Putin Paşinyanı təbrik etmək niyyətində deyil

0
503

Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyanı bu günə kimi Rusiya prezidenti Vladimir Putin təbrik etməyib.

Arazinfo.com-un verdiyi xəbərə görə, məsələyə aydınlıq gətirən Rusiya Xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bunun səbəbinin Paşinyanda axtarılmasına işarə vurub. Tert.am-ın Putun niyə Paşinyanı təbrik etməyib? sualına Mariya Zaxarova belə  cavab verib: “Mənə elə gəlir ki, bu, sənə dəfələrlə sevmədiyini bildirən kişidən yenidən “Məni sevirsənmi?”,-deyə soruşulmasına bənzəyir”.

Bundan əvvəlki seçkilərdə Rusiya rəhbərliyi qalibi təbrik etmişdi, indi də belə olacaqmı? sualına isə Rusiya XİN rəsmisi bu suala artıq cavab verdiyini deyib. Mariya Zaxarova bununla da Paşinyanın Rusiyanı sevmədiyini və qərbyönümlü siyasət yeritdiyinə dolayısı ilə işarə vurub.

Xatırladaq ki, bu ilin aprelində Ermənistanda keçirilən prezident seçkilərində qalib gələn Sarkisyanı Putin təbrik etmişdi. Vladimir Putindən əlavə Paşinyanı Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri də təbrik etməyib. Yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini icra edən Valeri Semerikov Paşinyanı təbrik edib.

Rusiyadan fərqli olaraq Almaniya, ABŞ, Gürcüstan prezidentləri, o cümlədən Avropa İttifaqının xarici işlər, siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Yohannes Xan, Aİ-nin xarici işlər naziri Federika Mogerini və digərləri Paşinyanı təbrik ediblər.

Əziz Mustafa