“İnsanı formalaşdıran, onu zirvələri fəth etməyə hazırlayan anadan olduğu ailəsi və onu əhatə edən ictimai mühitdir” (2)

0
1005

 

 

 

Ilk sevgi

-Telman müəllim, bir az mövzunu dəyişmək, hər bir gəncin həyatında özünəməxsus iz qoyan nakəm məhəbbətlə bağlı sual vermək istəyirəm. Telman müəllimin həyatında

belə demək mümkünsə nakəm sevgi olubmu? Hər halda Sizin gənclik illərinizin bir hissəsi beynəlmiləl məktəbdə, digər hissəsi Moskvada oxuduğunuz, təhsil aldığınız illərə təsadüf edib.

-Mən harada olmuşamsa, harada yaşamışamsa məni əhatə edən cəmiyyətin üzvü olmuşam. Mən Moskvada aspiranturada oxuyanda Bakı bu böyük şəhər üçün ucqar yer hesab edilirdi. Buna baxmayaraq aspiranturada oxuduğum vaxt məni konservatoriyanın bədii şurasının üzvü seçmişdilər. O vaxt insanın ağlına, kamalına, biliyinə, bacarığına qiymət verirdilər. Yəni söhbət insanlığa, düzlüyə verilən qiymətdən gedir. O ki qaldı sevgi, məhəbbətə, bilirsiniz hər şeyin öz vaxtı, öz zamanı var. İnsan böyüdükcə o an gəlib çatır ki, onun qəlbində məhəbbət yaranır, kimsə başlayır sənin xoşuna gəlməyə. Bu da həyatın öz qanunudur və bundan heç kəs qaça bilməz. Mən musiqidən əlavə Bakı Dövlət universitetində də oxumuşam, atam və anam o vaxt Bolqarıstanda işləməyə getmişdilər. Mən məktəbi əla qiymətlə bitirməmişəm. Orta məktəbi bitirəndə həm də musiqi texnikumunda fleyta sinfində oxuyurdum. Orta məktəbi bitirəndən sonra hansı ixtisas dalınca gedəcəyimi bilmirdim. Axırda seçimim iqtisadiyyat fakultəsi oldu. O vaxt bir yerə 25 ərizə vardı. Qəbul olunanda gözlərimə inanmadım… Salmanov adlı bir dekan vardı, bir az cevikliyimi görüb məni sinif nümayəndəsi təyin etdi. Ancaq daha bilmədi ki, mən dəcələm. Sinif nümayəndəsi kimi jurnalı vururdum qoltuğuma, dərsdən qaçaraq uşaqlarla birlikdə bulvara gedirdik. Salmanov məsələnin nə yerdə olduğunu başa düşdü və yarım ildən sonra məni sinif nümayəndəliyindən azad etdi və yerimə cavan bir qızı qoydu. Amma o da ara-sıra jurnalı qoltuğuna vuraraq bizimlə bulvara gedirdi. O dövrdə qrupumuzda müxtəlif millətlərin nümayəndələri təhsil alırdı. Onların arasında Kiyevdən, Tbilisidən və başqa şəhərlərdən gələrək Bakıda təhsil alanların sayı da az deyildi. Mən də musiqiçi olduğum üçün universitetdə bir qrup düzəldərək müxtəlif tədbirlərdə konsertlər verirdik. Bu konsertlərə isə tələbələr arasına maraq böyük idi. O vaxt verdiyim konsertlərə görə, universitetdə tələbələrin çox hissəsi məni tanıyırdı. Qruppamızda da xoşuma gələn 2-3 qız vardı. Onlardan biri Kiyevdən olan Alla Loqvinskaya, digəri isə Dmitriyeva Tanya idi. Loqvinskaya mavi gözlü, xoş simalı qəşəng qızlardan hesab edilirdi.  Xoşuma gələn qızlardan biri də gürcü qızı Alla idi. Adamın allahı var, o digər iki qızdan daha çox xoşuma gəlirdi. Amma ona yaxın da düşə bilmirdim. Bu məsələ bir az uzandı, ancaq sonda ona ürəyimi aça, sevdiyimi deyə bildim və müsbət cavab aldım. Allanın həm Bakıda, həm də Tbilisidə qohumları çox idi. Sadə, təmtəqraqsız, qohum-qardaşların iştirakı ilə bir toy məclisi qurduq. O vaxt mən həm də konservatoriyada təhsil alırdım. Belə ki, musiqi məktəbini bitirdikdən sonra oradan da orta məktəb  barədə attestat almışdım. Elə universitetdə oxuya-oxuya da konsevatoriyaya qəbul olumuşdum. Konservatoriyaya qəbul olunmağım da çox əcaib olmuşdu. Belə ki, bir gün evdə idim və tanışlarımdan biri gəlib dedi ki, musiqi alətini götür gedək konservatoriyaya. Nə isə getdik rektor Cövdət Hacıyevin qəbuluna. O balacaboy, ancaq zabitəli bir şəxs idi. Biz onun qəbuluna girdik, o da dedi ki, götür musiqi alətini çal.  Soruşdum ki, nə çalım. Dedi ki, texnikumda dövlət imtahanında nə çalmısansa onu çal. Heç nə demədən onun dediklərinə əməl etdim. Sonra fleytada digər havaları da ifa etməyimi istədi. Ona da əməl etdim. Fleytada ifam onun çox xoşuna gəldi. Hər halda belə hiss elədim. Dedi ki, sən konservatoriyaya qəbul olunubsan. O vaxt texnikumda təhsil alarkən bir neçə dəfə müsabiqələrdə qalib olmuşdum və məni tanıyırdılar. Ona görə də ola bilsin  Cövdət Hacıyev mənim konsevatoriyada təhsil almağım üçün belə bir addım atmışdı. Həm universitetdə, həm də konservatoriyada oxuya-oxuya iki yerdən də tələbə təqaüdü alırdım. Konsevatoriyada oxuduğum müddətdə iki dəfə də müsabiqələrdə iştirak etdim və lauerat oldum. Konservatoriyanı başa vurduqdan sonra Cövdət Hacıyev elmi şuranın qərarı ilə məni Moskvaya aspiranturya oxumağa göndərdi. Universiteti bitirdikdən sonra vəzifədə yüksəlmək perspektivim vardı. O vaxt Bakı şəhər partiya komitəsinin katibi işləyən Əli Qabiyeviç  məni ora işləməyə çağırdı. Dedi ki, bir ildən sonra iqtisadiyyat şöbəsinin müdiri gedir təqaüdə, sən onun yerinə təyin ediləcəksən. Amma mən onun təklfini qəbul etmədim və aspiranturada təhsilimi davam etdirməyə üstünlük verdim. Aspiranturada iki yerə 16 ərizə verilmişdi. Mən imtahan verərək o iki yerdən birini tutdum və beləliklə aspiranturaya qəbul olundum.  O vaxt dediyim kimi evli idim və artıq Vaqif adlı bir oğlumuz da vardı. Həyat yoldaşım da Moskvaya gəldi və işə düzələrək mənimlə birlikdə burada yaşamağa başladı. Həmin dövrdə qaynatam da çox hörmətli şəxslərdən biri idi və onun da xatirini çox istəyirdim. Moskvada aspiranturada təhsil alarkən atam rəhmətə getdi. İnsan həyatı boyu üç şeyi, anadan olduğu torpağı, bir də ata-anasını hər şeydən əziz tutmağa borcludur. Bu 3 ali mənəvi borca əməl etsən, onda vətəni də sevəcəksən, ana-atanı da. İndi də tez-tez valideynlərimin qəbri üzərinə gedir, onları xatırlayır, yad edirəm. İnsan tərbiyəni, mədəniyyəti ilk növbədə ailədən alır, ailədə onun gələcəyi formalaşır.

Ağır günlər və ya yaşamaq mübarizə deməkdir

 

– Telman müəllim həyatınızda ən çox hansı hadisə xoşagəlməz iz buraxıb?

-Əlbəttə, valideyn, qardaş itkisi insanın həyatında ən ağır iz buraxan hadisələrdəndir. Ancaq, gənclilyimdə ağır günlərim çox olub. Onlardan birini də mən Moskvada aspiranturanı

başa vuranda yaşadım. Həmin dövrdə aspiranturada oxuyurdum, həm müəllimlik edir, həm də komsomol komitə katibi işləyirdim. Pis də yaşamırdım. Onda məni aspranturani başa vurandan sonra konservatoriyada müəllim saxlamaq istəyirdilər. Sözün düzü geri qayıtmaq da fikrim yox idi. Amma mənim xəbərim olmadan konservatoriyanın rəhbərliyi məni geriyə qaytarmaq fikrinə düşmüş, hətta bununla bağlı o vaxt Mədəniyyət naziri işləyən xanım Furtsevaya məktubla müraciət etmişdilər. Təbii ki, o vaxt bunlardan xəbərim yox idi. Bunu sonralar bildim. Furtseva deyəndə ki, Telmanı tanıyırıq, istedadlı kadrdır, Moskvada saxlamaq istəyirik, böyük gələcəyi var. Buradan gedənlər də demişdilər ki, Telman Hacıyev milli mədəniyyətimizin inkişaf etdirilməsi üçün bizə çox lazımdır. Təbii k, məni aspiranturaya oxumağa Bakıdan göndərdikləri üçün Furtsevanın buna razılıq verməkdən başqa çıxış yolu qalmamışdı. Sonra onlar Moskva Konservatoriyasının rektorunun da yanında getmiş, onlardan məni geri qaytarmağı xahiş etmişidlər. O da deyəndə ki, Telman çox istedadlı, gələcəyi olan kadrdır, biz onu burada saxlamaq, ona iş vermək istəyirik, bizimkilər artıq Furtsevadan buna razılıq aldıqlarını bildirmiş və bu yolla Bakıya qaytarılmağım məsələsini həll etmişdilər. Mənimsə o vaxt bundan xəbərim yox idi. Bir də gördüm ki, Xalq artisti Soltan Hacıbəyov Moskva konservatoriyasındakı otağıma gəldi. Salamlaşandan sonra dedi ki, gedək çörək yeyək. Mən də nə bilim bunun məqsədi nədir, Bakıdan gəlib, özü də çörək yemək istəyir, daha buna etiraz etmək olmazdı. Üstəlik o məndən yaşca böyük, Xalq artisti, tanınmış bəstəkar idi. O vaxtkı Qorki küçəsində, indki Tverskidə “Bakı” restoranı var idi. Getdik oraya. Restorana daxil olanda gördüm ki, Niyazi, Şəmsi Bədəlbəyli və digər biri də vardı, adı yadımdan çıxıb, onlar da ordadırlar. Hiss elədim ki, ortada nəsə var və Soltan Hacıbəyovun məni ora gətirməsi heç də təsadüfi deyil. Nə isə oturduq çörək yedik. Gördüm ki, mənə onlar çox qayğı göstərirlər. Nə isə bir az çörək yeyəndən sonra mənə  dedilər ki, gəl Bakıya, orada xaruqalər yaadacaq, milli musiqimizin inkişafına kömək edəcəksən. Dedim ki, mən bura gəlmişəm, işləyirəm, aspiranturada oxuyuram, qastrollara da gedirəm, konsertlər də verirəm, dərs də deyirəm, yaşamağa yerim var, perspektivim də böyükdür. Özümü də burada saxlamaq istəyirlər. Qayıtdılar ki, yox, artıq sənin Bakıya qayıtmaq məsələni həll etmişik və buna nazirin razılığını da almışıq. Gördüm ki, bunlar məndən soruşmadan məsələni həll ediblər və Bakıya qayıtmaqdan başqa çarəm yoxdur. Mən Moskvadan Bakıya gəlməyə hazırlaşanda müəllimim, professor Nikolay İvanoviç Platonovla görüşdüm. O çox qayğıkeş, müdrik insan, həm sənətşünaslıq, həm də hüquq elmləri doktoru idi. Sağollaşanda o dedi ki, Telman, sən gedəcəksən vətənə, orada sənə çox maneələr edəcəklər, inkişaf etməyə, irəli getməyə qoymayacaqlar. Sənin bir güclü silahın var, onlara cavab vermə, ağzını açıb danışma. Sən bacaranı heç kəs bacarmır. Söysələr də, döysələr də səsini çıxarma, sakitcə işinlə məşğul ol.

Belə edə bilsən özünə qarşı çıxanları məğlub edəcəksən. Nə isə sentyabr ayında gəldim Bakıya. Getdim konservatoriyanın rektoru professor Cövdət Hacıyevin yanına ki, bəs gəlmişəm, mənə iş verin. Məni elmi şuranın qərarı ilə Moskvaya aspiranturaya oxumağa da o göndərmişdi. Nə isə o məni çox yaxşı qarşıladı, ancaq dedi ki, bizdə dərs yükü yoxdur. Sən gör musiqi texnikumunda işə düzələ bilirsənmi? Mən də bunu eşidib şoka düşdüm. O boyda yerdən məni dartıb gətiriblər Bakıya, indi mənə deyirlər ki, gör harada özünə iş tapa bilirsən. Qaldım məhəttəl. Axı mənim Bakıya qayıtmağımı onlar özləri istəmiş, özləri geri gətirmişdilər məni. Sözün düzünü deyim ki, Cövdət müəllimin xatirini çox istəyirdim, onun dövründə tələbə ikən 3 dəfə müsabiqələr qalibi olmuşdum, konsevatoriyada komsomol komitə katibi işləmişdim.

Cövdət Hacıyev təmiz, saf adam idi, ancaq görünür mənimlə bağlı ona da kimlərsə təsir edə bilmişdilər. Xeyli sonralar bildim ki, mən işləyəcək kafedrada olan müəllimlər mənim onlarla işləməyimi istəməyiblər. Onlar Cövdət Hacıyevə deyiblər ki, Telman bura gəlsə, işdən çıxacaqlar. Onun da mənə münasibətdə geri addım atmaqdan başqa çarəsi qalmayıbmış… Nə isə Gövdət müəllimin yanından çıxandan sonra nə edəcəyimi bilmirdim. Özüm işləmirəm, pul almıram, evdə bir oğlumuz var. Yeməyi də anam evdə bişirib gətirir bizə. Ağır vəziyyətə düşmüşdüm. Belə vəziyyətdə təsadüfən rəhmətlik Qara Qarayevlə rastlaşdıq. O məni tanıyırdı. Hal-əhval tutandan sonra nə olduğunu soruşdu. Mən də başıma gələnləri ona danışdım və hiss elədim ki, baş verənlərdən bərk pərt oldu. Dedi ki, ardımca gəl. Nə isə getdik konservatoriyaya. Qara Qarayev heç nə demədən Cövdət Hacıyevin kabinetinə girdi, salam da vermədən, ondan heç nə soruşmadan stolun üstündəki hökumət telefonunu qaldıraraq Azərbaycan Dövlət televiziyasında işləyən Ənvər Əlibəyliyə zəng elədi. Dedi ki, Telmanı göndərirəm yanına, onu kamera orkestrində işə qəbul et və bu gündən də əmrini imzala, qoy sabah səhərdən gəlib işə başlasın. Sonra qayıdıb Cövdət Hacıyevə dedi ki, bu gün Telmanın işə qəbul olunması barədə əmri imzala və dərs yükünü də ver. Daha Qara Qarayev ondan soruşmadı ki, nə olub, nə baş verib. Elə sağollaşmadan da Cövdət Hacıyevin kabinetindən çıxdı. O vaxt Qara Qarayev SSRİ Xalq artisti, SSRİ Ali Sovetinin deputatı idi. Kimin həddi var idi ki, onun bir sözünü iki eləsin. Belə oldu və başladım işləməyə. Elə bildim ki, bununla da mənə münasibət dəyişəcək. Ancaq sən demə yanılmışammış. Konservatoriyada işlədiyim dövrdə məni Kubaya qastrola göndərdilər. İki ilyarım orada konsertlər verdim, həm də işlədim. Nə isə geri qayıtdım və yenidən öz yerimdə çalışmağa başladım. Həmin dövrdə televiziyanın kamera orkestri ilə hər gün yarım saatlıq konsert verirdim. Bundan əlavə vaxtaşırı da konsetlərim olurdu. Nə isə yenidən işə qayıtmağımdan heç bir ay keçməmişdi ki, dedilər partiya iclasıdır onda iştirak etməlisən. Nə deyə bilərdim. Onda iclaslar ikinci mərtəbədə keçirilirdi. O vaxt konsevatoriyanın partkomu Zeynal Ələkbərov idi. Mən də heç nə demədən getdim qapının ağzında oturdum. Nə bilim ki, söhbət məndən gedəcək. Başladılar çıxış etməyə. Azər Abdullayev adlı qaboy çalan kafedra müdiri vardı. O durdu məni möhkəm bəzədi ki, bu kimdir bura gəlib, gündə haqqında qəzetlər yazır, gündə televiziyaya çıxır, konsertlər verir.  Sonra Abdul Məhəmmədov vardı, o çıxış elədi, o ki, var döşədi ünvanıma. Sonra öz müəllimim Ələkbər İsgəndərov də, dosent Elşad Əfəndiyev məni sərt şəkildə tənqid etdilər, ağızlarına gələni haqqımda dedilər. Bir sözlə partiya iclasında məni ağ yuyub, qara  sərdilər. Sonda partkom Zeynal Ələkbərov mənə dedi ki, dur onların cavabını ver. Amma mən nə deyim, bilmirəm… Bunu görən partkom səsinin tonunu bir az da qaldırdı ki, sən bunların cavabını ver, görüm, necə verəcəksən. Fikirləşdim ki, nə cavab verim. Daha nə gəldi ünvanıma deyiblər… Amma hiss edirdim ki, nəsə deməsəm məndən əl çəkməyəcəklər. Bəlkə də düşünürdülər ki, məni sındırıblar və onlara yalvararaq üzr istəyəcəyəm. Amma üzr istəyəsi günahım da yox idi. Durdum ayağa dedim k, mən bu gün axşam saat 7-də sizi televiziya konsertinə dəvət edirəm və sonra da heç nə olmamış kimi qayıdıb oturdum yerimdə. Gördüm verdiyim cavabımdan təəccüb içində qalıblar və mənə daha nə deyəcəklərini bilmirlər. Amma bu da başıma gələn son hadisə olmadı. O dövrdə  Molodyoj Azərbaydjana qəzetində bəstəkar Fəridə Quliyeva haqqımda “Əfsanəvi fleyta” adlı məqalə yazmış və tərifləmişdi. Buna görə onu qorxutmuş, demişdilər ki, səni öldürəcəyik. O da bu hədələrdən necə qorxmuşdusa, gedib düz bir ay evdə qalmış, çölə çıxmağa qorxmuşdu. Ona yeməyi də qonşular gətirmişdi. Hədələndiyini də mənə deməmişdi, qorxmuşdu ki, əlimdən xata çıxar. Fəridə xanım ortayaşlı, mədəni, alicənab bir qadın idi və ərə getməmişdi, tək yaşayırdı. Mən yalnız xeyli sonralar bildim onun hədələndiyini.

Bu danışdıqlarım başıma gələnlərin cizi hissəsidir və qalanlarını danışıb baş ağrısı vermək istəmirəm. Bu faktları ona görə danışdım ki, bunlar tarixdir. Bilirsiniz, mənəvi əzablar fiziki əzablardan daha ağırdır, onu insan qəlbi qəbul edə bilmir. Amma xoşbəxtlkdən mən onlara fikir vermir, öz işimlə məşğul olurdum. Hətta mənə qarşı çıxanlara da dost münasibət bəsləyirəm, məsələni açıb-ağartmamağa üstünlük verirəm.

 

– Telman müəllim övladlarınızın hansının simasında özünüzü görürsünüz?

– Bilirsiniz, bütün valideynlər öz övladlarına genetik olaraq nə isə miras qoyublar. Valideyn ziyalı da, çoban da, fəhlə də ola bilər. Ancaq onun övladlarına genetik baxımdan nələri isə qoyması şübhə doğurmur. Mənim valideynlərim kasıb olublar. Atamın atası, babam çox tez rəhmətə gedib. Minaxanım nənəm atamı bir parça çörək ilə böyüdüb. Buna baxmayaraq atam iki institutu bitirib, müdafiə edib alim olub, dövlət işində işləyib, əziyyətnən dolanıb bu insan. Amma bir dəfə də ondan ah-uf eşitməmişik, normal həyat sürüb, işini çox sevib gecə-gündüz işində olub, evə, ailəyə çox vaxt ayırmaq imkanı da olmayıb. Anam da  çox zəhmətkeş qadın olub. Ona görə də onlara qəni-qəni rəhmət oxuyuram. O ki, qaldı sizin verdiyiniz suala, yəni özümü kimdə görürəm? Cavabım belədir: oğulda və qızda. Atam mənə genetik miras qoyub, məndən də övladlarımın hərəsinə görünür nə isə düşüb. Düzdür burada ananın da rolu var, ancaq ata həmişə dominiant olub. Dünya gör-götür dünyasıdır və övladlarım da  yolumu davam etdiriblər. Düzdür məktəbdə oxuyanda oğlum əlaçı olmayıb, mənim kimi orta oxuyub. Ancaq qızım birinci sinifdən əlaçı olub. Yadımdadır, evimizin yanında Belinski adına kitabxana vardı. Birinci sinifi qurtaranda kitabxananın direktoru yoldaşımı çağıraraq deyir ki, bu qızı oxumağa qoymayın. Soruşur ki, niyə? Deyir ki, bunun bir əvəzinə 3 abonenti var, amma dolub, daha yer yoxdur yazmağa. Birinci sinif şagirdi gör nə qədər kitab oxuyub. O yayda dəli ola bilər. Anası da gülümsəyib cavab verib ki, sizin hələ onun atasından xəbəriniz yoxdur. Evdə hər yer kitabdır… Yəni mənə elə gəlir ki, bu həm genetik, həm də tərbiyəvidir. Biz belə formalaşmışıq, uşaqlar da belə görüb gördüklərini də götürüblər. Oğlum musiqi akademiyasının 3-cü kursunda oxuyarkən beynəlxalq müsabiqə laueratı oldu. Mənim yolumla getdi, sonra da gecə-gündüz kitabxanalarda oldu, etika üzrə dissertasiya yazdı, namizədlik müdafiə etdi. Məni kimi o da bütün diplomları Moskvadan alıb. O vaxt namizədlik dissertasiyaları Moskvada təsdiqlənirdi. Amma qızım pianoçu oldu, sonra gördüm can atır nəzəriyyəyə. Sonda həm pianoçu, həm də nəzəriyyəçi oldu.  Musiqi akademiyasında oxuyarkən çoxlu konfranslarda çıxış edirdi. Musiqi Akademiyasını bitirəndən sonra o da mövzu götürdü. Namizədlik müdafiə etdi. Neçə il elmdə cəngavərlik elədi fəlsəflə üzrə. O da mədəniyyətin fəlsəfəsini yazdı. Sözün düzü mən heç bilmiridm ki, belə bir şey var. Mədəniyyət deyəndə bu Üzeyirdir, Qara Qarayevdir, Fikrət Əmirovdur və sairə… Bu milli zəmində professional musiqiçilər haqqında tədqiqat əsəri yazasan özü də bunları araşdırasan, hərəsinin öz istiqaməti olub, dünya görüşü olub. Üzeyir bəy “Leyli və Məcnun”dan başlayıb, 22 yaşında xariqalər yaradıb. Üzeyirbəy tək musiqi ilə məşğul olmurdu ki, o məktəblilər üçün dərsliklər yazırdı. Yəni demək istəyirəm ki hər varlığın hər  canlının özünün təbiətdən istəyi var. O istəyin də dalınca gedir. Minaxanıma da nənənmin adını qoymuşam. O anadan çox sonra oldu. Maşallah elmdə əjdahadır. Musiqi elmində fəlsəfədə başı yaxşı işləyir, o bizim hamımızı üstələyib, bizdən qabağa gedib. Mən onunla çox, lap çox fəxr edirəm.

Əziz Mustafa

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN