Putinin Hillari Klintondan niyə zəhləsi gedir …

0
681

ABŞ-da Demokratlar partiyası keçmiş dövlət katibi Hillari Klintonun prezidentliyə namizədliyini rəsmən irəli sürüb. Hillari Klinton ABŞ tarixində prezidentliyə ilk qadın namizəddir və analitiklərə görə avantürist Donald Trampın hakimiyyətə yolunu bağlamaq üçün respublikaçı elektoratın bir qismi də ona səs verə bilər. Və Tramp amili Hillari Klintonun prezident seçilmək şansını artırır.

Lakin Hillari Klintonu bir çox ölkələrdə, o cümlədə Rusiyada heç xoşalmırlar. Hesab edirlər ki, onun dövlət katibi olduğu dövrlərdə ABŞ keçmiş sovet məkanında “rəngli inqilablarla” hakimiyyətlərin dəyişdirilməsinə daha çox can atırdı. Virtualaz.org xəbər verir ki, ABŞ-ın “Politico” nəşri Rusiya prezidenti Vladimir Putinin Hillari Klintondan zəhləsinin getdiyini yazır və bunun səbəblərini açıqlayır.

Nəşr yazır ki, 2011-ci ildə Moskvada Putinə qarşı etiraz aksiyaları başlayanda o, birmənalı şəkildə bunun arxasında ABŞ dövlət katibi Hillari Klintonun dayandığını demişdi. “İndi, beş il sonra Putin ola bilsin Hillari Klintondan qisas alır” –nəşr Demokratlar partiyasının Milli komitəsinin elektron poçtuna kiberhücumun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığına işarə edərək yazır.

“Politico”nun yazdığına görə Klintonla birgə işləmiş keçmiş amerikalı məmurlar deyirlər ki, 2011-ci ilin noybarında dövlət katibi Rusiyadakı parlament seçkilərini tənqid edəndə Putin şəxsən bundan çox hiddətlənmişdi. “Putin və müşavirləri gözəl başa düşür ki, Klinton Rusiyaya qarşı ABŞ administrasiyasının digər üzvlərindən daha çox sərt mövqedə idi. Həmçnin Putin hesab edir ki, xanım Klinton “rejim dəyişikliyi” siyasətinin nüfuzlu tərəfdarıdır, bu kursu Rusiya lideri birbaşa özünə qarşı təhdid hesab edir”-mənbələr deyiblər.

Nəşr yazır ki, xanım Klintonun da Putindən heç vaxt xoşu gəlməyib. 2008-ci ildə senator olanda o, demişdi: “Putin KQB əməkdaşı olub, deməli onun qəlbi yoxdur”. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyir ki, Klinton ABŞ-Rusiya münasibətlərində “perezaqruzka” mərhələsinə müsbət baxmırdı. “O, Rusiyaya qarşı münasibətdə daha sərt davranırdı. Hillari həm Lavrov, həm Putin üçün çətin həmsöhbət idi. Mən bunu kompliment kimi deyirəm”-keçmiş səfir bildirib.

2010-cu ildə Hillari Klinton Moskvaya səfər edəndə Putin onu yumşaltmaq üçün yüksək səviyyədə diqqət göstərdi, dövlət katibini özünün Moskva ətrafındakı iqamətgahına dəvət etdi. Təbiətə marağını nəzərə alıb ona divarlarından vəhşi heyvan başları asılmış “qənimətlər zalı”nı göstərdi.“Ancaq onlar birlikdə fotoqrafların qarşısına çıxanda Putin Klintonun qarşısında hesabat verməli oldu. O, Rusiya-Amerika ticarət dövriyyəsinin aşağı düşməsindən, İran və Şimali Koreyaya qarşı sanksiyaların Rusiya şirkətlərinə ziyan vurmasından danışdı”-nəşr yazır.

Bildirilir ki, Klinton Rusiya rəsmiləri ilə oyunu necə oynamağı bilirdi. Bu xasiyyətinə görə bəziləri onu zarafatla “yumurtalı xanım” adlandırırdı. Maykl Makfol xatırlayır ki, 2012-ci ildə Rusiyada ona qarşı kampaniya aparılanda Klinton ona zəng edib Rusiya tərəfinin hərəkətlərindən hiddətləndiyini bildirdi. “Mən təəcübləndim ki, dövlət katibi niyə qorunmayan xətlə zəng vurub. O isə cavabında dedi ki, bu danışılanları Rusiya tərəfinin də eşitməsini istəyir”-keçmiş səfir deyib.

2012-ci ilin sentyabrında Klinton Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəndə o, qəfildən dövlət katibinə bildirib ki, Rusiya ABŞ-ın USAİD beynəlxalq inkişaf agentliyini ölkə ərazisindən çıxarır. “Bu xəbərdən sarsılmış Klinton ayağa qalxdı və getdi. İnformasiyalı mənbələrin dediyinə görə Lavrov onu dilə tutub əyləşməyə və danışıqlar aparmağa çağırdı, ancaq Klinton qətiyyətli idi. O, öz qeydlərini əzib yerə tulladı və Lavrova bildirdi ki, əgər danışmaq istəyirsə götürüb oxuya bilər, və çıxıb getdi”-məqalədə deyilir.

Hillari Klinton dövlət katibi vəzifəsindən gedəndən sonra da Rusiya haqda həmişə sərt danışır. “Mənim fikrimcə ruslar onun qələbəsini gözləyirlər. Lakin onlar başa salmaq istəyirlər ki, ruslarla hesablaşmaq lazımdır və onlar lazım gələndə Hillarinin əhvalını korlaya bilərlər, yəni ki, o, rusları ciddi qəbul etməlidir”-adının açıqlanmamasını istəyən diplomat demokratların qərargahının elektron poçtuna haker hücumunun arxasında Kremlin dayandığını nəzərdə tutaraq deyib.

Virtualaz.org

BIR CAVAB BURAXIN