan Ordusunun qazandığı uğurlardan qürur duyduğunu və torpaqlarımızın tamamının işğaldan azad edilməsini arzuladığını söylədi. Sonda təklifimizi bəyəndiyini və imkan olanda Dənizlidə salınmış “Qarabağ” parkına da baş çəkməyi tövsiyə etdi.

Bu tədbirdə AKP Dənizli Millət Vəkili Nilgün Öklə tanış olduq. Nilgün xanım da Azərbaycan Ordusuna başarılar dilədi və yanımızda olduğunu söylədi…

Akhan günbəgün dəyişir

Bayraq asma mərasiminə bir neçə gün zamanımız vardı. Fürsətdən istifadə edib Akhanı dolaşmaq qərarına gəldik. Hikmət bəydən bu istiqamətdə yardım istədik. O, hər zaman olduğu kimi istəyimizi yerə salmadıl. İşnin çox olmasına baxmayaraq payi-piyada bizimlə Akhanı gəzməyə başladı. Yeni asfaltlanmış bir sıra küçələrdən keçərək tikilməkdə olan məscidə gəlib çıxdıq. Səhv etmiriksə bu Akhanda üçüncü məscid idi. Məscidin qarşisinda xeyli sayda insanın çalışdığını gördük. Onların içərisində Muxtar Orhan Gənci gördükdə isə maraq bizi bürüdü. Yaxınlaşanda gördük ki, Orhan bəy əlində kürək, ağac əkir.

Orhan bəy burada geniş park saldıqlarını bildirdi və əlavə etdi ki, bura əvvəllər baxımsız ərazi idi. İnsanların istirahət etmələrini təmin etmək üçün bu parka çox böyük ehtiyac var…

 Ay-ulduzlu bayraqlar yan-yana

Nəhayət o an gəlib çatdı.Akhan tarixi günə şahidlik edirdi. Şəhid Doğan Acar adına üstkeçidə koronavirus səbəbilə məhdud sayda insan dəvət edilmişdi. Bununla belə bura toplaşanlar ürəklərində Azərbaycan sevgisi, əllərində iki bayraq-Türkiyə və Azərbaycan bayraqları tutaraq dünyaya birlik mesajı verirdilər. Tədbirə maraq çox böyük olduğundan Pamukkale televiziyasının operatoru da tarixi görüntüləri kamerasının yaddaşına həkk edirdi.

Qonaq kimi dəvət olunan MHP Pamukkale rayon təşkilatının sədri Mehmed Ali Yılmaz, Akhan Mahalle Muxtarı Orhan Gənc və bu yazının müəllifləri çıxış edərək “bir millət, iki dövlət” olmanın xoşbəxtliyini xüsusi qeyd etdilər.

Bununla da 2020-ci il üçün nəzərdə tutulmayan Dənizli səfərimiz başa çatdı. Ay-ulduzlu bayrağımızı Akhanlı göynüklülərə, şabalıdlılara ərmanət edib Vətənə geri döndük.

Şahin Aydəmir

Osman Məmmədov

BIR CAVAB BURAXIN